Rauf Zeyni: “Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir”
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclasında bir sıra faktlardan danışılıb.
Dövlət ittihamını müdafiə edən prokurorun sözlərinə görə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla da təsdiqlənib ki, Birinci Qarabağ müharibəsi başlanmazdan bir neçə il əvvəl qeyd edilən cinayətkar dəstələr Ermənistan tərəfindən formalaşdırılmağa başlanmışdı: “Doğrudur, tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, həmin dəstələr həqiqətən də Ermənistan rəhbərliyi tərəfindən dəstəklənib və silahlandırılıb. Lakin sonradan biz gördük ki, həmin silahlı dəstələrin rəhbərləri və üzvləri Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma qurumda və Ermənistanda mühüm siyasi və hərbi postlar tutdular. Yəni həmin dəstələr təsadüfi, özbaşına birliklər deyildi və sonradan da Azərbaycan ərazilərini işğal edən cinayətkar ordunun tərkib hissələrinə çevrildilər.
Dövlət ittihamını müdafiə edən prokuror bildirib ki, Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən işğalı danılmaz həqiqət olmaqla məhkəmə iclasında təqdim edilmiş çoxsaylı sübutlar təsdiq edilsə də, bu fakt onun formalaşdırdığı cinayətkar birliyin əsas fiqurlarından olan hazırkı təqsirləndirilən şəxslərin məsuliyyətini azaltmır, onları məsuliyyətdən azad etmir:“Çünki qeyd edilən çoxsaylı cinayətlər məhz Ermənistanın hərbi və siyasi rəhbərliyinin təşkilatçılığı və dəstəyi ilə törədilsə də, hazırkı təqsirləndirilən şəxslərin müxtəlif vaxtlarda qoşulduğu cinayətkar birliyin də iştirakı ilə törədilib. Müəyyən vaxtlarda isə hazırda ittiham edilən şəxslərin bir qismi formal olaraq da Ermənistan dövlətinin hərbi və ya siyasi rəhbərliyində yer tutub. Yəni bu mənada, işğalın təşkilatçılığı, həyata keçirilməsi və saxlanması kontekstində Ermənistan dövləti və qondarma qurum vahid orqanizm kimi fəaliyyət göstərib”.
Ərazilərimizdə göstərilən cinayətlərin törədilməsində Ermənistan dövləti və qondarma qurum vahid bir mexanizm kimi hərəkət edib.
“Bu illər ərzində qondarma qurumla Ermənistan birgə hərəkət edib və bu cinayətləri birgə həyata keçiriblər”
Müstəqil ekseprt Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal altında saxlanılıb, ən müxtəlif cinayətlər törədilib: “Torpaqlarımızın 20 faizi işğalda olduğu, orada soyqırım, insanlıq və bəşəriyyət əleyhinə həyata keçirildiyi zaman biz həmişə deyirdik ki, Ermənistan bizim ərazilərimizdə hərbi cinayətlər həyata keçirir, soyqırım törədir. Beynəlxalq hüquq, humanitar baxımdan bu beynəlxalq cinayətdir və buna görə nə vaxtsa Ermənistan beynəlxalq hüquq, beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir”. R.Zeyni bildirdi ki, Bakıda keçirilən erməni əsilli şəxslərin məhkəməsi zamanı sübut olunmuş faktlar Azərbaycan tərəfin illər əvvəl dediklərini birmənalı olaraq təsdiq etdi. “Çünki bu 30 il ərzində törədilmiş cinayətlərə görə həm şəxslər, həm də konkret dövlət məsuliyyət daşımalıdır. Burada ən böyük məsuliyyət birbaşa Ermənistanın üzərinə düşür”.
R.Zeyni hesab edir ki, məhkəmə prosesində təsdiq olunmuş faktlara görə Ermənistan beynəlxalq hüquq, beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşıyır: “Məhkəmə də sübut etdi ki, bu illər ərzində qondarma qurumla Ermənistan birgə hərəkət edib və bu cinayətləri birgə həyata keçiriblər. Təbii ki, buna görə də Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir. Heç şübhəsiz, qondarma qurumun nümayəndələri layiqli cəzalarını alacaqlar”.
İradə SARIYEVA