Yukos şirkətinin sabiq səhmdarlarının maraqlarını təmsil edən GML şirkətinin direktoru Tim Osborne BBC-ə bildirib ki, Belçika və Fransada Rusiyaya məxsus əmlaka girişin məhdudlaşdırılması Haaqada yerləşən Arbitraj Məhkəməsinin qərarının icrasının reallaşdırılmasıdır. O qeyd edib ki, bu proseslərin hələ başlanğıcıdır.
Baki-xeber.com xəbər verir ki, ötən il Arbitraj Məhkəməsi qərar verib ki, Rusiya YUKOS şirkətinin səhmdarlarının çoxmilyardlıq itkilərini kompensasiya etməlidir, sabiq səhmdarlara 52 milyard dollar ödəməlidir. Rusiya bu məbləği ödəməyib və məhkəmə qərarını yerinə yetirmək ilə bağlı istəkli olduğunu da göstərməyib.
Buna görə də, cənab Osborne Belçika, Fransa, Böyük Britaniya və ABŞ-da məhkəmələrə müraciət edərək təzminatın Rusiyanın bu ölkələrdəki əmlakı hesabına ödənilməsini istəyib. Onun sözlərinə görə, Belçika və Fransadakı əmlaklar ona görə dondurulub ki, iddiaçıların xeyrinə istifadə edilsin.
Eyni addımlar ABŞ və Böyük Britaniyada da atılacaq.
Rusiyanın Ədliyyə Nazirliyi Belçikadakı Rusiya səfirliyi və Rusiyanın Aİ yanında daimi nümayəndəliyinin hesablarının da həbs edildiyini bildirib. Bununla yanaşı başqa aktivlərə də həbsin qoyulduğu qeyd olunur.
YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovski də məsələyə münasibət bildirib. O, deyib ki, neft şirkətinin sabiq səhmdarlarının işi üzrə Haaqa Arbitraj Məhkəməsi hökmünün icrası ilə bağlı Rusiyanın "əsəbi” reaksiyasını izləyir.
Mixail Xodorkovski ona məxsus payın 2004-cü ildə tərəfdaşları tərəfindən satın aldığına görə prosesdən mənfəət qazanacaq şəxslərə aid olmadığını təkrar edib. Buna rəğmən o bir Rusiya vətəndaşı kimi baş verənlərə səmimi sevindiyini deyib: "Ölkəmiz üçün bu, əlamətdar bir məqamdır: Birincisi bu, qarətçinin nə qədər qüdrətli görsənməsindən asılı olmayaraq, qarətçiliyin cəzasız qalmayacağına dair siqnaldır; ikincisi, bu, mülkiyyət haqqının möhkəmlənməsinə doğru atılmış addımdır ki, onun xaricində ölkənin davamlı inkişafına nail olmaq mümkün deyil”.
Mixail Xodorkovski aktivlərin həbsindən əldə olunmuş vəsaitlərin Rusiya ictimaiyyəti üçün faydalı layihələrə yönələcəyinə ümid etdiyini bildirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva xaricdəki aktivlərinin həbsinə cavab verəcək. O bildirib ki, Rusiya ilk növbədə Belçikadakı diplomatik missiyanın hesablarına qoyulmuş həbsin aradan qaldırılmasına çalışacaq.
"Cavab qarşılıqlı olacaq, bu, qaçılmazdır”, - deyə o vurğulayıb.
Artıq Rusiya Belçikada aktivlərin həbsinə etiraz edib. Moskva öz narazılığını Xarici İşlər Nazirliyinə çağrılmış Belçikanın Rusiyadakı səfirinə çatdırıb. Rusiya - məsələ öz həllini tapmazsa - Belçikaya qarşı analoji addımların atılacağını bildirib.
Rusiyanın maliyyı naziri Anton Siluanov isə Haaqadakı məhkəmə hökmünə qarşı tezliklə iddia qaldırılacağını bildirib.