İran Suriya ilə bağlı yeni plan hazırlayıb. Plana görə, Hizbullahın Suriyadan çəkilməsi və Əsədin simvolik bir dövlət başçısı kimi qalması nəzərdə tutulur. Baki-xeber.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanına yaxınlığı ilə bilinən London mərkəzli "Şark'ül Evsat” qəzeti yazır.
Suriyanın paytaxtı Dəməşqə gedən İran xarici işlər naziri Cavad Zərifin gündəmində də əsas Rusiyanın təklifilə başlayan Suriya probleminin siyasi həlli məsələsi olacaq.
Qəzet yazır ki, Zərifin Dəməşqə təklif edəcəyi plan, Hizbullah qüvvələrinin Suriyadan geri çəkilməsini və Suriya prezidenti Bəşər Əsədin vəzifəsinin simvolik mahiyyət daşımasını ehtiva edir.
Plana görə, Əsəd heç bir səlahiyyət daşımadan prezident vəzifəsində qalacaq, buna paralel olaraq da yeni bir hökumət yaradılacaq.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Axfam da Tehranın Suriyadakı vətəndaş müharibəsinə son qoymaqla bağlı yeni planının Zərifin Dəməşq səfəri zamanı müzakirə ediləcəyini açıqlamışdı.