Ermənistanın məqsədi Avropa İttifaqına üzvlükdür, Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxış deyil .Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya yollanmazdan əvvəl Almaniyada verdiyi mətbuat-konfransında deyib.
Paşinyan vurğulayıb ki, eyni vaxtda iki birliyə üzvlük mümkünsüzdür.
“Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması bir tərəfdən özü-özlüyündə məqsəd deyil, lakin digər tərəfdən ölkənin Avropa İttifaqına üzvlüyü birbaşa məqsəddir. Biz başa düşürük ki, Aİ və Avrasiya İqtisadi İttifaqında eyni vaxtda üzv olmaq mümkün deyil. Biz anlayırıq, elə bir məqam yaranacaq ki, qərar qəbul etmək lazım olacaq. Amma hazırda biz həmin məqamda deyilik, yəni belə bir qərarın qəbuluna indi ehtiyac yoxdur”, – deyə Ermənistanın Baş naziri bildirib.
Onun sözlərinə görə, hazırda belə bir ehtiyac yoxdursa, Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə qərar qəbul etməyə də əsas yoxdur.