Rusiyanın Əsədin qalmasını nəzərdə tutan "İŞİD və Suriya planı” Ankara tərəfindən rədd edilib. Baki-xeber.com Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi "İŞİD-in aradan qaldırılması və Suriyada siyasi həll" planı Ankara tərəfindən qəbul edilməyib.
Plan ilk dəfə keçən həftə Körfəz Əməkdaşlıq Şurası toplantısında Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən amerikalı həmkarı Con Kerriyə təqdim edilmişdi. Plan Suriyada İŞİD-ə qarşı döyüşən kürdlərlə İraq ordusunun əsas mərkəzdə yer alacağı, Əsədin da qatılacağı, beynəlxalq dəstəkli yeni bir koalisiyanın yaradılmasını nəzərdə tutur.
"Akşam” qəzetinin diplomatik mənbələrdən əldə etdiyi məlumatlara görə, sözügedən plan Ankara tərəfindən qəbul edilmir. Diplomatik qaynaqlar Türkiyənin terrorla mübarizə çərçivəsində beynəlxalq koalisiya ilə birlikdə hərəkət edəcəyini bildirir, Ankara Əsədin də yer alacağı heç bir planı müzakirə etmir. Mənbələr sözügedən planın ABŞ, Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələrlə də müzakirə edildiyini və demək olar ki, bütün koalisiya üzvü olan ölkələrin Əsədin də yer alacağı plana qarşı çıxdığını bildirir. Onların fikrincə, bu plan Əsəd rejimini gücləndirəcək və bu halda suriyalı müxaliflərin mübarizədə şansı qalmayacaq.