ABŞ prezidenti Donald Trampın Hörmüz boğazında baş verən “Apaçi” helikopterinin qəzasına "cavab verəcəyik" açıqlamasından sonra Amerika ordusu İrana qarşı qisas əməliyyatı keçirib.
İran mediası ABŞ ordusunun hücuma başladığını elan etməsindən sonra Qeşm və Cask adalarında partlayış səsləri eşitdiyini bildirib.
“Axios”a danışan ABŞ-ın yüksək vəzifəli rəsmiləri ABŞ ordusunun bir neçə İran hava hücumundan müdafiə batareyasına və radar sisteminə hücumlar təşkil etdiyini iddia etdilər. Rəsmilər hücumların Hörmüz boğazı ətrafında baş verdiyini iddia etsələr də, əməliyyatın əhatə dairəsi ilə bağlı detalları paylaşmayıblar.
İran dövlət televiziyası ABŞ-ın Hormozqan əyalətinin Sirik şəhərindəki iki su anbarını hədəf aldığını açıqlayıb. ABŞ-ın hücumları nəticəsində bölgədə su çatışmazlığının yarandığı bildirilib. Dövlət televiziyası həmçinin hücumlarda Qeşm adasındakı heç bir ticarət limanının hədəf alınmadığını açıqlayıb. İran Buşehr əyalətinin cənubunda ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatını (PUA) vurduğunu da açıqlayıb.
İranın xarici işlər naziri Arakçi isə bildirib ki, Teahran heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq. Hücumun ardından İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-ın 5-ci Donanmasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. SEPAH ABŞ-ın ölkənin cənubuna hücumlarına cavab olaraq İordaniyadakı Müvəffəq Saltı hərbi bazasına da raket zərbələri endirdiyini açıqlayıb.
Küveytə də hücum olub. Küveyt ordusu ölkəyə edilən hücum səbəbindən hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb. Ancaq hücumların mənbəyi və ya xarakteri barədə ətraflı məlumat verilməyib, lakin vətəndaşlar təhlükəsizlik təlimatlarına əməl etməyə çağırılıb.
Tahir TAĞIYEV