İranın raket və pilotsuz təyyarə hücumlarından birbaşa təsirlənən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazını açmaq üçün ABŞ-ı dəstəkləyəcək.
"Wall Street Journal" qəzetinin məlumatına görə, BMT Təhlükəsizlik Şurasında lobbiçilik fəaliyyətinə başlayan BƏƏ, ABŞ-ın İranın nəzarəti altındakı strateji adaları ələ keçirməsini təklif edib.
Bu iddiaların mərkəzində olan Əbu-Dabi, ABŞ, Avropa və Asiya qüvvələrini Hörmüz boğazını təmizləmək üçün hərbi koalisiya yaratmağa çağırıb. O, həmçinin Ağ Evə digər ölkələrdən asılı olmayaraq mina təmizləmə və lojistik dəstək də daxil olmaqla aktiv hərbi rol oynamağa hazır olduğunu bildirib.
Əməliyyat baş tutarsa, BƏƏ İrana qarşı birbaşa quruda vuruşan ilk Körfəz dövləti olacaq.
BƏƏ diplomatları ABŞ qüvvələrindən yarım əsrdir İranın nəzarəti altında olan Əbu Musa və boğazın qərb girişindəki digər strateji adaları ələ keçirməsini tələb edirlər.
Qeyd edək ki, müharibənin başlanğıcından bəri BƏƏ ərazisinə 2500-dən çox raket və dron atılıb. ABŞ mediası yazır ki, mart ayında Dubay Hava Limanı yaxınlığında baş verən yanğınlar və daşınmaz əmlak bazarındakı geriləmə BƏƏ hökumətini "rejimi zərərsizləşdirmək" seçiminə sövq edib. Əbu-Dabi sərt maliyyə tədbirlərinin bir hissəsi olaraq İran vətəndaşlarının ölkəyə girişini qadağan edib və ölkədəki İran qurumlarını bir-bir bağlamaq qərarına gəlib.
O da bildirilir ki, ABŞ istehsalı olan F-16 təyyarələrinə və inkişaf etmiş dron donanmasına malik BƏƏ Hərbi Hava Qüvvələri mümkün əməliyyat üçün yüksək hazırlıq vəziyyətinə keçib. Cəbəl Əlidəki dərin su limanı və strateji yerləşmə ABŞ-ın rəhbərlik etdiyi əməliyyat üçün ən vacib hazırlıq sahəsi kimi qəbul edilir.
Hərbi analitiklər qeyd edirlər ki, BƏƏ-nin sursat ehtiyatı və müşahidə imkanları İsrail və ABŞ-ın bölgədəki çatışmazlıqlarını kompensasiya etməyə qadirdir.
Tahir TAĞIYEV