Fuad İbrahimov: “Bu qərar birbaşa Azərbaycanla bağlı olmasa da, dolayısı ilə azərbaycanlılara da öz təsirini göstərəcək”
Rusiya Prezidenti Vladimir Putin 1 aprel tarixindən etibarən Avrasiya iqtisadi Birliyinin (AİB) üzvləri olan Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstana nağd rubl axınını məhdudlaşdıran fərman imzalayıb. Fərmana görə, fərdi şəxslər ölkədən Rusiya Mərkəzi Bankının cari məzənnəsi ilə 100 min dollardan çox nağd pul çıxara bilməyəcəklər. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün məhdudiyyət məbləğdən asılı olmayaraq tətbiq olunur. 100.000 dollardan çox nağd pul çıxarmaq istəyənlər valyuta mübadiləsini, bankomatdan nağd pul çıxarılması və ya kredit müqavilələrini təsdiq edən rəsmi sənədlər təqdim etməlidirlər.
Nağd pul çıxışına yalnız Vnukovo, Domodedovo və Şeremetyevo da daxil olmaqla 17 təsdiq edilmiş hava limanı vasitəsilə icazə veriləcək.
Bundan başqa, 1 may tarixindən etibarən bütün kateqoriyalar və təşkilatlar üçün 100 qramdan çox qızıl külçənin çıxarılması da qadağan ediləcək.
Rusiya prezidenti AİB ölkələrinə nağd pul axınını məhdudlaşdıran qərar imzalayıb. Bu vəziyyətin azərbaycanlılara təsiri necə olacaq?
İqtisadçı Fuad İbrahimov baki-xeber.com-a bildirdi ki, bu qərarla ölkədən kapital axınının qarşısını alırlar. “Bu Rusiya üçün vacib bir qərardır. Digər tərəfdən, burada göstərilir ki, bu Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələrə aid olunur. Yəni bu məhdudiyyət bu quruma üzv ölkərə tətbiq edilir ki, hansı miqdarda vəsait çıxarıla bilər. Azərbaycan AİB üzvü deyil. O ki, qaldı bizim özümüzə, Mərkəzi Bankın məlumatlarına əsasən də, Rusiya Ukrayna müharibəsi başlayandan Rusiyadan Azərbaycana köçürmələrin faiz dərəcəsində azalmalar var. Bu azalma ilbəil müşahidə olunur. Bu proses gedir və bu da öz təsiri göstərir. Qeyri-rəsmi məlumata görə, 3 milyona yaxın azərbaycanlı Rusiyada işləyir, burada da onların yaxınları yaşayır, oradan gələn vəsait də xüsusən rayonlarda yaşayan əhalinin yaşayış səviyyəsinə öz təsirini göstərir. Bu qərar birbaşa Azərbaycanla bağlı olmasa da, dolayısı ilə azərbaycanlılara da öz təsirini göstərəcək. Rusiya məhdudlaşma istiqamətində bu addımı atırsa aydın məsələdir, azalmalar da baş verəcək. Ancaq yenə də alternativ variantlar var, kifayət qədər ödəniş-köçürmə cüzdanları var ki, oradan proseslər həyata keçirilə bilər”.
F.İbrahimovun fikrincə, bununla belə proses məhdudlaşmağa doğru gedir, bunu da nəzərə almaq lazımdır. “Bunu insanlar da bilməlidir. Ən azından 2022-ci ildən bəri azalmalar baş verir və bu da öz təsirini göstərir. Bu proses də hazırda davam edir...”-deyə F.İbrahimov qeyd etdi.
İradə SARIYEVA