İranla əldə edilən nüvə razılaşmasına görə ABŞ prezidenti Barak Obama ilə ölkənin Yaxın Şərqdəki ən böyük müttəfiqi İsrail arasındakı böhran dərinləşir. Baki-xeber.com xəbər verir ki, Obama ölkənin ən böyük İsrail tərəfdarı lobbi təşkilatı American Israel Public Affairs Committee-nin (AIPAC) iki nümayəndəsini Ağ Evdə qəbul edərək nüvə razılaşması əleyhinə fəaliyyətinə görə, onlara sərt mesajlar verib. ABŞ prezidenti yəhudi lobbisini "anlaşmaya qarşı milyonlarla dollar xərcləməkdə" günahlandırıb.
"New York Times” qəzeti görüşdə iştirak edən mənbələrə istinadən malumat yayıb ki, Obama lobbi liderlərinə bu mövqelərinə görə sərt şəkildə qarşılıq verəcəyini bildirib.
Yəhudi lobbisinin İranla nüvə razılaşmasına qarşı səylərinə 20 milyon dollar xərclədiyi, razılaşma əleyinə elan və reklamlara da 25 milyon dollar büdcə ayırdığı iddia edilir. Bundan başqa yüzlərlə lobbi nümayəndəsinin nüvə razılaşmasının səsverməyə çıxarılacağı Konqresdə lobbiçilik etdiyi, 700 nümayəndənin isə ölkənin dörd bir tərəfində Konqres üzvlərini razı salmaq üçün işlər gördüyü bildirilir.
Artıq Respublikaçıların razılaşmaya qarşı çıxacağı fikri qətiləşir. Yəhudi lobbisi Obamanın partiyası – Demokratları da buna razı salmağa çalışır. Konqresdəki ən əhəmiyyətli Demokrat liderlərdən Çak Şumerin razılaşmaya qarşı çıxması Obamaya böyük zərbə kimi dəyərləndirilir, Nyu Yorkdan olan senatorun qərarını 60 lobbi nümayəndəsi ilə görüşdən sonra açıqlaması isə xüsusi diqqət çəkir. Bu amil yəhudi lobbisinin yüksək fəaliyyətinin nəticəsi kimi dəyərləndirilir.
Obamanı özündən çıxaran digər xəbər isə Vaşintonda onu Adolf Hitlerlə 1938-ci ildə Münhen sazişini imzalayan ingilis baş nazir Neville Çamberlainə bənzədən afişaların yayılmasıdır. Ancaq lobbi təşkilatı bunun arxasında onların olması barədə iddiaları rədd edir.