Ötən ayın əvvəlində Ermənistanda keçirilən parlament seçkilərində bu ölkə hakimiyyəti istədiyi nəticələri əldə etsə də, yol verilən saxtakarlıqlar rəsmi İrəvan üçün artıq ciddi problemlər yaratmağa başlayır. Belə görünür ki, Qərb ölkələri seçkilərin gediş və nəticələrindən razı qalmayıb. Bunun ümdə səbəblərindən biri parlament seçkilərində ancaq Rusiyameylli qüvvələrin qalib gəlməsinə imkan verilməsidir.
Xatırladaq ki, hazırda Ermənistan parlamentində hakim Respublika Partiyası 58, "Tsarukyan" bloku 31, "Çıxış" bloku 9, "Daşnaksütyun" isə 7 deputatla təmsil olunur. Yeni konstitusiyaya əsasən, parlament 105 deputatdan formalaşıb. Beləliklə, Ermənistan parlamentində daha çox iki qrupun yer aldığı göz önündədir. Onlardan biri Respublika Partiyasıdır. Bura indiki prezident Serj Sarkisyan və baş nazir, milyarder Karen Karapetyan daxildir. Baş nazir Karen Karapetyan Respublika Partiyasından deputat olub. Qarşı tərəfdə isə milyarder sayılan Haqik Tsarukyan durur. Onların hər ikisinin eyni mərkəzə, yəni Moskvaya bağlı olduğu məlumdur. Başqa sözlə, Ermənistanda parlamentdəki perspektiv müxalifət və hökumətin daha çox Rusiyayönlü olduğunu qabarıq şəkildə göstərir. Moskva Ermənistan parlamentindəki qüvvələrdən artıq tam arxayındır. Digər tərəfdən, məhz Respublika Partiyası ilə "Tsarukyan" bloku seçicilərin ələ alınması üçün böyük həcmdə pul paylayıb.
Hazırda Ermənistanda əsas hakimiyyət qoluna çevrilən parlamentdə yer alan qüvvələr, ABŞ başda olmaqla, Qərb ölkələrinin maraqlarına cavab vermir. Bu mənada onlar Ermənistana qarşı müəyyən tədbirlər görməyə hazırlaşır və bunun üçün yetərincə əsas var. Məsələn, elə seçki saxtakarlığı, seçicilərin pulla ələ alınması Qərb ölkələrinə Ermənistana qarşı müəyyən addımlar atmağa yetərincə əsas verir.
Qeyd edək ki, Ermənistanda parlament seçkilərində səsvermə zamanı iki minə yaxın qanun pozuntusu qeydə alınıb. Parlamentdə yer uğrunda mübarizəyə qoşulan bloklardan üçü seçkinin nəticələri ilə razılaşmayıb. Ermənistanın sabiq prezidenti Robert Köçəryan da seçkilərin gedişindən narazı qalanlardandır: "Parlament seçkilərində ideoloji mübarizənin heç bir əhəmiyyəti yox idi. Burada güc metodundan istifadə ilə pul kisələrinin mübarizəsi gedirdi". Onun sözlərinə görə, əksər seçicilər elə çətin sosial vəziyyətdədir ki, puldan imtina edə bilməzdilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının parlament seçkilərinin yekunları ilə bağlı bəyanatı da sərt tənqidlər üzərində qurulmuşdu: "Ermənistanda keçirilən parlament seçkiləri zamanı səslərin satın alınması, dövlət qulluqçularına və özəl şirkətlərin əməkdaşlarına təzyiqlər edilməsi ilə bağlı məlumatlar qeydə alınıb". Bəyanatda bildirilirdi ki, bu faktlar cəmiyyətin seçkilərə olan inam və etimadını azaldıb. Hüquqi və təşkilati dəyişikliklərə baxmayaraq, bu seçkilər ölkədə seçki prosesinin etibarlılığına olan şübhələri aradan qaldırmayıb: "Şikayətlərə baxılması proseduruna etimadsızlıq səbəbindən qanun pozuntuları ilə bağlı ictimaiyyətə məlumat vermək istəyi yoxdur. Məhkəmə orqanları, seçki idarəçiliyi orqanları və hüquq-mühafizə orqanlarının müstəqil olmaması və onların şikayətləri yoxlamaqla bağlı fəaliyyətləri hüquqi yardım göstərilməsi işinin effektivliyini azaldır. Media qurumlarının sahibləri tərəfindən media materiallarının yayımı məhdudlaşdırılıb. Bu isə hökumətin fəaliyyəti haqqında vacib informasiyaların yayılmasına mane olur". ATƏT DTİHB-in bəyanatında o da qeyd olunur ki, Ermənistanın beynəlxalq QHT-lərə seçkiləri müşahidə etməyə icazə verməkdən imtina etməsi ölkənin ATƏT qarşısındakı öhdəliklərinə ziddir.
ABŞ-ın Ermənistandakı səfirliyi də bildirirdi ki, parlament seçkilərində əksər seçicilərin səsləri pulla satın alınıb. Bəziləri isə seçimini təzyiq altında edib. Səfirliyin yaydığı bəyanatda bildirilirdi ki, seçkidə qanun pozuntuları kifayət qədər olub. Bunu aradan qaldırmaq üçün səfirlik Ermənistan hökumətini, partiyaları və vətəndaş birliklərini mövcud və ya yeni hüquqi müxanizmlərin istifadəsi ilə birgə işləməyə çağırıb. Avropa Birliyinin də Ermənistanda keçirilən parlament seçkilərinin yekunu ilə bağlı mövqeyi oxşardır.
İndi bütün bunlar fonunda Qərb tam Rusiyameylli qüvvələrin formalaşdığı erməni iqtidarına qarşı müəyyən addımlar atmağı düşünür. Hər halda, ABŞ-ın İrəvandakı səfiri Riçard Maylsın verdiyi açıqlamalar da bunu təsdiq edir. Səfir bildirib ki, Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkiləri zamanı seçicilərin pulla ələ alınmasında əli olanların və seçki prosesinə əngəl yaradanların ABŞ hökumətinin maliyyələşdirdiyi və təşkil etdiyi tədbirlərdə iştirakına qadağa qoyulur. O qeyd edir ki, seçkilərdə seçicilərin kütləvi ələ alınması, inzibati resurslardan istifadə halları qeydə alıblar: "ABŞ səfirliyinin qeydə aldığı bu faktlar digər beynəlxalq müşahidəçilərin qiymətləndirmələri ilə üst-üstə düşür. Biz hökuməti bu faktların və məlumatların araşdırılmasına çağırmışıq". Riçard Mayls bir daha əlavə edib ki, Ermənistanda seçki prosesinə əngəl yaradanlar və seçicilərin ələ alınmasını təşkil edənlər bundan sonra ABŞ hökumətinin maliyyələşdirdiyi və təşkil etdiyi proqramlarda iştirak etməyəcək.
Bir daha qeyd edək ki, Ermənistanda seçicilərin ələ alınması hakim Respublika Partiyası ilə "Tsarukyan" bloku tərəfindən həyata keçrilib. ABŞ səfirinin açıqlaması isə onu göstərir ki, Vaşinqton məhz bu qüvvələri hədəfə alır.
Tahir TAĞIYEV