Züriyə Ruslanqızı: “Bu vəziyyəti avtomatik olaraq Donald Tramp administrasiyasının blokadasının iflası kimi...”
ABŞ-nin sanksiya siyahısına daxil olan Çin tankeri aprelin 14-də Hörmüz boğazından keçib. Bu, mövcud blokada dövründə ilk məlum keçiddir. Tanker Çin şirkəti olan “Shanghai Xuanrun Shipping” neft-kimya daşıyıcısına aiddir. “MarineTraffic” təşkilatının məlumatlarına görə, gəmi bazar ertəsi axşamı strateji su yolunun yaxınlığındakı ərazidə dövrə vurduqdan sonra çərşənbə axşamı erkən saatlarda boğazdan keçib.
ABŞ prezidenti DonaldTrampın Hörmüz boğazında blokadasının Çin neft gəmiləri tərəfindın yarıldığı barədə xəbərlər yayılıb. Necə oldu ki, Çin blokadanı yara bildi? Demək olarmı ki, Trampın blokadası iflasa uğradı?
Məsələ ilə bağlı şərh verən politoloq Züriyə Ruslanqızı (Qarayeva) baki-xeber.com-a bildirdi ki, Çinin Hörmüz boğazında blokadanı “yarmaq” iddiaları daha çox əməliyyat reallıqlarının düzgün başa düşülməməsindən qaynaqlanır. “Belə bir blokada klassik mənada tam qapanma demək deyil; xüsusilə Hörmüz boğazı kimi qlobal enerji arteriyasında bu, hüquqi və hərbi baxımdan son dərəcə mürəkkəbdir. Əgər Çin tankerlari həqiqətən marşrutu keçə bilibsə, bu bir neçə səbəblə izah oluna bilər: ya blokada selektiv xarakter daşıyıb və yalnız müəyyən ölkələrə və ya yüklərə yönəlib, ya da Çin gəmiləri alternativ marşrutlardan, müşayiət mexanizmlərindən və ya hüquqi boşluqlardan istifadə edib”.
Z.Ruslanqızı qeyd etdi ki, bundan əlavə, Çin kimi böyük aktorlar çox vaxt diplomatik kanallarla öz ticarət axınlarını qorumağa nail olur. “Bu vəziyyəti avtomatik olaraq Donald Tramp administrasiyasının blokadasının iflası kimi qiymətləndirmək tələsik olardı. Blokadanın effektivliyi onun məqsədindən asılıdır: əgər məqsəd tam dayandırma yox, təzyiq və nəzarəti artırmaq idisə, müəyyən keçidlərin baş verməsi strategiyanın çökdüyünü yox, daha çox onun məhdud və hədəfli xarakter daşıdığını göstərir. Digər tərəfdən, əgər Çin sistemli şəkildə bu məhdudiyyətləri aşırsa, bu artıq blokadanın icrasında boşluqların olduğunu və ya böyük güclər arasında qeyri-rəsmi razılaşmaların mövcudluğunu göstərə bilər”.
Z.Ruslanqızının fikrincə, bu isə daha geniş mənada qlobal güc balansının dəyişdiyini və birtərəfli məhdudiyyətlərin əvvəlki kimi işləmədiyini ortaya qoyur.
İradə SARIYEVA