Paşinyanla Akopyan katolikos Qareginin nüfuzunu beləcə yerə sürtdülər...

Tural İrfan: “Katolikosun onsuz da Ermənistanda hörməti yoxdur, erməni xalqı da bilir ki, o, xarici qüvvələrin siyasi alətinə çevrilib”
Ermənistanda kilsə ilə hökumət arasında yaranan gərginlik durmadan artır. Məlumdur ki, Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib.
O bildirib ki, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.
Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini xəyanətdə ittiham edib: “Paşinyan vurğulayıb ki, II Qaregin subaylıq andını pozaraq, kilsəyə xəyanət edib. Niyə zinakar bir “subay keşiş” (II Qaregin) sizə hökmranlıq və rəhbərlik etməlidir? O, bu hüququ murdarladığı subaylıq andı sayəsində əldə edib. Ktriç Nersisyan da mənim qardaşımdır. Amma o, katolikos deyil və Ali Patriarxlığı tərk etməlidir. Əgər getməsə, qardaşlar, biz onu hörmətli evli keşişlər kimi birlikdə uzaqlaşdıracağıq”.
Demək olar ki, hazırda Ermənistanda kilsə ilə hökumət üz-üzə dayanıb. Görünən odur ki, bu savaş hansısa tərəfin sonunu gətirəcək. Maraqlıdır, erməni katolikosunun andını pozaraq evlənməsi barədə Paşinyanın ittihamları katolikosun Ermənistanda nüfuzuna necə təsir edəcək?
“Subaylıq andını pozubsa, inanclı ermənilər arasında da hörmətdən düşüb deməkdir, əslində kilsə qanunlarına görə o artıq yerində qala bilməz"
İlahiyyatçı Tural İrfan "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Erməni katolikosu əslində siyasətə qarışır və təxribat yaradır. Sadəcə, Ermənistanda din-dövlət məsələlərini tənzimləyən qanun normal deyil: "Ona görə də kilsə dövlətin işinə müdaxilə edir. Paşinyan isə katolikosun subaylıq andını pozmasından başqa sübut tapa bilmir. Əslində isə kilsə Ermənistanda Rusiyanın əli ilə dövlət çevrilişinə cəhd edir".
Həmsöhbətimiz onu da əlavə etdi, katolikosun onsuz da Ermənistanda hörməti yoxdur. Erməni xalqı da bilir ki, o, xarici qüvvələrin siyasi alətinə çevrilib: "Subaylıq andını pozubsa, inanclı ermənilər arasında da hörmətdən düşüb deməkdir. Əslində kilsə qanunlarına görə o artıq yerində qala bilməz".
Günel CƏLİLOVA