Elşad Həsənov: “Çox güman ki, Konqresin Nümayəndələr Palatası 907-ci düzəlişi ləğv edəcək”
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişin tam ləğvini nəzərdə tutan qanun layihəsini təqdim edib. Bu barədə Konqresin rəsmi saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, bu düzəliş ABŞ-ın Azərbaycana hərbi və maliyyə yardımının göstərilməsini məhdudlaşdırır.
Məlumat umun qeyd edək ki, bu ilin avqustunda ABŞ prezidenti “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin müvəqqəti dayandırılması ilə bağlı sərəncam imzalayıb. 1992-ci ildə qəbul edilmiş həmin düzəliş ABŞ-ın Azərbaycana dövlət yardımının göstərilməsini qadağan edir. Rəsmi Bakı Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivlərini, eləcə də Azərbaycanın daha geniş regionda artan rolunu nəzərə alaraq, Amerika tərəfindən bu düzəlişin tam ləğvinə yönəlmiş praktik addımlar gözlədiyini bəyan edib.
Belə görünür ki, ABŞ 907-ci düzəlişin tam ləğvi istiqamətində praktiki hərəkətə keçir.
“Bu ləğv edilməlidir ki, Birləşmiş Ştatların Azərbaycana hərbi, maliyyə yardımı göstərməsində bir əngəl qalmasın”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Azərbaycan son illər apardığı siyasət nəticəsində Cənubi Qafqazın lider dövlətinə çevrilib: “Eyni zamanda Avropa İttifaqının enerji təminatçısına çevrilib. Həmçinin bu gün dünyanın qlobal oyunçusuna çevrilib. Məhz buna görə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması Vaşinqtonda baş verdi. Prezident Donald Trampın bu işdə əməyi danılmazdır. Digər tərəfdən Zəngəzur dəhlizinin açılması ilə bağlı problemlər də öz həllini tapdı. Nəticədə TRİP marşrutunun açılması barədə qərar qəbul edildi. Yəni bu, Azərbaycanın apardığı siyasətin, diplomatiyanın nəticəsidir. Azərbaycan artıq dünyanın qlobal oyunçularından birinə çevrilib. Yaxın Şərqdə, Avropada böyük nüfuz sahibidir. Ona görə də Tramp prezident olandan sonra Azərbaycanla münasibətləri keyfiyyətcə yeni müstəviyə keçirdi. 907-ci düzəlişin tam ləğvi münasibətlərimizi strateji səviyyəyə qaldıra bilər. Bununla bağlı gözləntilər artır. Bu yaxınlarda ekspertlərdən və deputatlardan ibarət Azərbaycan nümayəndə heyəti ABŞ Konqresində olub və bu istiqamətdə çox məhsuldar müzakirələr aparıb. Hesab edirəm ki, 907-ci düzəlişin tam ləğvi strateji baxımdan münasibətlərimizi yüksəldəcək. Görünən odur ki, bu istiqamətdə hər iki tərəf maraq göstərir. Nümayəndələr Palatasının üzvü Anna Paulina Lunanın 907-ci düzəlişin tam ləğvini nəzərdə tutan qanun layihəsini təqdim etməsi də buna bir misaldır. Düzdür, Bayden prezident olana qədər 2002-ci ildən bu düzəliş hər il dondurulurdu. Ancaq Bayden administrasiyası erməni lobbisinin maraqlarından çıxış edərək bundan imtina etdi. Tramp bunu dondursa da, ən məqbulu 907-ci düzəlişin birdəfəlik ləğvidir. Çünki bu, ABŞ-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafına mane olur. Düzəliş tam ləğv edilməlidir ki, Birləşmiş Ştatların Azərbaycana hərbi, maliyyə yardımı göstərməsində bir əngəl qalmasın. O baxımdan çox güman ki, Konqresin Nümayəndələr Palatası 907-ci düzəlişi ləğv edəcək. Nəticədə həm məhdudiyyətlər tam aradan qalxacaq, həm də ABŞ-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edəcək”.
Vidadi ORDAHALLI