İlqar Hüseynli: “Sadəcə, bəzi məmurlar yarıtmaz fəaliyyətlərini ört-basdır etməkdən ötrü belə əsassız arqumentlər səsləndirirlər”
“İsti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz, qəzanın səbəblərini komissiya araşdıracaq”. Xəbər verildiyi kimi, bunu Prezident İlham Əliyev iyulun 4-də ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirə zamanı bildirib.
Ölkə başçısı bununla bağlı bir sıra məqamlara toxunub: “Bu, qəzanın səbəbi ola bilməz. Bəziləri bunu isti hava ilə bağlayırlar. Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür. Yenə də deyirəm, qəza baş verə bilər. Qəzanın fəsadlarının aradan qaldırılması işləri də aparılmalıdır və aparılır. Ancaq bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi - bu, yumşaq desək böyük səhvdir. Bizim indi kifayət qədər enerji gücümüz var. Mən giriş sözümdə bunu qeyd etdim. Təkcə 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılmışdır. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə, isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz”.
Prezident onu da qeyd edib ki, dünyanın heç bir ölkəsində kimsə qəzadan sığortalı deyil: “Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir”.
Həqiqətən də havaların isti keçməsi və istehlakın artması qəzanın baş verməsinə səbəb ola bilməz. Bu baxımdan ölkə başçısının sözügedən fikirləri bu sahəyə məsul olan bəzi məmurların bununla bağlı arqumentlərini alt-üst etdi. Hansı ki, onlar isi havanı bəhanə edib qəzanı məhz bununla əlaqələndirmək istəyirdilər. O üzdən, ekspertlər bunu necə dəyərləndirirlər? Məsələyə münasibət bildirən ekspert İlqar Hüseynlinin sözlərinə görə, ölkə başçısının sözügedən məsələ ilə bağlı səsləndirdiyi arqument tamamilə doğru yanaşmadır: “Həqiqətən də isti hava səbəbindən enerji sistemində bu cür fəsadlar yaranmaz. Sadəcə, bəzi məmurlar yarıtmaz fəaliyyətlərini ört-basdır etməkdən ötrü belə əsassız arqumentlər səsləndirirlər. Nəzərə almaq lazımdır ki, məlum qəza ölkənin iqtisadiyyatına, infrastrukturuna kifayət qədər ziyan vurmuş bir qəzadır. Azərbaycan ötən illər ərzində enerji resurslarının inkişafına, elektrik sistemlərinin qurulmasına dövlət büdcəsindən böyük həcmdə vəsait xərcləyib. Son on il ərzində bu sahənin inkişafına 6 milyard manatdan yuxarı vəsait xərclənib. Sözügedən vəsait hesabına çox ciddi şəkildə infrastrukturun yenilənməsinə nail olmaq mümkün idi. Görünür, burada ciddi korrupsiya hallarına yol verilib. Reallıq ondan ibarətdir ki, bu işdə bəzi məmurlar öz işlərinə məsuliyyətsiz yanaşıblar. Hesab edirəm ki, bütün bunlar əsaslı şəkildə araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır. Məsələ ondadır ki, burada ölkənin iqtisadi məsələləri ilə yanaşı, həm də ölkənin milli təhlükəsizlik məsələlərinin təhdid altında olması aşkar görünür. Nəzərə almaq lazımdır ki, qəza nəticəsində çoxsaylı qurum enerji təchizatından kənarda qaldılar. İsti hava səbəbindən belə halların baş verməsi mümkün deyil. Elə ölkələr var ki, orada havalar Azərbaycandan da sərt isti keçir. Ancaq həmin ölkələrdə belə hallar yaşanmır. Belə olan halda, deməli, nələrsə düzgün deyil və buna məsul olan şəxslər cavab verməlidirlər”.
Vidadi ORDAHALLI