Samir Hümbətov: “İranın zənginləşdirilmiş uranının Qazaxıstana verilməsi mümkün görünsə də, bu məsələdə Rusiya və Çinin razlığının alınması mütləqdir”
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Qrossi, ABŞ və İran razılığa gələrsə, tərəflər arasındakı danışıqlarda əsas mübahisəli mövzu olan İranın zənginləşdirilmiş uran ehtiyatlarının Qazaxıstana daşına biləcəyini deyib. Onun sözlərinə görə, bu təklif Qazaxıstan prezidenti Tokayevdən gəlib.
Bu baş tuta bilər?
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov baki-xeber.com-a bildirdi ki, İranın zənginləşdirilmiş uranın Qazaxıstana verilməsi mümkün görünsə də, amma bunun Rusiyadan və Çindən kənarda baş verməsi real görsənmir. “İranın zənginləşdirilmiş uranının Qazaxıstana verilməsi praktiki olaraq mümkündür. Verə bilərlər. Amma mən bunun birbaşa Rusiya və Çini kənarda qoymaqla həyata keçiriləcəyinə bir az real yanaşmıram. Çünki İran iqtisadi, siyasi və təhlükəsizlik baxımından Rusiya və Çindən müəyyən dərəcədə asılı vəziyyətdədir. İranın beynəlxalq himayədarları da məhz bu ölkələrdir. Demək olar ki, belədir”.
S.Hümbətovun fikrincə, bu səbəbdən bu hal baş verəcəksə, burada həm Rusiya, həm də Çin razı olmalıdır: “İranın zənginləşdirilmiş uranının Qazaxıstana verilməsi mümkün görünsə də, bu məsələdə Rusiya və Çinin razlığının alınması mütləqdir. Yenə də deyirəm, uranın Qazaxıstana verilməsi mümkün ola bilər. Bu artıq dövlət zəmanətdir. Əgər İran ondan əl çəkəcəksə, (halbuki, hələ bununla bağlı da İran heç bir razılıq vermir), İran razılıq verəcəksə, düşünürəm ki, bu haqda haradasa danışa bilərlər. Yəni razılığa gəlib, həmin uranın zənginləşdirilməsi prosesini dayandırıb həmin uranı Qazaxıstana verə bilərlər ki, Qazaxıstan onu saxlasın. Amma bu yenə deyirəm, Rusiya və Çini göz ardı etmək mümkün deyil. Gərək orada artıq onlar da razı ola və zənginləşdirilmiş uranın hara veriləcəyini və hansı təyinat üzrə istifadə olunacağını da tam əminliklə bilməlidirlər. Əgər bu olacaqsa, hesab edirəm ki, nəticənin nə olacağı, yəni müsbət istiqamətdə olacağı bəlli ola bilər”-deyə S.Hümbətov qeyd etdi.
İradə SARIYEVA