Suriya prezidenti Bəşər Əsədin doğma şəhəri Lazkiye əvvəllər görünməmiş bir etiraza səhnə olub.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, təxminən min adam Əsədin əmisi oğlu Süleyman Əsədin bir hərbçi zabiti öldürməsinə etiraz olaraq şənbə günü küçələrə çıxıb. Məlumatlara görə, Süleyman Əsəd bir yol qovşağında onun avtomobilinin önünə keçdiyi üçün ailəsi ilə birlikdə avtomobilində olan polkovnik Həsən əl-Şeyki silahla vuraraq öldürüb.
Süleyman Bəşər Əsədin keçən il radikal islamçılarla döyüş zamanı öldürülən əmisi oğlu Hilalın oğludur.
Buna etiraz olaraq Lazkiyədə ələvilər "Xalq Süleymanın edamını istəyir" şüarları ilə aksiya keçırib. Etirazçılar eyni zamanda Bəşər Əsədi dəstəkləyən şüarlar da səsləndiriblər. Polis nümayişçilərə müdaxilə etməyib.
Yayılan məlumatlara görə, Bəşər Əsəd yol mübahisəsi zamanı polkovniki öldürən əmisi oğlu Süleyman Əsədi cəzalandırmağa söz verib. Öldürülən polkovnik Həsən əl-Şeyxin hökumətlə yaxşı əlaqələrinin olduğunu deyən həyat yoldaşı "El-Vətən” qəzetinə açıqlamasında Əsədin günahkar kim olursa-olsun cəzasını çəkəcəyinə dair söz verdiyini deyib.