Azərbaycan "Cənub qaz dəhlizi” layihəsində aparıcı rol oynayır. Trend-in məlumatına əsasən, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Rossiya 24” telekanalına müsahibəsində deyib. E.Məmmədyarov bildirib ki, Azərbaycan bu layihədə ona görə aparıcı rol oynayır ki, bizim qaz olmasa, layihə də olmayacaq.
Nazir qeyd edib ki, danışıqlar zamanı ötən həftə Riqada başa çatan Aİ "Şərq tərəfdaşlığı” Proqramı Sammitinin nəticələri müzakirə edilib: "Riqa Sammitində "Şərq tərəfdaşlığı” ölkələri üç qrupa ayrılıb. Birinci qrup ölkələri – Ukrayna, Gürcüstan və Moldova - Aİ ilə qarşılıqlı əlaqələrini azad ticarət üzrə saziş də daxil olmaqla, assosiativ saziş səviyyəsində müəyyənləşdirib. İkinci qrup ölkələr – Belarus, Ermənistan – Aİ ilə münasibətlərini Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqına üzvlük çərçivəsində müəyyənləşdirib. Üçüncü qrup – Azərbaycan – Aİ ilə qarşılıqlı əlaqələrini ikitərəfli münasibətlər baxımından müəyyənləşdirib. Mən Riqada oldum və istədiyimiz strateji tərəfdaşlıqla bağlı razılıq layihəsini təqdim etdim”.
E.Məmmədyarov qeyd edib ki, 45 milyard dollar dəyərində olan layihə Avropa Komissiyasının müzakirə etdiyi ən böyük layihədir.
İlk Avropa Oyunlarının keçirilməsi Azərbaycanın əhəmiyyətini dəfələrlə artıracaq
Elmar Məmmədyarov Bakıda keçiriləcək İlk Avropa Oyunlarına da toxunub. Bildirib ki, I Avropa Oyunları kimi bir bayramın Azərbaycanda keçirilməsi nəinki şərəf və hörmətdir, həm də ölkənin inkişafına böyük təkandır.
Nazirin sözlərinə görə, Oyunların sayəsində Azərbaycanın nüfuzu artacaq: "Bu da Azərbaycan kimi cavan və müstəqil ölkənin təbliğatının nəticəsi deməkdir".
Rusiya Dağlıq Qarabağ münaqişəsinə təkan vermək istəyir
E.Məmmədyarov bildirib ki Sergey Lavrovla keçirilən görüşün əsas mövzusu Rusiyanın "Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan vermək" arzusu olub. Nazir qeyd edib ki, Rusiya ilə olan strateji əməkdaşlıq çoxtərəfli olaraq iqtisadi, siyasi və humanitar məsələləri özündə əks etdirir.
E.Məmmədyarovun sözlərinə görə, Rusiyalı həmkarı ilə danışıqlardan sonra iki ölkə arasında növbəti iki il üçün əməkdaşlıq və konsultasiya haqqında sənəd imzalanıb: "Ən əsası odur ki, strateji əməkdaşlıq nəinki mərkəzi qurumlarda, həm də regionlarla da münasibətdə əksini tapır. Rusiya və Azərbaycan regionları arasında yaxşı münasibət var".
Görüş zamanı S.Lavrovun Ukraynadakı münaqişə ilə bağlı məlumat verməsi də qeyd olunub.
"Münaqişələrin həlli o dərəcədə vacib məsələdir ki, onu generallara etibar etmək olmaz. Burada diplomatiya öz sözünü deməlidir, - deyə E.Məmmədyarov bildirib.
Azərbaycanın Avrasiya iqtisadi əməkdaşlığına daxil olub-olmayacağı barədə danışarkən nazir qeyd edib ki, Azərbaycan dövləti öz xarici siyasətini milli maraqlara uyğun olaraq qurur: "Bu da öz növbəsində ölkənin iqtisadi, siyasi, humanitar inkişafını və müstəqilliyini möhkəmləndirir".
Xarici işlər naziri qeyd edib ki, Avrasiya iqtisadi əməkdaşlığında Gömrük İttifaqı böyük rol oynayır, lakin Ermənistan tərəfindən işğal olunmuş torpaqlar probleminin hələ də qalması Azərbaycanın Gömrük İttifaqında olmasına imkan vermir. Lakin E.Məmmədyarov Ermənistan qoşunlarının arxaya çəkildiyində, vəziyyətin normallaşdığı, sərhədlərin açıldığı təqdirdə, Azərbaycanın İttifaqda iştirakının mümkün olduğunu deyib.