Avqustun 5-də Rusiyadan alınan bir sensasiyalı xəbər dünyanı silkələdi. Lakin bu silkələnmə heç bir saat da çəkmədi. Xəbər həm Kreml, həm də rəsmi Ankara tərəfindən dərhal təkzib edildi. Beləliklə, Rusiyada çıxan ingilisdilli "The Moscow Times” qəzetinin "Kremldəki etibarlı mənbələrə əsaslanan” bu xəbəri başqa "ciddi qəzetlərdə” görünmədi. Üstəlik, "The Moscow Times”ın öz saytından da silindi.
Xəbər isə bundan ibarət idi ki, guya prezident Putin Türkiyənin Moskvadakı səfiri Ümit Yardımı Kremlə dəvət etmiş və onun abrını bükərək, "prezidentinizə çatdırın ki, lazım gəlsə, mən onun üçün Suriyada böyük Stalinqrad təşkil edərəm” deyibmiş.
Bu da iddia edilirdi ki, guya Putin bağlı qapılar arxasında keçirilən bu "söhbət”də Ərdoğanı "diktator” adlandırmış və onun "İŞİD terrorçuları ilə birgə cəhənnəmə göndəriləcəyini” deyibmiş.
"The Moscow Times”ın həmin xəbərində başqa "detallar da” yer almışdı. Xəbərə görə guya Vladimir Putin səfirlə uzun-uzadı monoloqunda Ərdoğanı Rusiyanın Yaxın Şərqdə yeganə hərbi bazası yerləşən Suriyada İŞİD-ə dəstək verməkdə ittiham etmişdi. Bu da vurğulanırdı ki, guya səfir də Putinin qabağında geri çəkilməyib və əksinə, Rusiyanı Suriyanı qarışdırmaqda ittiham etmişdi.
Türkiyənin bir sıra internet saytlarında yayılmış xəbərlərdə Putinin səfirlə iddia edilən söhbətindən sitat gətirilirdi: "Sizin nə ikiüzlü prezidentiniz var? Bir yandan demokratiya vəkilliyi edərək Misirdəki hərbi çevrilişi pisləyir, digər yandan Suriya prezidenti Bəşər Əsədi devirmək istəyən terrorçu qrupları dəstəkləyir”.
Bu xəbər agentlik terminologiyası ilə deyilərsə, dərhal "öldürülməsinə” baxmayaraq, hər halda müəyyən tərəddüd yeri qoyurdu. Bu şübhə və tərəddüdə səbəb xəbərin kifayət qədər ciddi qəzetdə dərc olunması, hadisənin xırda təfərrüatlarla verilməsi və ruslar demişkən, "od olmasa, tüstü çıxmaz” müdrikliyinin mövcudluğu və cənab Putinin əvvəllər də protokolu aşan, koloritli bəyanatlar verib, sonradan təkzib etməsidir.
Lakin bu da hamısı deyil. Bu xəbərin peyda olduğu ərəfədə və onun ardınca Moskva-Ankara münasibətlərinə dair başqa və sonradan heç də təkzib edilməyən və az sensasiyalı sayılmayacaq xəbərlərə də diqqət yetirmək faydalı olardı. Vladimir Putini belə bəyanatlar vermək üçün nə isə özündən çıxarmalıydı axı...
AFP agentliyinin avqustun 3-də yaydığı xəbər "Ərdoğan deyib ki, Putin Əsədi dəstəkləməkdən əl çəkə bilər” adlanırdı. İnsafən Ərdoğan lap elə belə də deməmişdi, amma AFP kimi mötəbər mənbələrin belə nəticə çıxarması Putini pərt qoya bilərdi.
Xəbərdə deyilirdi ki, "Putini Əsədi dəstəkləməkdən əl çəkməyə sövq etmək olarmı” sualına cavab olaraq Ərdoğan öz tərəf müqabilinin Bakıda üzbəüz söhbətlərdə və sonrakı telefon danışıqlarında "daha pozitiv” səsləndiyini bildirib.
"Putinin Suriyaya münasibəti əvvəllər olduğundan daha ümidvericidir”, - demişdi Ərdoğan.
Türkiyə prezidenti Daily Sabah və Sabah qəzetlərinə bildirmişdi ki, Putin artıq "Rusiyanın Əsədi sonadək dəstəkləyəcəyini düşünmür” və "mən inanıram ki, o, Əsədə dəstəyini dayandıra bilər”.
AFP əlavə edirdi ki, Rusiya və Türkiyə qarşılıqlı olaraq "Krımın ilhaqı” və "Əsəd” məsələlərini bir tərəfə qoyaraq daha geniş əməkdaşlıq barədə razılığa gəliblər. Agentlik daha geniş əməkdaşlığa misal olaraq Qara dənizin altından çəkiləcək "Türk axını” qaz kəməri layihəsini göstərirdi. Lakin elə bu layihə barəsində avqustun 7-də yeni bir xəbərin peyda olması Moskva-Ankara münasibətlərinin gərginləşməkdə davam etdiyini göstərib.
Mediada yayılan xəbərlərə görə "2014-cü il dekabrın 1-də Putin tərəfindən elan edilmiş və Ərdoğan tərəfindən qəbul olunmuş "Türk axını” layihəsi qeyri-müəyyən müddətə təxirə salınıb. Xəbərlərdə buna mümkün səbəb kimi qazın qiyməti barədə yaranmış ixtilaf göstərilsə də, Ankaraya Vaşinqton tərfindən təzyiq göstərildiyi də bildirilir. Və nəhayət ən son sensasiyalı xəbər Ərdoğanın Putinin əvəzinə gəldiyi nəticənin yanlış olduğunu göstərib. Hərçənd bu xəbəri də RİA Novosti agentliyi təkzib edib.
Bu xəbərə inanılsa, Vladimir Putin Əsədə dəstəyini nəinki dayandırmayıb, əksinə Suriya prezidentinin silahlı qüvvələrinə az qala komandanlıq edən "sirli və müəmmalı İran generalını” Kremldə qəbul edib.
"Reuters” agentliyinin verdiyi xəbərə görə İranın elit və seçmə hərbçilərindən ibarət Qüds Qüvvələrinin komandanı general Qassem Soleimani, üzərində BMT qadağanının olmasına baxmayaraq Moskvaya gəlib.
Qüds Qüvvələri İranın qüdrətli İnqilab Keşikçiləri Qvardiyasının xaricdə əməliyyatlar aparan qanadıdır. Bu qvardiyanın və onun üzvlərinin üzərində 2007-ci ildən bəri səfər qadağası var.
Adının çəkilməsini istəməyən İran rəsmisi agentliyə bildirib ki, general Soleimani Rusiyada bir sıra regional və ikitərəfli məsələləri, o cümlədən Rusiyadan İrana S-300 yer-göy raketlərinin və başqa silahların verilməsi məsələlərini müzakirə edib.
Bu da xəbər verilib ki, İran generalı Vladimir Putinlə və müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Kreml bu görüşləri inkar etsə də, İrandan başqa ABŞ kəşfiyyat orqanları da səfərin əlbəttə ki, baş verdiyini bildirirlər.
Üstəlik "Reuters” agentlyi iyulun 30-da elə həmin RİA agentliyinin başqa bir xəbərinə istinad edib. Bu xəbərə görə prezident Putinin müşaviri Vladimir Kozhin deyib ki, Moskva İran üçün S-300 raket sistemlərini modernləşdirir.
"Reuters” Ağ Ev rəsmilərindən birinə istinadən bildirir ki, İranla bağlanmış nüvə sazişinə baxmayaraq İnqilab Keçşikçiləri, Qüds Qüvvələri və şəxsən cənab Soleimaniyə aid ABŞ sanksiyaları qaldılmayacaq. Hərçənd bunun tam əksini yazan ABŞ mənbələri də var.
Agentlik yazır ki, Soleimani İraqda İslam Dövlətinə qarşı şiələrin əməliyyatlarında iştirak edib və onun səfəri Moskvanın Yaxın Şərqdə sünni cihadçılara qarşı koalisiyanın yaradılmasına çağırışlar etdiyi bir vaxta təsadüf edir. Lakin iyulun 24-də yer aldığı söylənən bu görüş barədə xəbərin indi yayılması və ya "sızdırılması” Türkiyə prezidentinin Putin və Əsəsə dair ziddiyyətli bəyanatı ilə eyni vaxta təsadüf edib.