ABŞ 33 il sonra Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxardı. Vaşinqton bu addımı atmaq üçün 45 gün gözləmək məcburiyyətində qalıb.
Baki-xeber.com xəbər verir ki, Kubanın ABŞ-ın terrora dəstək verən ölkələr siyahısından çıxarılması ilə əlaqədar yekun qərarı ABŞ dövlət katibi Con Kerri verib.
Kubanın Vaşinqtonun terrora dəstək verən ölkələr siyahısından çıxarılması uzun bir prosedur keçib. Əvvəlcə ABŞ prezidenti Barak Obama aprel ayının ortalarında bununla bağlı sərəncamı imzalayıb. Sonra Obamanın imzaladığı fərman araşdırılması üçün Konqresə göndərilib.
Konqresin qərara etiraz etmək üçün 45 gün vaxtı var idi. Qanuni müddətin başa çatmasına - 29 maya qədər etiraz edilmədiyi üçün də Dövlət Departamenti lazımi addımları atıb.
İki ölkə arasında yaxınlaşma
Kubanın siyahıdan çıxarılması iki ölkə arasındakı əlaqələrin yumşalma prosesində ən əhəmiyyətli mərhələlərdən biri olaraq görülür. Kuba Soyuq müharibə dönəmində - 1982-ci ildə terrora dəstək verən ölkələr siyahısına salınmışdı.
Prezident Obamanın Konqresə təqdim etdiyi hesabatda isə Kubanın son altı ayda heç bir terrorçu fəaliyyəti olmadığı və Kuba hökumətinin gələcəkdə də 'terrorizmi dəstəklənməyəcəyi' ifadə edilir. Obamanın bu qərarından sonra sözügedən siyahıda yalnız 3 ölkə - İran, Suriya və Sudan qalır.
Onu da qeyd edək ki, Obama Kuba prezidenti Raul Kastro ilə bir müddət əvvəl Panamada bir araya gəlmişdi.