Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 72 kiloqrama yaxın marixuana və 5687 ədəd metadon həbi aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 50 yaşlı Mətanət Qaffarova və onunla birlikdə narkotiklərin qanunsuz dövriyyəsində iştirak edən 25 yaşlı Nurlan Gorodalov saxlanılıblar.
Araşdırma zamanı N.Gorodalovun idarə etdiyi "Chevrolet" markalı avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 72 kiloqrama yaxın marixuana və 5687 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Müəyyən edilib ki, saxlanılan şəxslər ölkəyə paraplan uçuş aparatı vasitəsilə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələrin satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb. M.Qaffarova və N.Gorodalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.
ZÜMRÜD