Bu gün sevimli peyğəmbərimizin "Hədis" deyilən sözlərini toplayanlar arasında ən zəminli və ən doğru mənbə olaraq İmam Buxarinin çalışması göstərilir. Bütün İslam aləmi İmam Buxarini hədis toplamada ilk sıraya qoyur. Kimdir bu İmam Buxari?
İmam Buxari buxaralı bir türkdür. Buxarada doğulduğuna görə, bütün İslam aləmi onu qısaca olaraq Buxari və yaxud İmam Buxari deyə tanıyır. Onun həqiqi adı Əbu Abdullah Məhəmməd ibn İsmaildir. 810-cu ildə Buxarada anadan olub. Kiçik yaşlarında atasını itirib. Atasından qalan sərvət onun heç kimə möhtac olmadan elm öyrənməsinə kifayət edib.
Peyğəmbər əfəndimizin mübarək sözlərini bir yerə yığıb kitab halına gətirərək müsəlmanların xidmətinə təqdim etmək qədər faydalı bir iş ola bilərmi? Bax, İmam Buxari bu faydalı işi görənlərdən biri, həm də ən başda gələnidir. Bu da bir həqiqətdir ki, bir çox adam peyğəmbərimizin sözlərini toplayıb. Amma İmam Buxarinin istər məlumat vermə üslubu, istərsə də sevimli peyğəmbərimizin sözlərini nəql edən şəxslərin əxlaqını tədqiq etməsi onu bir mənbə halına gətirib.
İmam Buxari 11 yaşında ikən hədislərlə məşğul olmağa başlayıb. Hələ uşaq ikən Uca Yaradan ona hədisləri yadda saxlamaq istedadı bəxş edib. İmam Buxari dərin zəka və əzbərləmə qabiliyyətinə malik idi. Hər hansı bir şeyi yadda saxlamaq üçün ona bir dəfə baxması və ya onu bir dəfə dinləməsi kifayət edərdi. O, çox sayda hədis əzbərləməklə şöhrət qazanıb.
Onun hələ 15 yaşı yox idi, amma hədis alimləri kiçik Buxari ilə görüşüb, topladıqları hədislərin doğru olub-olmadığını ondan soruşardılar. İmam Buxari Müqəddəs İslamın ən önəmli əsərlərini əzbərdən bilirdi. Gənc yaşlarında anası və qardaşı ilə birlikdə həccə gedib, hacı olub. Həcc ziyarətini yerinə yetirdikdən sonra qardaşını və anasını Buxaraya göndərib, özü isə Məkkədə qalıb.
Hədisləri toplamaq və dərs vermək üçün altı il Məkkədə qalan Buxari daha sonra bir çox islam ölkələrini gəzib. Misirə və İraqa gedib, Bəsrədə beş il yaşayıb. Bu yerlərdə gecə-gündüz sevimli peyğəmbərimizin sözlərini toplayıb. Olduğu yerlərdə hədis müəllimliyi edib. İrana da getdikdən sonra doğulduğu yerə - Buxaraya dönüb. Ancaq Buxarada dinc buraxılmayıb. Çünki Buxara Valisi Xalid ibn Məhəmməd Buxaridən uşaqlarına hədis dərsi verməsini istəyib. Buxari bunu qəbul etməyib. Belə olduqda o, Buxarada çox qala bilməzdi. Buxaradan ayrıldığı zaman Səmərqəndin tanınan adamları onu dəvət ediblər. Buxari bu dəvəti məmnuniyyətlə qəbul edib. Ancaq dəvət edənlərlə bəzi səmərqəndlilər arasında münaqişələrin baş verməsilə yenə də bir uğursuzluq yaranıb. "Dincliyin, sakitliyin pozulmasına səbəb olaram" düşüncəsilə Buxari Səmərqəndə getməkdən vaz keçib, Səmərqənd yaxınlığındakı Xartəngdə yerləşməyi qərara alıb. Daha sonra səmərqəndlilər yenə də onu rahat buraxmayıb. Onlar Buxarini yenidən dəvət ediblər. Bu dəfə bu tarixi şəxsiyyəti bütün səmərqəndlilər dəvət etmişdi. İmam Buxari də bu dəvəti rədd etməyib. Fəqət Səmərqəndə getmək üçün atına minərkən bayılıb və Allahın rəhmətinə qovuşub. O zaman Buxari 59 yaşında idi. Məzarı Xartəngdədir.
İmam Buxari özünü tamamilə elmə və ibadətə həsr edib. O, tez-tez belə deyərdi: "Mən həyatım boyu heç kimdən bir dirhəmlik də olsa bir şey satın almadım və heç kimə bir dirhəmlik də olsa bir şey satmadım".
İmam Buxari hədsiz cəsarəti, əliaçıqlığı, möminliyi və ləyaqəti ilə fərqlənərdi. Bir dəfə bir hökmdar uşaqlarına dərs vermək üçün onun dalınca adam göndərir, fəqət Buxari ona xəbər göndərir ki, elm axtaranlar bilənlərin yanına özləri gəlməlidir və hökmdarın yanına getməkdən imtina edir.
Uca Yaradan Buxariyə gözəl yaddaş vermişdi, Xaşid ibn İsmail bunları belə rəvayət edib: "Bəsrədə Buxari hələ gənc ikən bizimlə birlikdə hədis bilicisi olan müxtəlif şeyxlərin görüşünə gedərdi və heç vaxt qeydlər aparmazdı. Bir neçə gün sonra biz ona belə deməyə başladıq: "Sən bizimlə müxtəlif şeyxlərin görüşünə gedirsən, amma heç nə qeyd etmirsən, niyə belə edirsən?" On altı gündən sonra o bizə dedi: "Siz həqiqətən çox danışır və mənə irad tutursunuz! Göstərin mənə nə yazmısınız." Biz on beş mindən çox hədis qeyd etdiyimiz vərəqlərimizi çıxartdıq, o isə bunların hamısını əzbərdən deməyə başladı və biz onun yaddaşına əsasən oxuduqları ilə öz qeydlərimizdə düzəlişlər etdik. Sonra o bizdən sordu: "Siz indidəmi hesab edirsiniz ki, mən müxtəlif şeyxlərə zarafat xətrinə baş çəkir və vaxtımı boş yerə sərf edirəm?" Onun bu sualına biz cavab verə bilmədik, amma bizə məlum oldu ki, yaddaşda heç kim onu ötüb keçə bilməz."
İmam Buxari hələ gənc ikən hədis dinləmək istəyən bəsrəlilər, istədiklərinə nail olana qədər onun ardınca düşər, onu hər hansı bir yolun üstündə oturdar və ətrafına minlərlə dinləyici yığışardı. Onların əksəriyyəti onun dediklərini yazardılar.
İmam Buxari elm öyrənmək üçün Şam, Misir, Bəsrə, Bağdad, Məkkə, Mədinə, Xorasan kimi bir çox yerlərə səfər edib, getdiyi ölkələrdə görüşdüyü şeyxlərdən eşitdiyi hədisləri rəvayət edib. Onun tələbələrinin sayı olduqca çox olub. Fərabi belə deyib:"Buxarinin "Səhih" əsərini onun özündən doxsan min nəfər eşidib." İbn Kəsir də: "O bir dəfə kitabı oxumaqla onu əzbərləyərdi" - deyib.
Alimlərin böyük əksəriyyəti İmam Buxari haqqında tərifəlayiq sözlər söyləyib. Bir dəfə İmam Müslüm Buxarinin alnından öpərək ona belə deyib: "Ey müəllimlərin müəllimi, mühəddislərin şeyxi və hədis qüsurlarının həkimi, icazə ver sənin alnından öpüm." Bundan sonra o, günahların bağışlanması haqqında hədisə dair bir sual verib, Buxari də ona bu hədisin qüsurlarını izah edib. O izah edib qurtardıqdan sonra Müslüm ona belə deyib: "Ancaq paxıl adamlar sənə nifrət edə bilər. Şahidlik edirəm ki, bu dünyada sənə bərabər olan yoxdur."
İmam Buxarinin "Camius- Səhih"i yazması iki səbəbə bağlıdır. Bunların birincisi müəlliminin ondan bunu xahiş etməsi, ikincisi isə bunu yuxuda görməsidir. Buxari "Səhih" olaraq adlandırılan və içərisində onun özünə görə səhih olduğu sabit olan hədislərə yer verdiyi kitabında bir çox dini hökmlərin qaynağını göstərməsi ilə İslam dünyasına böyük bir xidmət edib. İmam Buxari özündən əvvəl yaşamış məzhəb imamlarının söykəndiyi təməllərin sağlam olduğunu, heç birinin şəxsi görüşlə fətva vermədiyini ortaya çıxarıb. Elm adamları Buxarinin əsərinə böyük önəm veriblər. Xüsusilə hədisin səhihliyi məsələsində onun əsərində qəbul etdiyi şərtlərin daha dəqiq olduğu qənaətinə gəliblər. Buxari bu əsəri meydana gətirərkən çox diqqətli olub. Əsərində yer verdiyi hədisləri 600 min hədisin içindən seçib. O, səhihlik ölçülərinə uyğun gəlməyən hədislərə kitabında yer verməyib. Onun kitabında yer alan hədislərin sayı 7275-dir.
"Camius-Səhih"də hədislər mövzulara görə kitablara ayrılıb və hər kitab bir neçə hissəyə bölünüb. Əsərdə üzərində ixtilaf edilməyən hədislərə yer verilib, hədis rəvayət edilənlərin inanılır olmasına diqqət edilib. İmam Buxari hədislərə bəzi dəqiq ölçüləri tətbiq etdikdən sonra onları səhih qəbul edirmiş. Ondan sonra gələn alimlər də bu ölçüləri tətbiq edərək səhih hədislərin zəif və uydurma olanlarını ayıra biliblər. Səhih hədis kitabı tərtib edənlərin çox olmasına baxmayaraq, onlar arasında Buxari kimi dəqiqi olmayıb. Həyatı səyahətlərdə və elm yolunda keçən bir insanın 16 illik zəhmətinin məhsulu olan "Camius-Səhih"i 97 kitabdan 3450 hissədən ibarətdir. Hər kitabda kitaba uyğun hissələr, hər hissədə də mövzuya uyğun hədislər vardır.
İmam Buxari elminə əməl edən bir alim idi. O, müqəddəs İslami qaydalara riayət etməyə diqqət edər, halal və haram məsələlərə çox əhəmiyyət verərdi. Hədis elminə xidmət etmək, bu yolla Uca Yaradanın razılıq və şəfaətini qazanmaq onun əsas fikri olub. Atasından qalan mirası bu yolda xərcləyib, səxavət və comərdliyi ilə şöhrət qazanıb.
İmam Buxari müqəddəs Qurani-Kərimi çox oxuyar, çox namaz qılardı. Tarixi məlumatlara görə o, hər üç gündən bir Qurani-Kərimi xətm edərmiş. Gecənin bir hissəsini yatar, qalan hissəsini şam işığında hədis yazar, yazdıqlarını əzbərləyərdi. Sübh namazından əvvəl gecə namazını qılar, sonra Müqəddəs Kitabın üçdəbirini oxuyardı. İmam Əhməd onun barəsində belə deyib: "Xorasan diyarı hələ onun kimi bir istedadı ortaya çıxarmayıb". Nəcm ibn əl-Fəzl isə Buxarini yuxusunda belə görüb: "Yuxuda Rəsulullahı gördüm. O, bir kənddən çıxıb gedirdi və arxasından İmam Buxari onu izləyirdi. O, bir addım atdıqda Buxari də bir addım atırdı və ayağını Rəsulullahın ayağını basdığı yerə basırdı. Kitabını da hər baxımdan ona nisbət edirdi..."
İmam Buxari elmə əməl edən bir insan idi və İslami qaydalara çox riayət edər, halal və haram məsələlərinə çox diqqət edərdi. Hədis elminə xidmət, bu yolla Uca Yaradanın rizasını qazanmaq onun əsas fikri olub.
Bu gün fərqli din mənsubları bir-birilə dialoq qurmaq üçün səy göstərərkən eyni din mənsublarının sadəcə ictihad və anlayış fərqliliyindən meydana gələn məzhəb ayrılığı səbəbilə bir-birinə qarşı düşmənçilik etmələri qəbuledilməzdir. Odur ki, hər kəsin məzhəbinə hörmətlə yanaşmaq məqsədəuyğundur. Hər kəs öz məzhəbinin görüşünü daha doğru olaraq qəbul edib, digərinin görüşünü isə xətalı ictihad olaraq qəbul edə bilər. Amma heç bir zaman öz məzhəbinin görüşünün xətalı ola bilmə ehtimalını unutmamalı, digər məzhəbin görüşünün də düzgün olma ehtimalını düşünməlidir.
İslam alimi İmam Buxarinin çox sayda əsərləri var. Hədisi toplayan şəxslərin şəxsiyyətlərini anlatdığı əsərdə Buxari hədis mövzusunda tənqidçiliyə başlayıb. Onun maraqlı əsərlərindən biri Buxara valisi ilə özü arasında baş verən mübahisəni nəql edən əsəridir. Əlbəttə, Buxarinin əsərləri arasında ən önəmli yer tutan və Buxarini bütün dünyada tanıdan, ona şöhrət qazandıran "Səhih-i Buhari" deyə bilinən "Camius-Səhih" adlı əsəridir. 7275 hədisi ehtiva edən bu əsər Qurani-Kərimdən sonra müraciət ediləcək ən etibarlı mənbə sayılır. Digər kitabları isə bunlardır: "Tarixüs-səğir", "Tarixül-kəbir", Tarixül-əvsət", "Əbədül-müfrəd", "Rəfül-yədeyn fis-səlat", "Xəyrül-kəlam fil-qiraat xəlfə-imam", "Birrül-valideyn", "Təfsirül-kəbir lil-QurTan", "Xəlqu əfalil-ibad", "Kitabül-iləl fil-hədis", "Kitabu müsnədil-kəbir", "Kitabül-vuhdan", "Kitabül-məbsut", "Əd-düəfa".
Bütün türk xalqları bu dəyərli İslam alimi ilə öyünə bilər.
Ruhu şad olsun!
Fazil QARAOĞLU professor