Ukrayna Rusiya daxilində Çuvaşiya ərazisinə raket zərbəsi endirib. Bu barədə respublikanın rəhbəri Oleq Nikolayev açıqlama verib və paytaxt Çeboksarıya səhər saatlarında raket hücumu edildiyini bildirib.
Hücum nəticəsində 3 nəfərin yaralandığını deyən Nikolayev bildirib ki, hazırda zədələnmiş infrastrukturun sayı dəqiqləşdirilir. Hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini artırıb və əhalini sakit qalmağa, potensial təhdidlərə qarşı ayıq-sayıq olmağa çağırıb.
Yerli teleqram kanallar Çeboksarıda müdafiə müəssisəsinin vurulduğunu bildirib. Obyektdə güclü partlayışdan sonra yanğın başlayıb. Qeyd edilir ki, zavodun inzibati binası hədəf alınıb. "VNIIR-Progress" zavodu kruiz raketləri və ballistik raketlər (məsələn, "İskəndər-M" raket sistemi), müxtəlif növ pilotsuz uçuş aparatları və hətta "Şahad" dronları üçün naviqasiya avadanlığı və hissələri istehsal edir.
Bundan əlavə, şirkət Qlonass sistemləri üçün peyk GNSS qəbulediciləri və antenalarının, eləcə də elektron müharibə sistemlərinə müdaxilə edən antenaların istehsalında da ixtisaslaşıb.
Çuvaşiya Respublikasının rəhbəri Oleq Nikolayev də Çeboksarıdakı strateji obyektlərin hava hücumlarına məruz qaldığını etiraf etdi. "Zədələnən obyektlərin sayı hələ müəyyən edilməyib", - deyə o bildirib.
İddialara görə, Ukrayna hücumu ən azı iki “Flamingo” raketi ilə həyata keçirib.
Tahir TAĞIYEV