Ramil Məmmədli: “Trampın bütün bu oyunlarında başlıca məqsəd Avropa dövlətlərini müharibəyə cəlb etməkdir”
“Mənim mövqeyim belədir: mən ölkəni (İranı nəzərdə tutur) məhv etdim”. Bunu ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı haqqında danışarkən deyib.
“Onların artıq gücü qalmayıb və qoy bu boğazdan istifadə edən ölkələr onun açılmasına özləri nail olsunlar”, - deyə ABŞ prezidenti əlavə edib.
Fevralın 28-də müharibə başlayandan artıq neçənci dəfədir Tramp oxşar açıqlamalarla çıxış edir. Gah deyir İranın bütün donanmasını məhv etmişik, gah da deyir raketlərinin 90 faizini, nüvə potensialını tamamilə məhv etmişik və s. Bunların hamısını İran inkar edir. Tramp hətta rejimin dəyişdirilməsindən dəm vurur.
Maraqlıdır, Trampın bu şişirdilmiş bəyanatlarının arxasında belə bir məqsəd dayana bilərmi ki, o, NATO və Avropa İttifaqındakı müttəfiqlərini İranla müharibəyə daha tez qoşmaq məqsədi daşısın? Yəni bununla onlara mesaj verir ki, siz olsanız da, olmasanız da onsuz da İranın axırına çıxıram. Heç olmasa gəlin bu son mərhələdə kömək edin ki, sizi mən yanımıza alım. Yəni Trampın İran barədə bu şişirdilmiş və reallığa uyğun olmayan bəyanatlarının arxasında Avropa və NATO ölkələrini İrana qarşı müharibəyə sövq etmək, son mərhələdə onları müharibəyə qoşulmağa şirnikləndirmək və yaxud da ki, məcbur etmək məqsədi daşıya bilərmi? Bu, bir oyun ola bilərmi?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Trampın bütün bu oyunlarında başlıca məqsəd Avropa dövlətlərini müharibəyə cəlb etmək və ABŞ-ın yükünü azaltmaqdır: “Niyə? Nəzərə almaq lazımdır ki, ABŞ-ın iştirakı ilə Fars körfəzində iki müharibə baş verib və ikisində də müttəfiqlər bilavasitə iştirak edib. 1991-ci ildə Birinci körfəz müharibəsində 50-yə yaxın dövlət ABŞ-a dəstək verdi. Nəinki dəstək verdilər, həm də müharibədə iştirak etdilər. Daha sonra 2003-cü ilin martında ABŞ BMT qərarı olmadan İraqa qarşı hücuma başladı. O zaman Fransa ilə Almaniya müharibəyə qarşı olsa da, Böyük Britaniya, Avstraliya və digər ölkələr Səddam Hüseyn rejiminin devrilməsində hərbi baxımdan iştirak edirdilər. Bütün bunlara baxmayaraq, ABŞ-ın səhv qərarları üzündən İraqda sabitliyin bərqərar edilməsi uzun sürdü. Neçə il ölkədə qanlı terror hadisələri baş verdi. Daha sonra da İŞİD İraq və Suriyanı viran qoydu. Hamımız yaxşı bilirik ki, İran İraq deyil. Həm ərazisinə, həm əhalisinə görə, resurslarına və potensialına görə İran İraqdan qat-qat böyükdür, güclüdür. Üstəlik, İranda dini ideologiyaya söykənən hakimiyyət var. ABŞ nə qədər güclü ölkə olsa da təkbaşına İranın öhdəsindən gələ bilməz. Hələ bilmək olmur ABŞ quru əməliyyatlarına başlasa onları hansı fəlakətlər gözləyir. Ona görə də Tramp bütün vasitələrlə çalışır ki, Avropa dövlətlərini müharibəyə cəlb etsin. Bütün bu şişirdilmiş məlumatların arxasında bu dayanır”.
Vidadi ORDAHALLI