Ceyhun Məmmədov: “Bu üç dövlətin birgə əməkdaşlığı, birgə görüşləri prosesə töhfə verə bilər”
Bir aydan çoxdur ki, davam edən ABŞ/İsrail və İran müharibəsi regionda ciddi narahatçılıq doğurur. Müharibənin dayandırılması üçün Türkiyə və Pakistan vasitəçilik səylərini davam etdirir, bu qanlı prosesin sonlandırılmasına çalışırlar. Azərbaycan da qardaş ölkələrlə eyni mövqeyi bölüşür və rəsmi Bakı da hesab edir ki, müharibə tez bir zamanda dayandırılmalı, tərəflər arasında sülh əldə edilməlidir. Yeri gəlmişkən, bir neçə gün əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Abbas Əraqçı arasında baş tutan telefon söhbətində də Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyulub və bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb.
İran müharibəsi mövzusunda Azərbaycanın Türkiyə və Pakistanla eyni diplomatik müstəvidə fəaliyyət göstərməsi nə kimi təsirli rol oynaya bilir?
Millət vəkili Ceyhun Məmmədov baki-xeber.com-a bildirdi ki, həm Türkiyə, həm Azərbaycan, həm də Pakistan İranla sərhəd ölkədirlər: “Eyni zamanda bu ölkələr islam dünyasının əsas aparıcı ölkələridir. Hesab edirəm ki, bu baxımdan, bu üç dövlətin birgə əməkdaşlığı, birgə görüşləri prosesə töhfə verə bilər. Bir müddət əvvəl Türkiyə, Pakistan, Misir Pakistanda bir araya gəldilər, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Sədudiyyə Ərəbistanında keçirilən iclasda iştirak edərək ölkəmizin mövqeyini ortaya qoydu. Burada nazir Azərbaycanın mövqeyini ifadə etdi. Bu gün də Azərbaycan İran tərəfi ilə çox sıx əlaqədədir. Hazırda Azərbaycanın ABŞ-la da münasibətləri yaxşıdır, eyni zamanda həm Türkiyənin, həm Pakistanın. Fikrimcə, bu məsələ bu münaqişənin həllinə öz töhfəsini verə bilər. Yəni Azərbaycan bu istiqamətdə bu gün də səylərini davam etdirir”.
C.Məmmədov qeyd etdi ki, bir neçə dəfə Azərbaycan Prezidenti İran Prezidenti ilə danışıb, eyni bir neçə dəfə xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı ilə telefon əlaqəsi saxlayıb, Azərbaycan İrana humanitar yardım göstərib, eyni zamanda da Türkiyə XİN-lə İran XİN arasında təmaslar, əlaqələr var: “Hesab edirəm ki, bütün bunlar prosesə öz töhfəsini verə bilər”.
İradə SARIYEVA