Ramil Məmmədli: “Ukraynanın məqsədi Krımı Rusiyadan tamamilə təcrid etməkdir”
Ukrayna Silahlı Qüvvələrinin Kerç boğazının hər iki tərəfinə yeni zərbələri Rusiyanın ilhaq etdiyi yarımadada yanacaq böhranını daha da kəskinləşdirib. Hakimiyyət orqanları yükdaşıyanlara cənubi Ukraynanın işğal olunmuş bölgələrindən Krıma gedən marşrutdan istifadə etməyi tövsiyə edir, lakin Ukrayna ordusu dron hücumlarının diapazonunu və tezliyini əhəmiyyətli dərəcədə artırdıqdan sonra bu marşrut may ayının ortalarından bəri təhlükəli olub. Ukrayna iddia edir ki, Krım müharibədə əhəmiyyətini itirib.
Bazar günü gecəsi Ukrayna dronları Krımdakı Kerç bərə keçidində, Kerç limanında və boğazın o tayında yerləşən Kavkaz dəniz limanında partlayışlar törədib. Krıma bərə xidməti dayandırılıb. Yanacaq tankerlərinə Rusiya tərəfindən tikilmiş Krım körpüsündən istifadə etmək qadağandır və bu da Krasnodar diyarından ilhaq edilmiş əraziyə yanacaq tədarükünü dayandırıb. Səhər saatlarında Krım və ayrıca idarə olunan Sevastopol şəhərinin rəhbərləri sakinlərə bütün benzin satışlarının (əvvəllər məhdudlaşdırılmış) dayandırılacağını və yalnız hökumət maşınlarına yanacaq doldurulacağını elan ediblər. Üstəlik, yarımadanın bir hissəsi elektriksiz qalıb.
Bütün bu deyilənlərin fonunda, Ukrayna Kerç boğazının hər iki tərəfini hədəfə almaqla hansı hərbi-taktiki məqsədi güdür?
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli baki-xeber.com-a açıqlamasında bildirdi ki, Ukraynanın məqsədi Krım yarmadasını logistika baxımından təcrid etməkdir: “Ukrayna hərbçiləri tərəfindən həyata keçirilən intensiv PUA hücumları və dəqiq zərbələr ilhaq edilmiş Krım yarımadasını Rusiyadan təcrid edir. Bu strategiya yarımadanın logistikasını, xüsusilə də əsas təchizat yollarını və körpüləri ciddi şəkildə pozaraq, onu faktiki olaraq adaya çevirmək məqsədi daşıyır. Bundan əvvəl Ukrayna qüvvələri işğal olunmuş Xerson vilayətini Krımla birləşdirən bir neçə körpünü sıradan çıxarıb. Ukrayna yarımadaya gedən əsas Rusiya logistika yollarını pozur və düşmənin irəliləməsinə maneələr yaradır. Ukraynanın hücumları işğal olunmuş Xerson vilayətindən Krıma gedən bütün quru yollarını bağlayıb və Çonqar körpüsünə ciddi ziyan vurub. Son bir ay ərzində Ukraynanın hava hücumları sayəsində Rostov, Mariupol, Melitopol və Krımı birləşdirən şossedə nəqliyyatın hərəkəti üçdə iki nisbətindən də çox azalıb. Ukrayna 110 kilometrdən artıq məsafəyə zərbə endirə bilən yeni pilotsuz uçuş aparatları vasitəsilə Krımı təcrid etməyə çalışır və görünən odur ki, buna nail olur. Son günlər isə Ukrayna Ordusu Kerç boğazına zərbələri intensivləşdirib. Kerç boğazı üzərindən keçən Krım körpüsü Krasnodar diyarını yarmada ilə birləşdirir. Bu körpülər 2014-cü ildə Krım ilhaq ediləndən sonra tikilməyə başlanıldı və körpünün avtomobil yolu 2018-ci ildə istifadəyə verildi. Ukraynanın Kerç boğazına yönəlmiş yeni hücumları Krımla Rusiyanın Krasnodar diyarı arasındakı nəqliyyat əlaqəsini tam kəsmək məqsədi daşıyır. Daha güclü döyüş başlıqları və radioelektron mübarizəyə qarşı vasitələrlə təchiz olunan yeni dronlar Rusiyanın yarmada ilə əlaqəsini çətinləşdirir. Bir sözlə, Ukraynanın məqsədi Krımı Rusiyadan tamamilə təcrid etməkdir. O üzdən, boğazın hər iki sahili bombalanır. Bununla həm Rusiyanın ligistik yollarını bağlayırlar, həm də Krımı azad etmək üçün uyğun şərait yaratmaq isyəyirlər”.
Vidadi ORDAHALLI