İran Suriya prezidenti Bəşər Əsədi hakimiyyətdə saxlamaq üçün əfqan və pakistanlı pullu əsgərləri yığaraq, İŞİD-lə döyüşmək üçün cəbhəyə göndərir. Baki-xeber.com xəbər verir ki bu barədə İngiltərənin "Times” qəzeti məlumat yayıb.
Xəbərdə İranın Əfqanıstan və Pakistandan Əsəd rejiminə dəstək üçün yığdığı şiə pullu əsgərlərə minlərlə dollar təklif etdiyi bildirilir: "Kabildəki şiə təşkilat liderlərinə görə, pullu əsgərlərin toplanmasını Əfqanıstanın paytaxtındakı İran səfirliyi koordinasiya edir. Səfirlik hər ay Suriyada döyüşə qatılmaq istəyən yüzlərlə şəxsə viza verir. Pakistanda da internet üzərindən pullu əsgər toplanır. Döyüşçülərə 3 min dollara yaxın pul təklif edilir”.
Qəzet Əfqanıstanda bu kampaniyaya qoşulan şiə hazaraların uzun müddətdir ölkələrində təzyiq altında yaşadıqlarını xatırladır.
Qəzetə danışan bir şiə lider isə onları Suriyada döyüşlərə itələyən əsas səbəbin işsizlik olduğunu deyir. Onun fikrincə burada dini səbəblər də rol oynayır.
Qeyd edilir ki, İranda təxminən 2 milyon qaçaq əfqan yaşayır. Qəzetin iddiasına görə, bu insanlardan bəziləri deportasiya edilməklə təhdid edilərək Suriyada cəbhəyə göndərilir.
Suriyalı müxalif döyüşçülər də son vaxtlar ələ keçirdikləri ya da öldürdükləri əfqan ya da pakistanlı döyüşçülərin sayında artım olduğunu deyirlər: "Son 4 ayda savaşdığımız adamların 80 faizi əcnəbilərdir, döyüşçülərin yalnız 20 faizi Suriya ordusunun əsgərləridir”.
Suriya ilə bağlı yayılan başqa bir xəbərdə isə bildirilir ki, Əsəd rejimi Hələb şəhərini ələ keçirməyə çalışan İŞİD terrorçularına dəstək verir.
Son vaxtlar İraqda Ramadi və Suriyada Palmira şəhərini ələ keçirən terrorçuların növbəti hədəfinin Hələb olduğu bildirilir. ABŞ Dövlət Departamenti Hələbin şimalını ələ keçirməyə çalışan İŞİD-ə Əsəd rejiminin kömək etdiyini iddia edir. İddiaya görə, İŞİD-in irəliləməsini asanlaşdırmaq üçün Suriya ordusu qırıcı təyyarələrlə suriyalı müxaliflərin mövqelərini bombalayır.
ABŞ Dövlət Departamenti bildirir ki, son vaxtlar ağır məğlubiyyətlər alan Suriya rejimi xalqa qarşı İŞİD-i dəstəkləməyə başlayıb.
Bu arada İngiltərənin paytaxtı Londonda yayımlanan ərəb qəzet "Aşark El Avsat” Rusiya prezidenti Vladimir Putinin Əsəd rejimindən üz çevirdiyini yazır.
Qəzet Qərb və Ərəb mənbələrə istinadən bildirir ki, Rusiya Əsəd rejiminə kömək etmək üçün bölgədə saxladığı yüzə yaxın adamını Suriyadan çıxarıb. Rusiyanın Körfəz ölkələri ilə mövqeyini möhkəmləndirmək istədiyi və bu şəkildə Ukrayna böhranının ardından Avropa Birliyi tərəfindən tətbiq olunan iqtisadi sanksiyaların təsirini azaltmağa çalışdığı iddia edilir. Lazkiye aerodromu vasitəsilə Rusiyaya dönən 100 nəfərin Bəşər Əsədin yanına yerləşdirilmiş mütəxəssis və strateqlər olduğu iddia edilir.
Səudiyyə Ərəbistanı rəhbərliyinə yaxın qəzetin bu xəbərinə şübhə ilə yanaşılır. Ancaq, bir müddət əvvəl Əsəd rejimi və Hizbullaha yaxın bir çox mətbuat orqanı da Dəməşq rəhbərliyini çətin günlərin gözlədiyini yazmışdı. Xəbərlərdə Əsədin hazırda Suriya torpaqlarının yalnız 25 faizinə nəzarət etdiyi bildirilir.