Avropa Birliyinin Rusiyaya qarşı təklif etdiyi 21-ci sanksiya paketinə 170 yeni şəxs və qurumun əlavə edilməsi daxildir. “Reuters” agentliyinin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, siyahıya daxil edilməsi planlaşdırılanlar arasında 90 bank da var.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı, Rusiyaya qarşı yeni sanksiya paketinin bir hissəsi olaraq, Ukraynadakı əməliyyatda xidmət etmiş bütün Rusiya vətəndaşlarının AB-yə girişini qadağan etməyi təklif edib.
“İlk dəfə olaraq, müharibənin əvvəlindən bəri Rusiya silahlı qüvvələrində xidmət edənlərin Avropa İttifaqına girişini qadağan etməyi təklif edirik” – deyə fon der Leyen bildirib.
Digər tərəfdən, yeni sanksiya paketinin əsas hədəflərindən biri də Yaxın Şərqdəki müharibə səbəbindən qlobal neft qiymətlərinin artması fonunda Rusiyanın enerji gəlirlərini məhdudlaşdırmaqdır. Brüssel yanvar ayına qədər Rusiya xam neftinin qiymət limitini barel üçün təxminən 44 dollar səviyyəsində müəyyən etməyi planlaşdırır. Bu, Rusiyanın artan neft qiymətlərindən əlavə gəlir əldə etməsinin qarşısını almağı hədəfləyir.
Bu mexanizmi dəstəkləmək üçün AB, Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi iddia edilən “kölgə donanmasına” aid daha 30 neft tankerini sanksiya siyahısına əlavə etməyi planlaşdırır. Paket həmçinin kriptovalyuta platformalarını, bankları və sanksiyalardan yayınmağı asanlaşdırdığı düşünülən üçüncü ölkə neft treyderlərini hədəf alacaq.
Tahir TAĞIYEV