Qulu İsmayılov: “Bu üç ölkə arasında olan münasibətlərin səviyyəsi belə bir layihənin tezliklə reallaşacağına şübhə yeri qoymur”
Tiflisdə keçirilən beynəlxalq “İpək yolu” forumunda çıxışı zamanı Ukraynanın baş naziri Vladimir Qroysman deyib ki, Gürcüstan, Azərbaycan və Ukrayna arasında nəqliyyat dəhlizləri yaradıla bilər. Onun sözlərinə görə, Asiyadan Avropa və Baltik ölkələri istiqamətində ciddi dəhlizlər var: “Ukrayna bu dəhlizlər baxımından etibarlı tərəfdaş ola bilər. Biz Gürcüstan-Azərbaycan-Ukrayna arasında dəmir və dəniz yolu dəhlizləri yarada bilərik”.
Bu təklif Azərbaycanın üçtərəfli formatlarda uğurlu iştirakının nəticəsi ola bilərmi?
Ekspert Qulu İsmayılov qəzetimizə bildirdi ki, Azərbaycan üçtərəfli əməkdaşlıq formatlarında vacib oyunçuya çevrilib: “Region ölkələrilə belə formatlarda gözəl əməkdaşlıq qura bildik. Azərbaycan-Rusiya-Türkiyə, İran-Azərbaycan-Rusiya, Gürcüstan-Azərbaycan-Türkiyə kimi əməkdaşlıq formatlarını buna misal göstərə bilərik. Bu əməkdaşlıqlarda ölkələr həm siyasi, həm də iqtisadi fayda götürmüş olurlar. Hesab edirəm ki, Ukraynanın baş naziri belə formatı da məhz deyilənləri müşahidə etdiyi üçün irəli sürüb. Gürcüstan və Ukrayna ilə əməkdaşlığı genişləndirməyə bizə mane olacaq hansısa amil yoxdur. Hər iki ölkə ilə bizim strateji müttəfiqliyimiz var. Bundan əvvəl də bəzi iqtisadi birliklərdə təmsil edilmişik. Nəqliyyat dəhlizi üçün də projelərimiz reallaşa bilər.
Əslində, bu işin təməli çoxdan qoyulub. Ukrayna, İran, Azərbaycan, Gürcüstan və Polşanın dəmir yolu rəhbərləri 2017-ci il sentyabrın 7-də Odessada Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutunun inkişafı üçün koordinasiya komitəsinin yığıncağının protokolunu imzalayıblar.
Nəqliyyat marşrutunun inkişafı layihəsi Hindistandan, Körfəz ölkələrindən, İrandan, Azərbaycandan, Ukraynadan, Polşadan keçməklə Avropa İttifaqı ölkələrinə və əksinə, konteyner yükdaşımalarının təşkilini nəzərdə tutur. Bundan əlavə, biz üçlü formatda əməkdaşlıq edə bilərik. Yüklər Gürcüstanın dəniz limanlarına maneəsiz keçir, oradan da Qara dəniz vasitəsilə Ukraynaya yola salınır. Olduqca səmərəli təklifdir. Bu üç ölkə arasında olan münasibətlərin səviyyəsi belə bir layihənin tezliklə reallaşacağına şübhə yeri qoymur”.
Məhəmmədəli QƏRİBLİ