Türkiyədə hərbçilərin qondarma ittihamlarla həbs edildiyi "Ergenekon” işinin prokuroru və Fətullah Gülən hərəkatının ən məşhur adamlarından olan Zəkəriya Öz ölkədən qaçıb. Baki-xeber.com xəbər verir ki, bir neçə gün əvvəl gizli təşkilat qurmaqda ittiham etdilən Zəkəriya Öz və Cəlal Kara ifadə vermək üçün prokurorluğa çağırılıb. Ancaq onlar prokurorluğa gəlməyib. Məhkəmə isə hər iki prokuror haqqında görüldüyü yerdə həbs edilməsi barədə qərar çıxarıb.
Məhz bundan sonra onların ölkədən qaçdığı məlum olub. Zəkəriyə Özün və digər həmkarı Cəlal Kara Sarp sərhəd keçıd məntəqəsindən Gürcüstana, oradan isə Ermənistana keçib.
Bu barədə açıqlama verən Artvin vilayətinin valisi Kamal Cirit bildirib ki, ötən gün Bakırköy Prokurorluğu tərəfindən barələrində gizli təşkilat qurmaq iddiası ilə cinayət işi açılan Z.Öz və C.Kara Gürcüstan ərazisindən keçərək Ermənistanda gizləniblər və hazırda bu ölkə ərazisindədirlər.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq məsələ ilə bağlı Gürcüstan polisinə xəbər verilib.
Qeyd edək ki, "Ərgənəkon" işi çərçivəsində aralarında Azərbaycan əsilli general Vəli Kiçik və Türkiyə ordusunun sabiq baş qərargah rəisi İlkər Başbuğ da olmaqla, onlarla general terror təşkilatı qurmaq və idarə etmək, həmçinin, mövcud hökuməti devirmək ittihamı ilə həbs edilmişdi. Daha sonra isə AKP hökuməti ilə Gülən camaatının münasibətləri kəskinləşdikdən sonra bu ittihamların qondarma olduğu Türkiyə Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənmiş və həbsdəki bütün hərbçilər azad edilmişdi.