Aşşurbanipal Assuriyanın ən qüdrətli padşahlarından biri olub. Arxeoloqların 1850-ci illərdə Sarqonidlər sülaləsinə məxsus dövlət arxivlərini və kitabxanaları açması nəticəsində bu padşahın siyasəti və şəxsiyyəti haqqında xeyli məlumat əldə edilib. Mixi yazılı gil kitabələr həm də Assuriyanın dövlət və diplomatiya tarixinə dair qiymətli mənbələrdir.
E.ə.669-cu ildə padşah Əshərdon oğlu Aşşurbanipala Assuriya taxt-tacını, digər oğlu Şamaş-Şumukinə isə Babil hökmranlığını verib. Aşşurbanipal taxta çıxana qədər, o dövrün qaydalarına əsasən, orduda kəşfiyyat dəstəsinə və inşaat işlərinə rəhbərlik edib. Aşşurbanipal əsl assuriyalı kimi uşaqlıqdan mahir ovçu olması, ox atması ilə fərqlənib. Onu Assuriya padşahlarının daha çox təhsil alanı hesab etmək olar. O, mixi yazı ilə yazmağı və oxumağı yaxşı bilirdi. Padşaha aid sənədlər sübut edir ki, Əshərdon böyük oğlunun igidliyini və ağlını yüksək qiymətləndirirmiş. Məhz buna görə də onu Assuriya taxt-tacının varisi elan edib.
Aşşurbanipalın padşahlıq dövrü Assuriya əleyhinə təşkil olunan ittifaqa qarşı kəskin mübarizə ilə səciyyəvi idi. Aşşurbanipal təcrübəli diplomat olmaqla yanaşı, ehtiyatlı və qəddar olması ilə də fərqlənirdi. Digər Assuriya padşahları kimi, məqsədinə çatmaq üçün o, siyasi intriqalardan məharətlə istifadə edirdi. Aşşurbanipal özü üçün əlverişli olmayan rəqiblərini də aradan götürürdü. Bununla yanaşı, onun ağalığını tanıyanlara qarşı mərhəmətli olmağı da bacarırdı.
Aşşurbanipalın hakimiyyətinin ilk illərində Assuriya padşahlığı üçün beynəlxalq vəziyyət sabit idi. Fəqət bir müddət sonra Assuriyanın Misirlə münasibətləri pisləşdi. Bunun səbəbi Aşşurbanipalın yeritdiyi təcavüzkar siyasət idi. Aşşurbanipal Misirdə hakimiyyət sürən Efiopiya sülaləsindən olan fironların güclü müqaviməti ilə üzləşdi. Onlardan ən inadcılı Taharka idi. Assuriya ordusunun Taharkanı Misirdən qovmasına baxmayaraq, firon çox da uzağa getməyib, Nil çayının əks sahilində düşərgə salır. Şimal ərazilərinin hakimləri içərisində xüsusi nüfuzu ilə seçilən, Sais və Memfis şəhərlərinin hakimi Nexo Taharka ilə danışıqlara girir. Ancaq Aşşurbanipalın adamları Nexonu əsir tutaraq Assuriyaya göndərirlər. Assuriya sarayında Nexo çox böyük hörmət və ehtiramla qarşılanır. Padşah ona bahalı pal-paltar, qızıldan hazırlanmış qılınc, cəng arabası, at və qatır hədiyyə edir. Əlbəttə o, bunu təsədüfən etməmişdi. Aşşurbanipal Misirdə nüfuzlu Assuriyapərəst qrup yaratmaq istəyirdi. Bu məqsədlə o, Nexonu azad buraxmışdı. Nexo öz misirli dostlarının və Assuriya hərbi dəstəsinin köməyilə Taharkaya qalib gələrək, Misir taxt-tacına sahib olur. Aşşurbanipal himayə etdiyi Nexonu Misir hökmdarı kimi tanıyır. Fəqət hər ehtimala qarşı Nexoya nəzarət etmək üçün Misirə özünün assuriyalı canişinini də təyin edir.
Bununla belə, Assuriyanın əsas düşməni Elam dövləti idi. Aşşurbanipal vaxt qazanmaq məqsədilə onunla dostluq münasibəti qurmaq istəyirdi. Ancaq Elam bu cəhdlərə etinasız yanaşaraq, Cənubi Mesopotamiyada Assuriya əleyhinə yönələn üsyanlara dəstək verirdi.
E.ə.663-cü ildə Aşşurbanipalın cənuba doğru yürüşü uğursuzluqla nəticələndi. Tezliklə naməlum səbəblərdən Elam padşahı və üsyan rəhbərləri vəfat etdilər. Bu barədə Assuriya mixi yazılarında belə bir məlumat verilir: "Padşah Ter-Umman əhdinə vəfalı olmadığından, Ay ilahı onu fəlakətə düçar etdi." Görünür, burada Assuriya padşahının intriqaları öz işini görmüşdü. Belə ki, Elamda sülalələrarası mübarizə başlayır. Aşşurbanipal bundan gələcək siyasi oyunlarda istifadə edir. O, Elam taxt-tacına iddiası olan bir neçə nəfərə sığınacaq verir.
E.ə.655-ci ildə Assuriya padşahı gözlənilməz zərbə alır: Misir öz müstəqilliyinin bərpasına cəhd göstərir. Nexonun oğlu Psametin Assuriyaya itaətdən üz döndərir. O, Liviya və yunan muzdlu əsgərlərinin köməyilə Assuriyadan ayrılır. Bu zaman Aşşurbanipal Elamda münaqişədə olduğu üçün ona qarşı qoşun göndərə bilmir.
E.ə.653-652-ci illərdə Aşşurbanipalın qardaşı, Babil padşahı Şamaş-Sumukin öz qardaşının əleyhinə çıxır. Onun Babil əyanları ilə qohumluq əlaqələri var idi. Assuriyada da özünə tərəfdarlar tapmışdı. O, güclü ordu yaradıb, Assuriyadan asılı olan Finikiya, Elam, Misir, Lidiya dövlətlərini də öz tərəfinə çəkməyə nail olmuşdu. Şübhəsiz ki, bu ittifaqda Misir və Elam böyük rol oynayırdı. Yalnız müntəzəm ticarət əlaqələrinin saxlanması üçün güclü hakimiyyətin olmasında maraqlı olan Cənubi İkiçayarasının şəhərləri Assuriyaya sadiq qalmışdılar. Beləliklə, Babil Assuriya əleyhinə yönələn beynəlxalq ittifaq və siyasi çəkişmələr mərkəzinə çevrilmişdi.
Şamaş-Şumukinin gördüyü tədbirlərdən xəbər tutan Aşşurbanipal onu qəsbkar elan edir və müharibəyə hazırlaşmağa başlayır. Assuriya padşahı Babilin əhəmiyyətini yaxşı başa düşürdü. Qədim ticarət və mədəniyyət şəhərinin tabelikdən çıxması onun düşmən ölkələr olan Misir və Elama qarşı mübarizədə əl-qolunu bağlaya bilərdi.
Aşşurbanipal bütün diplomatik tədbirlərdən sonra özü ordunun başında Babilə yürüş edir. Assuriyalılar bununla da elamlıların babillilərlə birləşməsinə mane olurlar. Şamaş-Şumukin döyüşdə məğlub olur. Assuriya ordusu Babili mühasirəyə alır. Babillilərin vəziyyəti ümidsiz idi. Onlara köməyə tələsən Elam ordusu da yolda ikən məhv edilmişdi.
E.ə.648-ci ildə üç illik mühasirədən sonra Babil işğal olunur. Şamaş-Şumukin sarayın yandırılmasını əmr edir və əsir düşməmək üçün özünü odun içərisinə atır. Üsyanın ələ keçirilmiş digər rəhbərləri Aşşurbanipalın əmrilə edam olunur. Aşşurbanipal Babilə xaldeyli Kandalanı "padşah" təyin edir.
Bundan sonra bir çox babillilər viran edilən şəhərdən Elama qaçır. Aşşubanipal hərbi əməliyyatları davam etdirməyin mümkünsüz olduğunu görərək, Yuxarı Elamı idarə edənlər arasında çəkişmələri qızışdırır. O, özünə sərf etməyən hökmdarları aradan götürərək, onların yerinə öz tərəfdarlarını qoyur. Nəhayət, Elamla danışıqlar aparmaq üçün səfirlik yaradır.
Assuriya səfirləri Elama çatan kimi qaçqınların təhvil verilməsini tələb edir. Elam padşahı İndabiqas assuriyalılarla danışıqlar aparsa da, onların şərtlərinin yerinə yetirilməsinə razı olmur. Tezliklə İndabiqas öz ordu başçısı Ummalxaldeş tərəfindən öldürülür. Ummalxaldeş təntənəli surətdə özünü Elam padşahı elan edir. Ancaq Ummalxaldeş Aşşurbanipalın etimadını doğrultmadığı üçün tezliklə taxtdan salınır. Elamda daxili siyasi vəziyyət yenidən kəskinləşir.
Assuriya tərəfindən Elam taxtına Tammarit adlı bir şəxs gətirilir. Tammarit bir müddət Assuriya padşahının əmrlərini yerinə yetirir. Sonra qəflətən Aşşurbanipala qarşı çıxır. Elamda olan Assuriya hərbi qarnizonu məhv edilir. Bu hadisə Assuriya və Elam arasında yenidən hərbi əməliyyatların başlanmasına səbəb olur. Bu müharibədə Elam padşahı öldürülür.
E.ə.639-cu ildə Suz şəhəri Assuriya ordusu tərəfindən tutulur. Şəhər vəhşicəsinə dağıdılır. Elamlılar tərəfindən Babildən əsrlər boyu daşınmış müxtəlif qiymətli əşyalar geriyə-Babilə qaytarılır. Aşşurbanipal öz qələbəsini paytaxt Nineviyada böyük təntənə ilə qeyd edir. Onun mindiyi arabaya at əvəzinə məğlub edilmiş dörd hökmdar qoşulur. Aşşurbanipal öyünürdü ki, padşah Uatenin paltarının soyundurulmasını əmr edib, sonra onun boynuna it kimi xalta keçirtdirib Nineviyanın mərkəzində "tabe edilmiş xalqlar meydanı" adlandırılan Şərq darvazasının qabağında qəfəsə saldırıb.
Lakin Suz şəhərinin Assuriya ordusu tərəfindən tutulması hələ ölkənin tam işğalı demək deyildi. Müharibə davam edirdi. Assuriya əleyhinə düşmən qüvvələr Babil padşahı Hadu-Bel-Şumat ətrafında birləşir. Fəqət Aşşurbanipal qiyamçı hərəkatı yatıra bilir. Habu-Bel-Şumat özünü öldürür. Bütün bunlardan sonra Elam özünün siyasi müstəqilliyini itirərək, Assuriya padşahlığının tərkibinə qatılır.
Bundan sonra Aşşurbanipalın nəzərləri Urartuya və Şimal dövlətlərinə tərəf çevrilir. Burada onu dəmir və mis mədənləri, saysız-hesabsız mal-qara sürüləri və şimalı cənubla, qərbi isə şərqlə birləşdirən ticarət yolları cəlb edirdi. Van padşahlığına Assuriya kəşfiyyatçıları və diplomatları göndərilmişdi. Onlar Urartu padşahının və onun müttəfiqlərinin hər bir hərəkətini izləyirdilər.
Assuriyalı bir diplomatik nümayəndə Urartu padşahlığı haqqında belə xəbər verirdi: "Andiya və Zakariya ölkəsinin səfirləri buraya gəliblər. Onlar bu ölkənin sakinlərinə bildiribər ki, Assuriya padşahı Urartu əleyhinə müharibəyə hazırlaşır. Məhz bu səbəblə onlar Urartuya hərbi ittifaqa girməyi tövsiyə edirlər." Daha sonra göstərilir ki, hərbi şurada ordu başçılarından biri Assuriya padşahını öldürməyi belə təklif edib...
Assuriya və Urartu arasındakı mübarizə yüzillər boyu davam edib. Ancaq bu mübarizə nəticəsiz qalıb. Assuriyanın onlara qarşı qəsbkarlıq siyasətinə, urartuluların məğlubiyyətinə, Assuriya diplomatiyasının gücünə baxmayaraq, Urartu dövləti öz müstəqilliyini saxlamağa və özünün güclü düşmənindən belə bir qədər çox yaşamağa nail olub.
Aşşurbanipalın ömrünün son illəri haqqında məlumat çox azdır. Onun haqqında yazılan salnamələr e.ə.636-cı ildə qurtarır. Belə ehtimal olunur ki, təqribən e.ə.636-cı ildə o, ya hakimiyyətdən uzaqlaşdırılıb, ya da özü hakimiyyətdən imtina edərək, ömrünün son günlərini Şimali Mesopotamiyanın Xarran şəhərində keçirib.
Aşşurbanipalın hakimiyyət illərində Assuriya Yaxın və Orta Şərqin bir çox ölkələrini tutmaqla, özünün qüdrətli və möhtəşəm dövrünü yaşayıb. Assuriya padşahlığının ərazisi Urartu ilə sərhədlərdən başlayaraq Nubiyaya qədər, Kipr və Kilikiyadan tutmuş Elamın şərq sərhədlərinə qədər geniş torpaqları əhatə edib. Assuriya şəhərlərinin böyüklüyü, sarayın gözəlliyi, tikililərin möhtəşəmliyi nə vaxtsa qədim Şərq ölkələrində gördüyümüzdən də mükəmməl idi. Assuriya padşahı şəhərdə arabada gəzərdi. Arabalara at yerinə dörd əsir qoşulardu. Küçələrə məğlub edilən hökmdarların salındığı qəfəslər qoyulardı.
Bununla belə, düşmən ittifaqlarının günü-gündən çoxalması və onlarla mübarizə, fasiləsiz müharibələr Assuriyanı zəiflədirdi. Şimal və şərqdən müxtəlif xalqların basqınları üzündən Assuriyanın vəziyyəti getdikcə ağırlaşırdı. Assuriya bu təzyiqlərə dözmədi. Şərqlə beynəlxalq münasibətlərdə özünün rəhbər rolunu itirdi. Tezliklə yeni işğalçılar üçün qurbana çevrildi.
Aşşurbanipal e.ə.633-cü ildə vəfat edib. Məhz elə bu zamandan etibarən Assuriya tarixinin yeni dövrü başlanır. Bu dövr Assuriya dövlətinin dağılmasına doğru gedən çəkişmələrlə səciyyəvidir.
Aşşurbanipal yazılarında özünü qayğıkeş hökmdar, elmə və incəsənətə yiyələnmiş müdrik və maraqlı bir adam kimi təqdim edir. Fəqət salnaməçilərin təsdiq etməsinə baxmayaraq, o, heç vaxt hərbi yürüşlərdə şəxsən iştirak etməyib. Aşşurbanipal öz dövrü üçün çox nadir sayılan mövhumatçılığı ilə də fərqlənib.
Aşşurbanipal yaxşı təhsil alıb. Onun əmri ilə Nineviyadakı sarayında böyük bir kitabxana yaradılıb. Burada 20720 mixi yazılı lövhəcikdə elm və ədəbiyyatın özünəməxsus ensiklopediyası toplanıb. Aşşurbanipal daim kitabxananın zənginləşdirilməsinə çalışıb, kitablar üçün mövzuları belə özü seçib. Nineviya kitabxanası 1840-cı illərin sonu - 1850-ci illərin əvvəllərində arxeoloqlar O.Leyyad və O.Rasam tərəfindən aşkarlanıb. Onların, demək olar ki, hamısı hazırda Londonun Britaniya muzeyində saxlanır. E.ə.612-ci ildə midiyalılar Nineviyanı tutarkən padşah sarayı şiddətli yanğından məhv olub. Sarayın yuxarı hissəsinin uçması nəticəsində kitabxana daş və digər inşaat zibillərinin altında qalıb. Arxeoloqlar burada qazıntı işləri apararkən çoxlu gil lövhəciklər aşkara çıxarmışdılar. Divarlar boyu düzülmüş rəflər yıxılmış və şiddətli yanğın gil lövhəcikləri bişirmişdi. Nəticədə dünyanın ilk kitabxanası sonrakı dağıntılardan qorunub. Bu kitabxana Aşşurbanipalı dünyada, hökmdardan daha çox, ilk kitabxananın banisi kimi şöhrətləndirib.
Fazil QARAOĞLU professor