Əkrəm Həsənov: "Elmi yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, daimi əsaslarla işləyən bələdiyyə üzvü başqa yerdə çalışa bilməz"
Ədliyyə Nazirliyi fərdi sahibkar Əsəd Əzizovla satınalma müqaviləsi bağlayıb. Müqavilədə mebel və digər inventarların satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 8 184,48 manatdır. Nazirlik bu məbləğə sənəd dolabı, metal stellaj, ISO stul, paltar dolabı, işçi kreslosu, gözləmə kürsüsü, təkərli tumba və masa alacaq.
Məlumat üçün bildirək ki, Əsəd Əzizov Masallı şəhər bələdiyyəsinin sədr müavinidir. O, bələdiyyə seçkilərində namizəd olarkən tərcümeyi-halında fərdi sahibkarlıqla məşğul olduğu qeyd edilib. Bu faktlar nazirliklə müqavilə bağlamış Əsəd Əzizovla Masallı şəhər bələdiyyəsinin sədr müavinin eyni şəxs olduğunu bir daha sübut edir. Qanunvericiliyə əsasən, Əsəd Əzizov biznes fəaliyyəti ilə məşğul ola bilməz. Ancaq o, satınalma müsabiqələrində fəal iştirak edib. Bu hal bir daha bələdiyyələrin qanunsuz fəaliyyətlə məşğul olduğunu göstərir.
"Bələdiyyələrin statusu" haqqında qanuna görə, bələdiyyələrdə daimi əsaslarla işləyən şəxslərə dair məhdudiyyət var"
Hüquqşunas Əkrəm Həsənov baki-xeber.com-a şərhində bildirdi ki, "bələdiyyələrin statusu" haqqında qanuna görə, bələdiyyələrdə daimi əsaslarla işləyən şəxslərə dair məhdudiyyət var: "Daimi əsaslarla işləyən şəxs dedikdə bələdiyyə sədri, onun müavinləri nəzərdə tutulur. Elmi yaradıcılıq və pedaqoji fəaliyyət istisna olmaqla, daimi əsaslarla işləyən bələdiyyə üzvü əsas iş yeri üzrə başqa yerdə çalışa bilməz."
Günel CƏLİLOVA