Son vaxtlar bəzi KİV-lərdə barəsində əsası olmayan, inanılmaz qərəzli məlumatlar yazılmış tanınmış sima, uzun illər dövlət strukturlarında yüksək vəzifə tutan, YAP Siyasi Şurasının üzvü Rizvan Vahabovla çətinliklə də olsa, əlaqə saxlayıb bu yazılara münasibətini öyrənməyə çalışdıq… R.Vahabovun belə dedi-qodulardan uzaq olmasını bildiyimizdən, ona qısa da olsa məsələyə dair eksklüziv mövqeyi bizim üçün maraqlı idi. Həmsöhbətimizin məlum mövzu ilə bağlı sualımıza cavabı da özünəməxsus tərzdə oldu:
-Rizvan müəllim, ictimai rəyə hesablanmış xarakter və fəaliyyətiniz barədə yetərincə məlumatlıyıq. Açıq desək, bəlkə də barənizdə hansısa problemləri qoşalaşdırıb uydurma fikirlər səsləndirsəydilər, mətbuatımızın bu günkü reallığı baxımından təəssüfləndirici də olsa, təbii qəbul edərdik. Amma adınızı AXCP sədri Əli Kərimli ilə iş birliyində və s. kimi ağlagəlməz digər fəaliyyətdə, qalmaqalda hallanması maraqlı görünür. Nə baş verir?
-Yəqinki siz «Gündəlik Bakı» və «Yeni Müsavat» qəzetlərində, birinciyə istinadla digər bəzi saytlarda dərc olunmuş yazıları nəzərdə tutursunuz… Bilirsiniz, adı çəkilən KİV-lərdə hansı dövlət məmuru barədə yazılmayıb… Həmin məmurları yaxşı tanıdığımdan bunlar mənə həmişə qəribə gəlib ki, bunlar niyə belə yazırlar? İnsanın şəxsiyyəti əleyhinə nəyisə yazanda düşünmək lazımdır, bu böyük məsuliyyətdir. Belə uydurma, qərəzli və əsası olmayan fikirləri indi də mənə qarşı istifadə edirlər. Eyni taktika və metoddur… Mən, bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq olan, böyük şəxsiyyətin xeyir-duası ilə uzun illər dövləti vəzifələrdə çalışmış, indi də cənab Prezident İlham Əliyevin siyasi xəttinə uğurlu dəstək verən, bir mövqeyi olan insanam. Mənim bir yolum olub və kimin nə yazıb, nə uydurmasından asılı olmayaraq, belə şeylərə fikir də vermirəm… Təkrar edirəm, qəzetin yazıdığına onu yazan özü şübhə ilə yanaşırsa, inanmırsa, mən niyə inanmalıyam? Yaxud, niyə reaksiya verməliyəm? Başqa sözlə, əgər onlar qərəzli və uydurma yazılarından qalmırsa, mən niyə onların bu yalanlarına fikir verməməkdən qalım? Bircə məsələni demək istəyirəm ki, insan var-dövlətini itirərsə, həyatında az bir şeyini itirər… İnsan vicdanını itirərsə, artıq hər şeyini itirmiş olacaq! Ona görə də, bilirsiniz ki, mən heç bir KİV-ə bu cür dedi-qodular barədə açıqlama vermirəm. Amma sizin qəzet və saytda arxasında sənəd və ciddi araşdırma dayanan yazıları gördüyümdən, sualınızı cavablandırmağı özümə borc bildim… Jurnalistlərə tövsiyyəm odur ki, kiminsə haqqında əsası olmayan nəyisə yazanda, ilk növbədə özünü barəsində o cürə yazı yazılan şəxsin yerində görsünlər…
-Açıqlamaya görə təşəkkürlər edirik.