Qərb ölkələrinin terror təşkilatı İŞİD-lə bağlı ikiüzlülüyü nüvbəti dəfə ortaya çıxıb. Koalisiya təyyarələri ilə İŞİD-i vuran Almaniya eyni zamanda gizli şəkildə təşkilatın İraq və Suriyadakı neftini beynəlxalq bazarda satır. Almaniya İŞİD-dən aldığı nefti bir neçə marşrutla Avropaya daşıyır. Milyonlarla dollarlıq neft gəlirini isə nağd şəkildə təşkilata ödəyir.
Baki-xeber.com xəbər verir ki, dünyanın ən zəngin terror təşkilatı İŞİD-in ən əhəmiyyətli gəlir qaynağı Suriyada nəzarət etdiyi neft sahələridir.
Mosul şəhərinə 2014-ci ilin iyun ayında hücum edən terror təşkilatı şəhərlə yanaşı böyük neft sahəsini də ələ keçirmişdi. Mosulla yanaşı Suriyadakı neft sahələrini da əlində saxlayan İŞİD bu bölgələrdə çıxarılan neftin satışı sayəsində bu günə qədər ayaqda dayanır. İŞİD neftin yerli bazarlarda satışında Əsədin qohumları və onlarla əməkdaşlıq edən kürd qaçaqçılardan istifadə edir. Ancaq bu neftin beynəlxalq bazarlara çıxarılmasında yerlilərin o qədər də gücü yoxdur.
Təşkilatın nəzarətindəki nefti dünya bazarlarına da necə çıxardığına dair yeni faktlar ortaya çıxıb. Kəşfiyyat mənbələrini bununla bağlı əldə etdiyi məlumatlar bir çox məsələlərə işıq salmaqla yanaşı ortaya şok faktlar da çıxarır. Araşdırmalara görə, terrorçuların beynəlxalq koalisiyanın bombardmanına baxmayaraq, necə ayaqda durması barədə sualların kökündə Qərb şirkətlərinin gizli ticarəti dayanır. Belə ki, İŞİD Suriya və İraqda fəaliyyət göstərən Qərb ölkələrinin şirkətləri vasitəsilə nefti beynəlxalq bazarlara çıxarır.
İŞİD-in Suriya torpaqlarında ələ keçirdiyi neft yataqlarından əldə etdiyi yanacağı daxili istehlak və silah alışında istifadə etdiyi hər kəsə məlumdur. Terrorçuların neftin barrelini 20 dollar səviyyəsində, hətta bəzən 15 dollara satdığı bildirilir.
Suriyada və İraqda fəaliyyət göstərən Qərb şirkətləri bu işdə xüsusilə önə çıxır. İŞİD-lə mübarizədə koalisiya qüvvələri arasında yer alan almanların İŞİD-in olduğu yerlərdə çalışan şirkətləri bu işdə daha fəal rol oynayır. Barreli 15-20 dollar səviyyəsində satılan bu neftin beynəlxalq bazarlara çıxarılmasında ən böyük rolu məhz alman şirkətləri üzərinə götürür. Almanlar nefti Avropaya çıxarmaq üçün iki marşrutdan istifadə edir. Bunlardan birincisi İran və Dubay üzərindən Avropaya göndərilməsi, digər isə Tartus limanıdır. İŞİD-dən nefti alan almanlar tankerlərlə nefti Aralıq dənizi sahilindəki Tartus limanına daşıyır. Buradan da gəmilərlə Avropa ölkələrinə göndərilir.
Əsəd rejimi də beynəlxalq bazarlara göndərilən İŞİD-in nəzarətindəki neftdən bəhrələnir. Alman şirkətləri vasitəsilə neft nəqlinə səs çıxarmayan Əsədin tonlarla neftdən öz ehtiyacı üçün də istifadə etdiyi bildirilir. Digər diqqət çəkən məsələ isə Əsəd rejimini ayaqda saxlayan bu işdə olan bəzi qüvvələrin eyni zamanda İran şirkətləri ilə də əlaqədə olmasıdır. Əsəd rejiminin öz nəzarətində olan bölgələrin elektrik və su ehtiyacının ödənməsi məsələsində İŞİD-lə razılaşdığına dair diqqət çəkən məlumatlarda o da qeyd edilir ki, alman şirkətləri nefti Əsədin nəzarət etdiyi bölgələrdən də keçirərək beynəlxalq bazarlara göndərir.
Brend neftin 49-50 dollar səviyyəsinə satıldığı bugünlərdə böyük miqdarda İŞİD neftinin beynəlxalq bazarlara çıxarıldığı bildirilir. Suriyada fəaliyyət göstərən Alman şirkətlərinin sözügedən nefti sistemli şəkildə dünya bazarlarına göndərdiyini deyən mənbələr "Bu iş xüsusi qablar, borularla edilmir. Bu işləri ciddi distribyutorların gördüyü müəyyənləşib" – deyə bildirir.
Alman firmalarının aldıqları neftin əvəzini isə nağd şəkildə İŞİD-ə ödədikləri, təşkilatın aldığı pulun bir hissəsini ilk növbədə daxili istehlak ehtiyacları üçün xərclədiyi qeyd edilir. Neft qarşılığında ödənən milyonlarla pulun digər böyük hissəsi isə İŞİD tərəfindən silah alınmasında istifadə edilir.