Qüdrətli Atabəylər dövlətinin qurucusu, məşhur sərkərdə Şəmsəddin Eldənizin maraqlı taleyi olub. Tarixi mənbələr onun gəncliyinin əzab-əziyyət içərisində keçdiyindən xəbər verir. Tarixin yaddaşında qalan məlumatlardan birində deyilir ki, qədimdə el adətinə görə bir dəfəyə 40 qul alana axırıncını pulsuz verərmişlər. XII əsrin əvvəllərində Dərbəndin qul bazarında bir qul alverçisi 39 qul satıb, sonuncu üçün pul almayıb. Həmin qul Eldəniz olub.
Tacir qulları arabalara doldurub Həmədana doğru yol alıb. Hava çox isti olduğuna görə araba karvanı gecələr yol gedər, gündüzlər dincələrmiş. Qulların ən kiçiyi və zəifi olan Eldəniz yolda bir neçə dəfə yuxulu halda arabadan yıxılıb, hər dəfə də onu qaldırıb arabaya qoyublar. Fəqət bir dəfə də yıxıldıqda, artıq ona məhəl qoymayıblar, araba kərvanı sürüb gedib. Səhər gözlərini açıb ətrafında sonsuz səhranı görən Eldənizi dəhşət bürüyüb. İraq Səlcuq sultanlığının paytaxtı Həmədan şəhərinə doğru uzanan tozlu-torpaqlı karvan yolu ilə yarıçılpaq, arıq və çəlimsiz olan bu gənc karvanın ardınca irəliləməyə başlayıb. Susuzluq və aclığın taqətdən saldığı bu gənc bütün güc və iradəsini toplayaraq hərəkət edirdi. Başqa yolu da yox idi. Əgər axşama kimi karvanı haqlamasa, ya qurd-quşa yem olacaq, ya da aclıq və susuzluqdan öləcəkdi. O: "Nəyin bahasına olursa-olsun karvana çatmalıyam. Vicdansız tacir mənim görkəmimə baxıb, bir işə yaramayacağımı düşünüb və yuxulu halda arabadan yıxılanda məni qoyub gedib. Bu rəhmsiz insan bilmir ki, mən əvvəllər heç də indiki kimi miskin qul olmamışam. Adlı-sanlı türk tayfa başçılarının birinin sevimli oğlu kimi naz-nemət içərisində böyümüşəm. Amma sonradan qanlı döyüşlər zamanı əsir alınıb Dərbəndin qul bazarına sürülmüşəm. Həmədan böyük şəhərdir, hər halda mən orada özümə bir gün ağlayacayam" - deyə ürəyində özü-özü ilə danışır. Eldənizi dəhşət bürümüşdü. Fəqət tezliklə özünü ələ alıb və axşama yaxın karvana çatıb. Karvandakılar bu gəncin diribaşlığına, cəsarətinə heyran qalıblar.
İraqda Səlcuq sultanının vəziri Sümeyrə qulları alarkən Eldənizi bəyənməyib və onu almaqdan imtina edib. Fəqət Eldənizin kövrəlməsi və yalvarması vəziri yumşaldıb. Bir zaman sonra vəzir ismaillilər tərəfindən qətlə yetirildikdə onun var-dövləti ilə birlikdə qulları, o cümlədən Eldəniz də Sultan Mahmudun ixtiyarına keçib. Sultan Eldənizin qabiliyyətini, ağıllı olduğunu görüb ona hərbi təlim verilməsini tapşırıb. Eldəniz at minməkdə, qılınc oynatmaqda başqalarına nümuə olub. Sultanın əmri ilə ona ərəb və fars dillərini, ilahiyyatı və digər elmləri öyrədiblər. Çox keçmədən onu sultan mətbəxinin başçısı təyin ediblər. Bu o dövrə görə çox şərəfli və etimadlı bir vəzifə hesab olunurdu. Sultan Mahmud öləndə Eldəniz bu vəzifədə çalışırdı.
Sultan Mahmudu əvəz edən Sultan II Toğrul Eldənizin sədaqət və səmimiyyətinə inanıb. Onu şəxsi mühafizə dəstəsinə daxil edib. Öz kiçik oğluna qəyyum seçmək vaxtı gələndə isə II Toğrul çox düşünmədən Eldənizi Arslan şahın qəyyumu təyin edib. Eldəniz həm də sultanın xanımı Möminə xatunun dərin rəğbətini qazanıb. Bu xanımın məsləhəti ilə saray çəkişmələrindən uzaq olaraq tezliklə əmir rütbəsinə yüksəlib. Bir müddət sonra II Toğrul vəfat edib. Onun yerinə qardaşı Məsud keçib. Sultan Məsud Eldənizi II Toğrulun dul xanımı Möminə xatunla evləndirib. Həmin qadından Eldənizin iki oğlu, bir qızı olub. Oğlanları Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan ata tərəfini uca tutan, ata-anaya layiq övladlar kimi böyüyüb, onun vuran əli, döyünən ürəyi olublar.
1136-cı ildə Sultan Mahmud Arranı Eldənizə bağışlayaraq ona "Şəmsəddin," yəni "Dinin günəşi" titulunu verib. O, Bərdədə yerləşən iqamətgahına gəlib və tezliklə öz müstəqilliyinə nail olub, möhtəşəm bir dövlətin qurucusuna çevrilib. Sonralar bu dövlət onun adı ilə Eldənizlər dövləti adlandırılıb. 1141-ci ildə Eldəniz Səlcuqların Azərbaycan hakimi Qara Sunqurun vəfatından sonra bütün Azərbaycanın, o cümlədən Arran, Gəncə və Ərdəbilin idarəçiliyini də ələ keçirib. Yəni Eldəniz Azərbaycanın şimal və cənub torpaqlarını yenidən birləşdirə bilib. İsfahandan Şirvan və Gürcüstanadək uzanan ərazi onun hakimiyyətinə keçib. Bununla da Eldəniz dövlətinin təşəkkül prosesi başa çatıb və o, Yaxın Şərgin qüdrətli dövlətinə çevrilib. Eldənizin yaratdığı bu dövlətin ərazisi genişləndikcə, hökmü də güclənib. O, öz əqidəsinə sadiq qalaraq xalqın dərin hörmət və ehtiramını qazanıb. Təbiətən mülayim, sülsevər və əmin-amanlığı qoruyan Eldəniz həm də cəsarətli, sözünün sahibi, ciddi və tələbkar bir dövlət adamı idi.
Sultan Mahmudun vəfatından sonra İraq Səlcuq sultanlığının daxilində siyasi vəziyyət kəskinləşir. Onun varisləri hakimiyyət uğrunda mübarizə aparır. Hakimiyyət Sultan Məhəmmədin əlinə keçir. O, Eldənizi öz hakimiyyəti üçün əsas təhlükə hesab etdiyinə görə narazı əmirləri öz ətrafında toplayaraq güclü ordu ilə qəflətən Azərbaycana hücum edir, Araz çayı vadisində davam edən bir neçə günlük döyüşdə Eldəniz məğlub olur. O, Azərbaycan hakimliyindən imtina edərək, yalnız Arranın idarəçiliyi ilə kifayətlənir... Bir neçə ildən sonra yenidən bütün Azərbaycan üzərində hakimiyyətini geri qaytarmağa müvəffəq olur. Onun səyi ilə İraq Səlcuq Sultanı Sultan Süleyman II Toğrulun oğlu Arslan şahı Taxta-taca qanuni varis elan edir.
1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində öldürülür. Arslan şah taxta çıxmalı olur. Bu hakimiyyəti möhkəmləndirmək, eləcə də İraq Səlcuq sultanlığının idarəsini öz əlində saxlamaq üçün Eldəniz 1160-cı ilin noyabr ayında 20 minlik ordu ilə Həmədana gəlir. Əyanlar, əmirlər və sadə xalq onu ehtiramla qarşılayır. Tacqoyma mərasimindən sonra oğulları Arslan şahı sultan elan edir. Həmin gündə Şəmsəddin Eldəniz "Böyük Atabəy" adlandırılır. Onun böyük oğlu Məhəmməd Cahan Pəhləvan əmirlərin böyüyü, kiçik oğlu Qızıl Arslan isə ölkənin baş komandanı təyin edilir. Hamısı əlbir, dilbir olur, bir-birinə arxa durur. Eldəniz özünün bütün əmirlərini mühüm dövlət vəzifələrinə təyin etdirir.
Atabəy Eldəniz faktiki olaraq İraq Səlcuq sultanlarının hakiminə çevrilir. İraq sultanlığına daxil olan ölkələrin və vilayətlərin hakimləri ona sədaqət andı içir. Əslində Sultan Arslan şah Eldənizin məsləhəti ilə hərəkət edir, onun fikirlərini həyata keçirirdi. Eldəniz isə ağıllı, müdrik siyasət yeridir, tabe olmaq istəməyən bütün vilayət hakimlərini itaətə gətirirdi.
Şəmsəddin Eldəniz ən parlaq qələbəni Həmədan, Rey və Qəzvin döyüşlərində qazanır. Bu qələbələrdən qorxuya düşən əmirlərin çoxu Eldənizdən vassal asılılığını qəbul etməli olur. Eldəniz "nigah diplomatiyası"na da əl atır, barışmaz müxalifətçi Rey hakimi İnancın qızı Qüteybə xatunu oğlu Məhəmməd Cahan Pəhləvana alır.
Atabəy Şəmsəddin Eldəniz Cənubi Qafqazdan İran körfəzinədək uzanan geniş torpaqlara sahib olur, qüdrətli bir dövlət yaradır. Onun idarəsi altında olan torpaqlar Tiflisdən Məkrana qədər olan əraziləri əhatə edirdi. Azərbaycan, Arran, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey də ona tabe idi. Mosul, Kirman, Fars atabəyləri, Şirvan, Xuzistan, Hilat və Xnus hakimləri vassal kimi onun adına pul kəsdirirdilər. Eldənizin yaratdığı qüdrətli Azərbaycan türk dövləti - Eldənizlər dövləti şərəfli tariximizdə özünəməxsus yer tutur. Talanlardan, aramsız müharibələrdən cana doymuş xalq rahat nəfəs alır, qurub-yaratmaqla məşğul olur. Ölkə çiçəklənir, əkinçilik, ticarət və sənətkarlıq inkişaf edir. Atabəy Eldəniz elm və sənət adamlarına qayğı göstərir, mədəniyyətin inkişafına şərait yaradır.
Şəmsəddin Eldəniz ölkəmizin qərb sərhədləri üçün təhlükə törədən gürcü çarı ilə də haqq-hesab çürütməli olur. Gürcülərin 1161-ci ildə Ani, Dəbil və Gəncə şəhərlərinə dağıdıcı hücumlarına cavab olaraq Eldəniz 1163-cü ildə güclü qoşunla Gürcüstan üzərinə yürüş edir. O, əvvəlcə gürcüləri Dəbildən qovub çıxarır, gürcü çarı III Georgini ağır məğlubiyyətə uğradır. Həmin yürüşün iştirakçısı olan Azərbaycan tarixçi-salnaməçisi belə yazırdı: "Gürcülər biabırcasına məğlub oldular. Onlardan o qədər qənimət ələ keçirildi ki, sayı-hesabı yox idi. Axurları gümüşdən düzəldilmiş çar tövləsi ələ keçirilmişdi. Çarın gümüşdən tökülmüş iri çənlərdən ibarət olan çaxır anbarı da tutuldu. Bu çənlərin göndərilməsindən ötrü xüsusi arabalar da lazım gəlirdi. Bunlardan birini sultana göndərdilər. Sultana bununla birlikdə o vaxt tədavüldə olan 2000 dinar pul da göndərdilər. O, qızıl və gümüşdən düzəldilmiş çənləri Həmədana yolladı ki, adamlar ondan su içsin.
Bir neçə döyüşdə dalbadal sarsıdıcı məğlubiyyətə uğrayan gürcülər sakitləşdilər. 1175-ci ildə ölkəmizin qərb sərhədlərində vəziyyət sabirləşdi, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Şərq sərhədlərində də vəziyyət sabit deyildi. Nişapur və Rey hakimləri Eldənizlərin itaətindən çıxaraq Xarəzmşahların tərəfinə keçmişdilər. Bu xəbəri eşidən Eldəniz güclü qoşunla Reyə yürüş etdi. Xarəzmşahlarla Əmir İnancın birləşmiş qüvvələri məğlub edildi. Əmir İnanc Rey qalasında gizlənərək öz vəzirini Eldənizlə danışıqlar aparmağa göndərdi. Eldəniz Rey hakiminin dəfələrlə nankorluğunun şahidi olmuşdu. İndi dar ayaqda yenə hiylə işlətdiyini yaxşı başa düşürdü. O, deyirdi: "Əmir İnancın bizə etdiyi pislikləri mən dəfələrlə bağışladım. Hətta aramızda qohumluq münasibətləri də yaratdım. Ancaq bu qudurmuş əmir mənim etdiklərimə əvəz olaraq həmişə itaətdən çıxmağa cəhd edib, düşmənlərimlə birləşib. Bu dəfə ona aman yoxdur." Eldənizin qətiyyəti burada da özünü göstərdi. O, Əmir İnancla danışıqlardan imtina edərək vəzirə dedi: "Sən hesab edirsən ki, İnanc mənimlə sülh bağlayacaq və sən də onunla Reydə qalacaqsan. Bu heç bir zaman olmayacaq! Sən iki yoldan birini seçə bilərsən. Ya öz ağlınla ölkəndə qalmalısan, bu halda hər ikiniz sağ qala bilərsiniz. Ancaq belə olsa, sən ömrünü mərhumiyyət içində keçirərsən. Ya da mənim tərəfimə keçib, onun məhv edilməsi üçün əlindən gələni əsirgəməməlisən. Rey, İsfahan və Azərbaycan hakimi olan oğlum Cahan Pəhləvanın yanında qalarsan. Əgər bu yolu seçsən, mən öz vədlərimi həyata keçirməyə and içib söz verirəm." Vəziyyəti belə görən vəzir Eldənizin tərəfinə keçdi və İnancı aradan götürdü. Beləliklə, Eldəniz diplomatiyası "Rey problemi"ni də müvəffəqiyyətlə həll etdi.
Bu əminamanlığın hökm sürməsində Eldənizin həyat yoldaşı Möminə xatunun da böyük xidmətləri olub. "Səlcuqlular tarixi" əsərinin müəllifi Sədrəddin əl-Hüseyninin yazdığına görə, Sultan Arslan öz atalığı Şəmsəddin Eldənizdən şikayətləndikdə anası Möminə xatun belə cavab verib: "Fikir vermə! Bu adam öz həyatını təhlükə altına ataraq çoxlu amansız döyüşlərə başlayıb. Bundan başqa, o səni sultan taxtına oturdana qədər öz var-yoxunu xərcləyibş, öz qulamlarını və tərəfdarlarını ölümə göndərib, iki oğlu ilə sənin qulluğunda duraraq düşmənləri xar edib. Onun bütün etdikləri sənin hakimiyyətini, sənin qüdrətli dövlətini möhkəmləndirmək xatirinə edilirdi!.."
Eldəniz öz ömür-gün yoldaşı, müdrik qadın Möminə xatuna həmişə sadiq olub, onu özünə sirdaş, arxa, dayaq hesab edib. Bu uzaqgörən və tədbirli xatun 1175-ci ilin oktyabr ayında vəfat edib. Ülvi bir məhəbbətlə sevdiyi bir insanın vəfatı Eldənizi bərk kədərləndirib. O, Naxçıvanda Möminə xatuna əbədi bir abidə ucaltmağa qərar verib. Fəqət Möminə xatunun vəfatından iki ay sonra - 1176-cı ildə Eldəniz də vəfat edib. Onun yerinə keçən oğlu Məhəmməd Cahan Pəhləvan atasının bu arzusunu yerinə yetirib. Görkəmli Azərbaycan memarı Əcəmi Əbubəkir oğlu Naxçıvani Möminə ana üçün müasir bir türbə inşa etdirib. Öz gözəlliyi və bənzərsizliyi ilə bu gün də Azərbaycan memarlığı tarixində şərəfli yer tutan Möminə xatun türbəsi Şəmsəddin Eldənizə və Möminə xatuna əbədi məhəbbət abidəsidir.
Ruhları şad olsun!
Fazil QARAOĞLU professor