Akif Nağı: “Ukraynanın bu şəkildə hücum taktikasını seçməsi həm Belarusu, həm də Rusiyanı narahat edir”
Rusiya Prezidenti Putin və Belarus Prezidenti Lukaşenko arasında yaxın gələcəkdə görüş planlaşdırılır. Əsas gündəm məsələsi Ukrayna Prezidenti Zelenskinin Minsk hökumətini hədəf alan açıqlamalarına cavab olacaq.
Kremlin sözçüsü Dmitri Peskov Zelenskinin sözlərini "tamamilə aqressiv təhdid", "başqa bir ölkənin daxili işlərinə müdaxilə" və "Belarusun suverenliyini pozmaq cəhdi" kimi xarakterizə edib.
Ukrayna lideri Zelenski Belarus ərazisində Ukraynaya qarşı dron hücumlarında istifadə edilən siqnal ötürmə sistemlərinin olduğunu iddia edib. Minsk hökumətindən bu sistemləri yığışdırmağı tələb edən Zelenski, Belarusa bir həftə vaxt verib. Zelenski əks halda Ukrayna ordusunun müdaxilə edəcəyini bildirib.
Putin və Lukaşenkonun Zelenskinin təhdidlərinə narahatlıqla yanaşmasının səbəblərinə şərh verən Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, Ukrayna-Rusiya arasındakı münasibətlər getdikcə daha da gərginləşir, hər iki tərəf zərbə vurur, hər iki tərəfdə də narahatçılıq var. “Son günlərdə də ciddi şəkildə hərəkətlənmək hiss olunur. Rusiya Ukraynanın hansısa şəhərlərini, hansısa obyektlərini vurmağa çalışır. Ölüm-itim də var, çoxdur. Gərginlik yenə də davam edir. Eyni zamanda Ukrayna da geniş miqyasda Rusiyanın müxtəlif nöqtələrini vurur. Krımda çox fəaldır. Hərəkətdədir. Rusiya körpüdə nəzarəti itirib artıq. Vəziyyət bu şəkildə gərgindir. Belarusun da bu işdə iştirakı ilə bağlı müxtəlif söhbətlər var, müxtəlif fikirlər deyirlər. Belarusu da prosesə cəlb etməyə çalışırlar. Bir müddət əvvəl Belarusla bağlı fikir səslənmişdi ki, Ukrayna Belarus prosesində iştirak edir. Görünür burada bir neçə məqsəd var. Belarusu da prosesə qoşub Rusiyanı müəyyən qədər təkləmək, təcrid etmək siyasəti var. Çünki Belarus yaxası kənara çəkilir. Ola bilər ki, Belarusla bağlı bu cür qarşıdurmanın yaradılmasında məqsəd odur ki, onu Rusiya verdiyi dəstəkdən geri çəkilməyə məcbur etsinlər. Yəni, sirr deyil ki, müəyyən məqamlarda Belarus Rusiyaya dəstək verir. Rusiyanı hər tərəfdən təcrid etməyə çalışırlar. Yəni burada Rusiyada Belarusdan narahatdır. Belarus Rusiya ilə bir yerdə olmaq, Rusiyanın üzərinə qoyulan sanksiyalara şərik çıxmaq istəmir. Zaman vardı ki, Belarusun da üzərində sanksiyalar vardı, indi də var. Amma müəyyən qədər Qərb Belarusa yumşaq mövqe sərgiləyir. Ona görə də Belarus o rejimdə qalmaq istəyir ki, Qərb Rusiya qədər ona çox sərt münasibət bəsləməsin. Eyni zamanda Rusiya da narahatdır ki, Belarus kimi yeganə müttəfiqini itirə bilər. Azdan-çoxdan Rusiya onun yanında qalıbdır. Əsas məsələ də odur ki, Ukraynanın üstünlüyü hiss olunur. Rusiya prezidenti son günlərdə bildirdi ki, İstanbul razılaşması, İstanbul prinsipləri əsasında atəşkəsə razıdır. Danışıqlara gedə bilər. Bu Rusiyanın bölgədən geri çəkildiyini göstərir. Ona görə də Ukraynanın bu şəkildə hücum taktikasını seçməsi həm Belarusu, həm də Rusiyanı narahat edir”.
A.Nağı qeyd etdi ki, Rusiya və Belarus Ukraynanın seçdiyi taktika qarşısında öz bölgələrində müəyyən düzəlişlər etməyə məcburdur.
İradə SARIYEVA