Məhəmməd Əsədullazadə: “Fransa bu aktivlər hesabına əlavə maliyyə vəsaitləri əldə etdiyi üçün buna imkan vermir”
Fransa Rusiyanın 18 milyard avroluq aktivini Ukrayna üçün təzminat kreditindən gizlədir. Bu barədə “Financial Times” məlumat yayıb.
“Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitləri Fransa kommersiya banklarında, xüsusən də iri qurumlarda saxlanılır. Buna görə də Belçikanın “Euroclear” depozitarında saxlanılan dövlət qiymətli kağızlarından fərqli olaraq, bu özəl aktivlərin müxtəlif müqavilələri və hüquqi öhdəlikləri var. Paris ümumilikdə Ukraynaya yardım göstərilməsinə etiraz etmir, lakin ölkənin özəl maliyyə institutlarında olan Rusiya aktivlərinin prosesə cəlb edilməsinin əleyhinədir”, - məlumatda bildirilib.
Burada diqqəti çəkən məqam odur ki, üzdə Rusiyanı siyasi olaraq ən çox asıb-kəsən, sərt tənqid edən Fransadır. Ancaq reallıqda Paris Rusiya vəsaitlərini qoruyur. Digər tərəfdən, Fransa Avropa İttifaqında ikinci iqtisadiyyata malik olsa da, Ukraynaya ən az yardım edən ölkələrdən biridir.
“Ukraynada müharibə başlayandan sonra Paris bir neçə dəfə Moskva ilə gizli danışıqlara cəhd edib”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Fransa Rusiya aktivləri hesabına əlavə maliyyə vəsaitləri əldə etdiyi üçün buna imkan vermir: “Nəticədə həmin vəsaitlərin Ukraynaya yönəldilməsinin qarşısı alınır. Təbii ki, Fransa Avropa İttifaqında iqtisadi cəhətdən ikinci dövlət olmaqla yanaşı, hərbi imkanları da böyükdür. Ancaq Fransa öz resurslarını Ukraynanın müdafiəsinə yönəltmək istəmir. Əsas ağırlıq Almaniyanın üzərinə düşür. Ancaq məsələnin digər tərəfi onunla əlaqədardır ki, Fransa iqtisadiyyatında son illər problemlər artmaqdadır. Bu səbəbdən ölkə daxilində Makrona qarşı etirazlar artmaqdadır. Hesab edirəm ki, Fransanın Ukraynaya az yardım etməsinin bir səbəbi də bununla əlaqədardır. Ümumi götürdükdə isə, Fransa Ukraynaya siyasi-hərbi dəstək verir, amma göstərilən hərbi dəstək yetərli səviyyədə deyil. Məsələnin başqa bir tərəfi onunla əlaqədardır ki, tarixən Fransa ilə Rusiya arasında yaxın siyasi əlaqələr olub. Fransa NATO ölkəsi olsa da Rusiya ilə əlaqələrə xüsusi önəm verib. Ola bilsin bu amil də hardasa Fransanın sərt qərarlar verməsinə imkan vermir. Fransanın Rusiya ilə gizli əlaqələri də ola bilər. Biz nəzərə almalıyıq ki, Ukraynada müharibə başlayandan sonra Paris bir neçə dəfə Moskva ilə gizli danışıqlara cəhd edib”.
Vidadi ORDAHALLI