Artıq bir neçə həftədir ki, Neft Kəmərləri İdarəsinin sabiq rəisi, YAP Siyasi Şura üzvü, cəmiyyətdə ən səmimi Heydər Əliyevçilərdən biri kimi tanınan Rizvan Vahabova qarşı 7 nəfər iddiaçının yaydığı materiallar əsasında çox ziddiyyətli və özünüinkar elementlərilə zəngin yazılar və xəbərlər çap olunur.
Biri onu heç bir əsas olmadan öz şəxsi fərziyyələri əsasında Əkrəm Əylisliyə bacanaq çıxarır, digəri onun başqa bacanaq qohumunun adını çəkir. Kimi Əli Kərimliyə bağlayır, kimisi də onu narazı məmurların qruplarına daxil edir. Ancaq bütün hallarda onun səmimi bir Heydər Əliyevçi olduğunu görmək istəmirlər. Beləcə, sabiq məmurun şəxsi həyatını və özəl fəaliyyətini dolaşdırmağa çalışır, bu dolaşıq ab-havada öz bildiklərini ictimai rəyə sırımaq istəyirlər. Ancaq nə qədər ziddiyyətli və dolaşıq mənzərə yaratmağa çalışsalar da, əmlak mübahisəsində bəzi mühüm həqiqətləri ört-basdır edə bilmirlər.
Rizvan Vahabovun özünün əvvəlki günlərdə mətbuata dediyi kimi, "mənim düz işimi əymək istəyən qərəzli adamlara çox baş qoşmaq istəmirəm" deməklə təmkinli davranması, görünür qarşı tərəfi, hətta bəzi media orqanlarını qızışdırmağa başlayıb, hətta qıcıqlandırıb və dünən elə bunun nəticəsi kimi özünü göstərən bir faktla mətbuat səhifələrində rastlaşdıq. Həmin 7 nəfərdən ibarət qrup Rizvan Vahabov barəsində ölkə Prezidenti cənab İlham Əliyevə müraciət edib. Məhz həmin müraciətdə bir sıra məqamlar diqqətimizi cəlb etdi. Yazırlar ki, "cənab Prezident, sizin mayın 27-də "Buta" sarayında Respublika Günü ilə bağlı tədbirdə çıxışınız bizi çox məmnun etdi"... Bundan sonra isə cənab Prezidentin həmin çıxışından böyük bir sitat gətirirlər. İstər-istəməz həvəs yarandı ki, müraciətə imza atmış həmin 7 nəfərin indiyə qədər cənab Prezidentin hansısa çıxışına, səfərinə belə bir dəstək reaksiyasının olub-olmadığını araşdıraq. İnternet axtarışımız göstərdi ki, belə fakt yoxdur və müraciətdən də göründüyü kimi, 19 maya təyin olunmuş Ali Məhkəmə araşdırmasından bir gün əvvəl cənab Prezidentə açıq mətbuat vasitəsi ilə müraciət etməyin və həmin müraciətdə cənab Prezidentin çıxışından sitat gətirməyin arxasında sağlam niyyət durmur. Adamdan soruşarlar ki, Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq çox maraqlı çağırış, tələb, tənqid, tövsiyə xarakterli çoxsaylı çıxışları olduğu halda, bu adamlar nə əcəb indiyədək bir dəfə mətbuata çıxıb cənab Prezidentin siyasətini və hansısa bəyanatını dəstəkləməyiblər? Demək, ortada xoş olmayan, hətta çirkin niyyət var ki, məhz 19 may tarixli məhkəmə ərəfəsində cənab Prezidentə "təmənnalı dəstək" ifadə etməyə ehtiyac duyublar. Ancaq bildiyimiz qədər, cənab Prezidentin belə təmənnalı dəstəklərə ehtiyacı yoxdur, Ali Məhkəmə isə belə "gedişlərin" arxasında açıq-aşkar şantaj niyyətlərinin dayandığının, yəqin ki, fərqinə varacaq.
7-lərin cənab Prezidentə müraciətində diqqətimizi bir məqam da çəkdi - 2010-cu ildəki parlament seçkilərinə qısa səyahət... Bəli, 7-lər məhz o hadisələrə səyahət ediblər.
İddia ediblər ki, Rizvan Vahabov 2010-cu il parlament seçkilərində əmlakını MSK-dan gizlədib. Bu mülahizə xüsusilə maraqlı görünür, həm də marağı büsbütün iddiaçı tərəf olan 7-lərin üstünə yönəldir. Sual olunur ki, söhbət Rizvan Vahabovla 7 nəfərin məhkəmə subyekti olmuş əmlak mübahisəsindən getdiyi halda, hansısa seçkinin bura nə dəxli var? Məntiq hökm edir ki, bu adamlar xüsusi qərəzli motivlərlə, nəyin bahasına olursa olsun, Rizvan Vahabovu vurmağa, onu hörmətdən salmağa çalışırlar. Ancaq normal düşüncə ilə proqnoz olunsa, yəqin Ali Məhkəmədə də sual veriləcək ki, seçki məsələsinin əmlak mübahisəsinə nə dəxli var? 2010-cu ilin parlament seçkilərində Vahabovun təqdim etdiyi 500 imzanın 130-nun guya saxta çıxması barədə müraciətdə yer almış fikir isə bu cəhətdən lap "ağ" görünür. Axı 2010-cu il parlament seçkilərində Rizvan Vahabov 110 saylı Zaqatala seçki dairəsində namizəd kimi qeydiyyata alınmışdı və sonradan namizədliyini özü geri götürdü. İnternet-arxivdə bu məlumatlar var. Belə olan halda 130 imza məsələsini dəxli olmayan bir mövzunun içində gündəmə gətirməyin adı görəsən nədir?
İnternet araşdırmalarımızda başqa bir maraqlı nüansa da rast gəldik. Siz deməyin, Rizvan Vahabovu seçki saxtakarlığında ittiham edənlərin özlərinin məhz həmin mübahisəli əmlak sənədlərində çox şübhəli, hətta saxtakarlıq əlamətləri olan məqamlar var imiş... Daha öncə mətbuat səhifələrində çap olunmuş materiallardan görünür ki, 2011-ci ilin aprelində çıxarılmış və bu günə qədər qüvvədə qalan məhkəmə qərarına görə Murtuza Muxtarov 145 ünvanındakı əmlakın rəsmi alış-satışına həmin tarixdən qadağa qoyulub. Ancaq maraqlıdır ki, Rizvan Vahabova qarşı iddia qaldırmış şəxslərin adına həmin ünvandakı sənədlər 2011-ci ilin noyabr ayından başlayaraq rəsmiləşib. Sual olunur, məhkəmə bu obyektləri mübahisələr bitənədək alqı-satqıya çıxarmağı qadağan edibsə, həmin əmlak 7 nəfər iddiaçıların adına necə, kim tərəfindən, nəyin müqabilində sənədləşdirilib? Bu, saxtakarlıq, rüşvət vermə və ya başqa cinayət tərkiblərinin olduğu barədə şübhələrə əsas vermirmi? Yəqin ki, bugünkü məhkəmədə məhz bu məsələ də aydınlaşacaq.
Araşdırmalarımız nəticəsində meydana çıxan növbəti məqam daha maraqlıdır. Aydın olur ki, Rizvan Vahabovla həmin 7 nəfər iddiaçının mübahisəsi üzrə indiyə qədər baş vermiş 4 məhkəmə prosesinin 3-də Rizvan Vahabovun qaynanası kimi təqdim olunan qadının M.Muxtarov 145 ünvanındakı əmlaka mülkiyyət hüququ əsaslı olaraq təsdiqlənib. O cümlədən daha öncə Ali Məhkəmə də Rizvan Vahabovun qaynanasının xeyrinə qətnamə çıxarıb... Sual olunur: ciddi əsaslar olmasaydı, 4 məhkəmənin üçü eyni qərarı verərdimi? Bu halda məhkəmələri də saxtakarlıqda suçlamaq nə qədər doğru olardı?
Müraciətdəki başqa bir mülahizə isə yəqin bu gün Ali Məhkəmənin iclasına toplaşacaq hakimlərdə də iddiaçıların niyyətləri barədə tam aydın təsəvvür yaradacaq. Yazırlar ki, "Rizvan Vahabov məhkəmələrə təsir etmək üçün hər yerdə deyir ki, Ali Məhkəmə mənim üçün heç nədir".
Maraqlıdır, görəsən Rizvan Vahabov 7 nəfər iddiaçıdan hər hansı birinin yanında belə sözlər deyibmi?
Deyibsə, niyə səsyazma, videoçəkiliş aparma imkanlarının indiki səviyyəsində hər şeyi lentə alaraq Rizvan Vahabov kimi bir "düşməni" birdəfəlik məhv etmək şansı əldən buraxılıb? Niyə? Çəkib göstərsəydilər, hamı da inanardı ki, Rizvan Vahabov həqiqətən bu sözləri deyib.
Ancaq sübutsuz şəkildə mətbuata çıxarılan bu sözlərin xüsusi qərəzlə deyildiyi, həm də Ali Məhkəmə hakimlərini Rizvan Vahabova qarşı kökləmək niyyəti güddüyü açıq-aşkar görsənir.
Həqiqətən də maraqlıdır, Ali Məhkəmənin həmin mübahisəli əmlak məsələsinə baxmasından cəmi bir gün əvvəl Rizvan Vahabovun dilindən mətbuata "Ali Məhkəmə mənim üçün heç nədir" fikrini ötürməyin mənası nədir? Hər halda, dərin düşünülmüş taktika deyil, əgər məqsəd məhkəmədən qabaq Ali Məhkəməni Rizvan Vahabova qarşı kökləməkdirsə, hakimləri qorxutmaq və şantaj etməkdirsə...
Göründüyü kimi, bugünkü məhkəmədə çox maraqlı məqamlar ortaya çıxarıla bilər. Ancaq biz bildiyimiz qədər, məhkəmələr hansısa qəzet yazısı, müraciət kimi qeyri-hüquqi istinadlarla yox, məhz qanuni və təmiz sənədlər əsasında qətnamə və hökmlər çıxarır.
Namiq QULİYEV