Rusiya Prezidenti Vladimir Putin 1 aprel tarixindən etibarən Avrasiya iqtisadi Birliyinin (AİB) üzvləri olan Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstana nağd rubl axınını məhdudlaşdıran fərman imzalayıb.
Fərmana görə, fərdi şəxslər ölkədən Rusiya Mərkəzi Bankının cari məzənnəsi ilə 100 min dollardan çox nağd pul çıxara bilməyəcəklər. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün məhdudiyyət məbləğdən asılı olmayaraq tətbiq olunur. 100.000 dollardan çox nağd pul çıxarmaq istəyənlər valyuta mübadiləsini, bankomatdan nağd pul çıxarılması və ya kredit müqavilələrini təsdiq edən rəsmi sənədlər təqdim etməlidirlər.
Nağd pul çıxışına yalnız Vnukovo, Domodedovo və Şeremetyevo da daxil olmaqla 17 təsdiq edilmiş hava limanı vasitəsilə icazə veriləcək.
Bundan başqa, 1 may tarixindən etibarən bütün kateqoriyalar və təşkilatlar üçün 100 qramdan çox qızıl külçənin çıxarılması da qadağan ediləcək.
Tahir TAĞIYEV