Rusiya Avropa Birliyinin Ukrayna böhranı və Krımın ilhaqını səbəb göstərərək tətbiq etdiyi ağır iqtisadi sanksiyalara "qara siyahı” ilə cavab verib. Belə ki, Moskva AB ölkələrindən 89 rəsmi şəxsin ölkəyə girişini qadağan edib.
Baki-xeber.com xəbər verir ki, Rusiyaya girişi qadağan edilən 89 avropalı siyasətçi və hərbi səlahiyyətlinin adları səfirliklərə çatdırılıb.
"Qara siyahı”ya salınanlar arasında Avropa Parlamentinin tanınmış şəxsləri, yüksək rütbəli hərbi, təhlükəsizlik və kəşfiyyat səlahiyyətlilərinin olduğu bildirilir. Onların Baltik ölkələri, Polşa, İsveç, İngiltərə və Almaniyadan olduğunu qeyd edilir. Siyahıdakı bir çox şəxsin Kremlə açıq müxalifliyilə tanınan şəxslər olduğu, onlardan bəzilərinin son bir neçə ayda Rusiyaya girişinə imkan verilmədiyi qeyd edilir.
Siyahı rəsmən açıqlanmayıb. Ancaq siyahının internetə sızdırıldığı bildirilir. Hələlik Rusiya Xarici İşlər Nazirliyi Qərb mediasında yayılmış siyahını təsdiqləməyib. Xarici İşlər Nazirliyindən açıqlanan siyahını təsdiqləməyəcəklərini, ancaq qərarın AB-nin Rusiya sanksiyalarına cavab olduğu bildirilib: "Bu qərar bəzi Avropa Birliyi üzvlərinin Rusiyaya qarşı sanksiyalarına cavab olaraq verilib".
Digər tərəfdən Moskvadakı AB nümayəndəliyi əlaqədar sənədin onlara çatdırıldığını açıqlayıb: "Siyahını aldıq. Hüquqi ölçüləri və ya digər şeylərlə əlaqədar əlavə bir məlumatımız yoxdur".
O da bildirilir ki, Niderland Xarici İşlər Nazirliyi Moskvadan siyahının açıqlanmamasını tələb edib. Rəsmi Berlin isə 8 rəsmisinin siyahıda yer alması ilə əlaqədar Moskvadan açıqlama tələb edib.
Avropa Birliyi isə Rusiyanın 89 avropalı siyasətçi və hərbçinin ölkəyə girişinə qadağa qoymasına münasibət bildirib və bunu pisləyib. Avropa Birliyi rəsmiləri diplomatların bir neçə cəhdindən sonra Rusiyanın siyahını onlara çatdırdığını bildirib.