Şəmsəddin Əliyev: “Fikir verdinizsə, bəzi təxliyyə yerlərində polis hansısa əlaqədar qurumları gözləmədən də həmin işləri görürdü”
İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Müşavirədə əlaqədar qurumların başçıları iştirak ediblər. Prezident nazirlərin və rəhbər işçilərin məruzələrini dinləyib.
Ölkə başçısı həmin böhranlı günlər ərzində bəzi qurumların və xüsusilə də polisin işini yüksək qiymətləndirib: “Fövqəladə Hallar Nazirliyi təxliyyə işlərini tez və düzgün şəkildə aparmışdır. Vətəndaşlar metrodan təxliyyə edildi. Liftlərdə qalmış vətəndaşlar təxliyyə olundu. Xilasedicilər çox uğurla fəaliyyət göstərdilər. Daxili işlər orqanları çox operativ şəkildə fəaliyyətə keçmişlər. İlk növbədə, asayişin qorunub saxlanması məsələləri gündəlikdə idi. Eyni zamanda, işıqforların işləməməsi nəticəsində böyük təhlükə var idi ki, şəhər nəqliyyatı idarəolunmaz vəziyyətə düşə bilər. Polis əməkdaşları yol kəsişmələrində uğurlu fəaliyyət göstərərək yol hərəkətini tənzimləyə bilmişlər”. Göründüyü kimi, ölkə başçısı asayişin bərpası ilə məşğul olan və yol hərəkətinin təhlükəsizliyini təmin edən polisin fəaliyyətinə yüksək qiymət verib. Polis bu təqdiredici qiymətləndirməni daha hansı keyfiyyətlərinə görə qazanmış olub?
“Polisə Dəstək” İctimai Birliyinin sədri, hüquqşünas Şəmsəddin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan polisi belə müsbət imici öz peşəkar və əzmkar fəaliyyəti sahəsində qazanıb: “Bildirmək istərdim ki, Daxili İşlər Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq, dövlətin siyasətinin formalaşdırılmasında həm iştirak, həm də onu təmin edir. Bu sahədə bizim polis orqanları beynəlxalq konvensiyalara və ölkə qanunvericiliyinə istinad edirlər. İnsan haqlarına hörmət və digər amillər polis haqqında qanunun tələblərində də yazılır. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan polisi bütün ekstremal hallarda əsl peşəkarlıq nümayiş etdirir. Artıq Azərbaycan polisi bu təcrübəni mənimsəyib. Son hadisələr zamanı da biz bunu aydın şəkildə gördük. Sevindirici haldır ki, bu məsələ ölkə başçısının da diqqətindən qaçmayıb. Belə çətin situasiyalarda elə bir vəziyyət yaranır ki, polis işçiləri vəziyyətə adekvat olaraq xidmət göstərirlər. Nazirliyin, kollegiya üzvlərinin göstərişini gözləmədən belə bu işlər görülür. Fikir verdinizsə, bəzi təxliyyə yerlərində polis hansısa əlaqədar qurumları gözləmədən də həmin işləri görürdü. Mən xüsusilə də bu istiqamətdə nəqliyyatın hərəkətinin nizamlanmasını qeyd edə bilərəm. Adətən belə vəziyyətlərdə işıqforlar işləmir və əsl nəqliyyat xaosu yaranır. Məhz həmin gündə polis böyük fədakarlıq göstərdi. Mən sizə bir faktı da deyim ki, böhranlı günlərlə bağlı statistikaya fikir versəniz görərsiniz ki, məhz həmin günlərdə cinayətlərin, yol qəzalarının sayında azalma var. Təbii ki, burada polisə rəhbərlik edən şəxslərin böyük əməyi var. Çünki bələ təlimatlar polisə mütəmadi şəkildə aşılanmasa, biz bəlli nəticəni ala bilmərik. Əminəm ki, Azərbaycan polisi bu etimadı öz peşəkar fəaliyyətilə daim qoruyub saxlayacaq”.
Məhəmmədəli QƏRİBLİ