ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəsi Mayk Valts Tramp administrasiyasının İranla danışıqları bu gün yekunlaşdırmaqda qərarlı olduğunu bildirib.
"Prezident bunun baş verməsinə son dərəcə sadiqdir. Bu gün bunu yekunlaşdırmaq niyyətindədirlər " – deyə ABC News-a danışan Valts bildirib.
ABŞ nümayəndəsi İranla danışıqların asan olmadığını da qeyd edb: "İranlılar olduqca sərt danışıq aparanlardır. Onlar həmçinin yüksək vəzifəli liderlərindən təlimat almaqda çətinlik çəkirlər və hətta öz komandaları daxilində belə, həmişə eyni fikri bölüşmürlər".
Dünya tərəflərin saziş imzalayacağını gözlədiyi bir vaxtda İsrailin bu gün Beyruta hücuma başlaması bölgədə gərginliyi artırıb. ABŞ-İran danışıqlarında iştirak edən diplomat “Fox News”a bildirib ki, İsrailin Beyrutdakı son hücumları razılığa gəlmək səylərini çətinləşdirib.
İran Parlamenti və Danışıqlar Nümayəndəliyinin sədri Məhəmməd Bağır Qalibaf isə Beyrutun cənubundakı Dahiyyə bölgəsinə hücumuna görə Vaşinqtonu günahlandırıb: "İsrailin Dahiyyəyə hücumu bir daha Amerikanın öhdəliklərini yerinə yetirmək üçün iradəsinin və ya qabiliyyətinin olmamasını göstərir".
ABŞ-ın İsrailə verdiyi dəstəyi tənqid edən Qalibaf deyib: "Rejimə yaşıl işıq yandırmaqla güzəşt əldə edə bilməzsiniz. Pis polis, yaxşı polis oyunu artıq köhnəlib".
İran rəsmisi ABŞ öhdəliklərini yerinə yetirməyəcəyi halda atəşkəs prosesində irəliləyişin çətin olacağını qeyd edib: "Əgər öhdəliklərinizi yerinə yetirmək üçün iradəniz və qabiliyyətiniz yoxdursa, bu yolda davam etməkdən danışmaq qətiyyən mümkün deyil".
“Fox News”a danışan İran hərbi rəsmisi isə İsrailin Beyrutdakı son hücumlarının cavabsız qalmayacağını bildirib. Rəsmi xatırladıb ki, ötən həftə oxşar hücumlardan sonra İran İsrailə təxminən 30 ballistik raket atıb.
Tasnim Xəbər Agentliyi Yəmənin əlində olan ən vacib strateji “kozır”lardan biri olan Bab əl-Məndəb boğazının yenidən gündəməgələcəyini iddia edib. Qeyd edilir ki, ABŞ və İsrail İran və Livandakı "müqavimət oxu"na təzyiqi artırarsa, Tehran Bab əl-Məndəb boğazından Yəmən vasitəsilə strateji sövdələşmə vasitəsi kimi istifadə edə bilər.
Tahir TAĞIYEV