Bəhruz Quliyev: “Ter-Petrosyan kimi fiqurun önə çıxarılması Ermənistanı gələcəyə deyil, keçmişin dalanlarına aparır”
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan yenidən Ermənistan Milli Konqresinin sədri seçilib. Məlumat üçün bildirək ki, müvafiq qərar 14 dekabrda keçirilən IV Partiya Qurultayından sonra qəbul edilib.
Qurultay nümayəndələri Ter-Petrosyanın siyasi qüvvənin lideri kimi qalmasını dəstəkləyərək, onun EMK-nın sədri kimi səlahiyyətlərini təsdiqləyiblər.
Qeyd edək ki, Ermənistan Milli Konqresi 2008-ci ildə Levon Ter-Petrosyanın rəhbərliyi altında 13 müxalifət partiyasının bloku kimi yaradılıb, 2013-cü ildə isə vahid partiyaya çevrilib.
Levon Ter-Petrosyanın yenidən partiya sədri seçilməsi müəyyən suallara səbəb olub. Məlumdur ki, Qarabağın Azərbaycandan qoparılmasında rolu olan şəxslərdən biri məhz bu şəxsdir. Belə bir vəziyyətdə Ter-Petrosyanın yenidən partiya sədri seçilməsinin Ermənistan üçün nə kimi perspektivi olacaq?
“Ter-Petrosyanın yenidən siyasi lider kimi önə çəkilməsi Ermənistanın hələ də tarixi səhvlərindən dərs çıxarmadığını göstərir”
“Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Levon Ter-Petrosyanın Ermənistan Milli Konqresinin sədri postuna yenidən seçilməsi Ermənistan siyasətində yenilənmə deyil, əksinə, köhnə və iflasa uğramış siyasi düşüncənin təkrar dövriyyəyə buraxılmasıdır: “Bu seçim Ermənistan cəmiyyətinə gələcək vəd etmir, keçmişin ağır yükünü yenidən siyasi gündəmə daşıyır. Xatırladım ki, Ter-Petrosyan postsovet məkanında separatizmi dövlət siyasətinə çevirən, Qarabağın Azərbaycandan qoparılması prosesində ideoloji və siyasi məsuliyyət daşıyan əsas fiqurlardan biridir. Onun rəhbərliyi dövründə Ermənistan regional əməkdaşlıqdan təcrid olunmuş, iqtisadi və demoqrafik tənəzzül yoluna sürüklənmişdi. Bu baxımdan, Ter-Petrosyanın yenidən siyasi lider kimi önə çəkilməsi Ermənistanın hələ də tarixi səhvlərindən dərs çıxarmadığını göstərir”.
Siyasi şərhçi hesab edir ki, bu qərar Ermənistan müxalifətində yeni ideyalar, yeni simalar və yeni siyasi baxışlar formalaşmadığını göstərir. Köhnə liderlərin dövri olaraq səhnəyə qaytarılması siyasi böhranın dərinliyindən xəbər verir: “Ter-Petrosyan faktiki olaraq sülh ritorikasından danışsa da, onun siyasi irsi revanşizm, etnik qarşıdurma və regional gərginliklə assosiasiya olunur. Mövcud regional reallıqlar fonunda, yəni Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi, Cənubi Qafqazda yeni siyasi-hərbi balansın formalaşdığı bir dövrdə Ter-Petrosyan kimi fiqurun önə çıxarılması Ermənistanı gələcəyə deyil, keçmişin dalanlarına aparır. Bu isə, nə sülhə, nə inkişaf perspektivlərinə, nə də regional inteqrasiyaya xidmət edir. Hesab edirəm ki, Levon Ter-Petrosyanın yenidən partiya sədri seçilməsi Ermənistan üçün siyasi perspektiv deyil, siyasi tükənmişliyin növbəti təsdiqidir. Ermənistan cəmiyyəti hələ də anlayış göstərməlidir ki, köhnə simalarla yeni gələcək qurmaq mümkün deyil. Cənubi Qafqazda davamlı sülh və inkişaf yalnız revanşist keçmişdən qəti imtina ilə mümkündür, "-deyə ekspert əlavə edib”.
Günel CƏLİLOVA