Faiq Ələkbərli: “Bu işlərə kölgə salmaq niyyətlərinin heç bir perspektivi yoxdur, ola da bilməz”
İşğaldan azad olunan Qarabağda beş ilə yaxındır ki, tikinti-quruculuq işləri həyata keçirilir. Ermənilərin viran qoyduğu kəndlərimiz, şəhərlərimiz yenidən tikilib qurulur. Heç şübhəsiz, Qarabağda gedən bu proses ermənilərin yuxusunu qaçırıb və onlar bütün imkanlardan istifadə edib Azərbaycanın gerçəkləşdirdiyi bu işi qaralamağa çalışırlar.
İndiyə qədər erməni mediasında bu səpkidə onlarla cəfəng cızmaqara yer alıb ki, hamısı da bizim gördüyümüz işlərə kölgə salmaq məqsədi güdür.
Orda həm tikinti-quruculuq işləri gedir, həm də ermənilərin işğal dövründə quraşdırdıqları qanunsuz tikililər sökülür. Sökülən binaların isə tarixlə heç bir əlaqəsi yoxdur, gecəqondu tipli qanunsuz tikililərə bizim ərazilərdə yer yoxdur. Bu öz yerində.
Diqqət çəkən məqam odur ki, erməni mediası Qarabağda həyata keçirilən tikinti prosesini özümüzünkülərə istinadən qaralayır.
Sosial şəbəkələrdə azərbaycanlı tarixçi Tural Həmid yazıb ki, guya Qarabağda “möhkəm tikililər sökülür, keyfiyyətsiz tikililər tikilir, büdcəni oğurlayırlar”.
Tarixçi iddia edib ki, guya 2022-ci ilin avqustunda tikintisi başa çatan Şuşa-Laçın yolu bir il sonra dağılıb, amma heç kim məsuliyyətə cəlb olunmayıb.
Erməni mediasının yazdığına görə, tarixçi guya yazıb: “Orta yaşlı insanlar bilir ki, ermənilər tikməyi bilirlər və Qarabağın ətrafında (eləcə də Qazaxda) evlərin böyük əksəriyyəti erməni ustaları tərəfindən tikilib. Çoxumuz bilirik ki, ermənilərin tikdiyi binalar azərbaycanlıların tikdiyi binalardan qat-qat keyfiyyətlidir”.
Tarixçinin belə yazıb-yazmadığını bilmirik, əgər belə iddiada bulunubsa bu tamamilə absurddur və həqiqəti əks etdirmir. Həmin tarixçi gerçəyi yazmaq istəyirdisə, ermənilərin Qarabağı necə viran qoyduğunu, Ağdamda, Füzulidə daşı-daş üstə saxlamadığını, abidələrimizi məhv etdiklərini, məscidlərimizi donuzxanaya çevirdiklərini yazsaydı bu daha ədalətli olardı, nəinki bu cür əsassız fikirlərlə erməni dəyirmanına su tökməyi.
Çox qəribədir ki, bəziləri adlarını tarixçi, jurnalist qoyub guya həqiqəti yazdıqlarını iddia edirlər, amma yazdıqları düşmənin əlində bizə qarşı istifadə olunan arqumentə çevrilir, həm də əsassız aqrumentə.
“Bizim tarixçilər, jurnalistlər nəzərə almalıdır ki, onların qeyd etdikləri kiçik bir ştrixdən belə fürsətcil erməni mediası bizim əleyhimizə istifadə edir”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, 44 günlük Vətən müharibəsindən və 23 saatlıq lokal antiterror tədbirlərindən sonra Azərbaycan vaxtilə işğal altında olan rayonlarımızda, o cümlədən Qarabağda ciddi tikinti-quruculuq, bərpa işləri görüb. “Burda çox yüksək səviyyədə tikinti işləri aparılır, binalar tikilir, kəndlər, qəsəbələr salınır, bərpa olunur. Əlbəttə, bu işlər zamanı hansısa nöqsanlar da ola bilər. Bu tikintiləri müxtəlif şirkətlər həyata keçirir, nöqsan olursa biz bunu Azərbaycan mətbuatında görürük. Əlbəttə, iş olan yerdə nöqsanın da olması qaçılmazdır. Amma ermənilərin azərbaycanlılardan yaxşı bina tikdiyi barədə iddialar əsassızdır. Azərbaycanlılar tikinti sahəsində həmişə yaxşı mənada fərqləniblər, bizim yaxşı ustalarımız olub, bu gün də peşəkar mühəndislərimiz, öz işini əla bilənlərimiz çoxdur.
Erməniləri qıcıqlandıran qısa bir müddət ərzində Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın bərpa olunması, Şuşada ciddi tikinti quruculuq işlərinin aparılmasıdır. Şübhəsiz ki, Qarabağda və digər azad ərazilərimizdə baş verən proseslər onları ciddi narahat edir və Azərbaycan mediasında, yaxud sosial şəbəkələrdəki hansısa kiçik qeydlərdən Azərbaycanın əleyhinə istifadə etməyə çalışırlar. Bu təbii ki, ciddi əhəmiyyət daşımır. Hətta onların bizə istinad etməsinin də faciəvi bir tərəfi yoxdur. Amma bizim tarixçilər, jurnalistlər nəzərə almalıdır ki, onların qeyd etdikləri kiçik bir ştrixdən belə fürsətcil erməni mediası bizim əleyhimizə istifadə edir və Qarabağdakı möhtəşəm işləri qaralamağa çalışırlar. Odur ki, diqqətli olmalıyıq. Müharibə bitsə də informasiya savaşı bitməyib və bizim yazdığımız hər sözü onlar bizim əleyhimizə istifadə etməyə çalışırlar. Dünyaya göstərmək istəyirlər ki, guya azərbaycanlılar tikinti işini bacarmırlar, guya ermənilərin tikdikləri daha möhkəmdir. Bu kimi absurd iddialarla onlar dünyanı aldatmağa çalışırlar”.
F.Ələkbərli qeyd etdi ki, ermənilərin bir vaxtlar viran qoyduqları Ağdamın yenidən bərpası onların narahatlığına səbəb olur. F.Ələkbərlinin sözlərinə görə, hansısa kiçik nöqsanları şişirdib Azərbaycanın əleyhinə çevirməklə ermənilər heç nə əldə edə bilməz. “Onlar belə şeylərlə özlərinə bir qədər təsəlli verirlər. Dünyanın gözü qarşısında vaxtilə dağıdılan kəndlər və şəhərlər bu gün bərpa edilir, erməni mediası da bundan narahat olur. Onların bu işlərə kölgə salmaq niyyətlərinin heç bir perspektivi yoxdur, ola da bilməz. Qarabağ bölgəsi tamamilə yenilənir, beynəlxalq hava limanları tikilir, məhv olmuş şəhərlər, kəndlər yenidən tikilir, bərpa olunur...”
F.Ələkbərli qeyd etdi ki, erməni mediasının bu cür təxribatları da iflasa uğrayacaq.
İradə SARIYEVA