Vüqar Rəhimzadə: “Ənənəvi media quruluşlarının davranışında biz lazım olan istiqamətdəki fəaliyyəti gördük” Azər Həsrət: “Bütün bunları cənab Prezidentə qədər Azərbaycan mediası deməli idi”
Azərbaycan mediasının fövqəladə və ekstremal vəziyyətlərdə necə davranması daim müzakirə edilən mövzulardandır. Xüsusilə də bu mövzu baş verən hansısa mühüm hadisədən sonra daha da aktuallıq kəsb etməyə başlayır.
Cərəyan edən proseslərdən görünür ki, Azərbaycan mediasının fövqəladə hallarla bağlı davranışında ciddi irəliləyişlər nəzərə çarpır. Biz bu cəhətləri cəbhədə baş verən hadisələr zamanı daha aydın görə bildik. Məlum olduğu kimi, Mingəçevir Elektrik Stansiyasında baş verən qəza səbəbindən ölkə ərazisində enerji çatışmazlığı yaşanıb. Baş verən hadisəni ölkə başçısı İlham Əliyev birbaşa nəzarətə götürüb. Qəzanın səbəblərinin araşdırılması məqsədilə xüsusi dövlət komissiyası yaradılıb. İyunun 4-də isə ölkə başçısının rəhbərliyi ilə bu mövzuya həsr edilən müşavirə keçirilib. Yaşanan böhran günlərində Azərbaycan mediasının davranışını necə dəyərləndirmək olar?
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə açıqlamasında medianın davranışlarından razı olduğunu bildirdi: “Bilirsiniz ki, heç bir ölkə fəlakətlərdən sığortalanmayıb. Dünyanın ən inkişaf etmiş ölkələrində belə görürsən ki, günlərlə elektrik enerjisi olmur. Azərbaycanda da bənzər bir problem yaşandı və qəzanın fəsadları tez bir zamanda aradan qaldırıldı. Mən çox təəssüf edirəm ki, xaricdən idarə olunan və xaricdəki bəzi dairələrin nəzarətində olan bəzi elektron media nümunələrində biz xaosa, insanların itaətsizliyə sürüklənməsinə çağırış kimi materiallara rast gəldik. Ənənəvi media quruluşlarının davranışında isə biz lazım olan istiqamətdəki fəaliyyəti gördük. Həmin media nümunələri əhalini panikaya qapılmamağa, təmkinli olmağa səslədilər və nəticədə biz qəzanın tez bir zamanda aradan qaldırıldığını və ölkəmizdə normal həyat ritminin bərpa olunduğunu gördük. Mən xüsusilə sosial şəbəkələrdə bəzi şəxslərin təxribata yönəlik fəaliyyətinin şahidi oldum. Sevindirici haldır ki, əhalimiz bu məsələdə də təxribatçıların felinə uymayıb, öz dövlətinin yanında oldu”.
Media eksperti Azər Həsrət isə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, böhran günləri ərzində medianın davranışı onu tam qane etməyib: “Təəssüf ki, Azərbaycan mediası bu imtahandan elə də üzüağ çıxmadı. O boyda qəza olub, ortada bir dənə də olsun normal görüntü yoxdur. Hətta ən ayıb olanı bu idi ki, bəzi media qurumlarımızda baş verənləri normal izah edəcək heç bir ekspert rəyinə rast gəlmədik. Sadəcə olaraq, əksər media qurumlarımız bir tezisi şüurlara yeritməyə çalışdılar ki, bəs, isti olub, avadanlıq dözməyib. Mən bu məsələlərə özümün “Facebook” səhifəmdə fərqli və sərt reaksiya verməyə məcbur oldum. Özü də operativ şəkildə. Qəzanın səbəbinin dövlətin vəsaitlərinin ünvanlı xərclənmədiyi olduğunu qeyd etmişdim. Cənab Prezident də məlum müşavirədə məhz bu yöndə fikirlər səsləndirməklə mənim yanılmadığımı göstərdi. Bütün bunları cənab Prezidentə qədər Azərbaycan mediası deməli idi. Amma geniş anlamda deyilmədi, əksinə, məsələni malalamağa çalışanlar oldu. Hesab edirəm ki, məhz bu cür vəziyyətlərdə mediamız daha operativ olmalıdır”.
Məhəmmədəli QƏRİBLİ