Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov Moskvada keçirilən danışıqlarda iki ölkə arasında yüksək səviyyədə olan fəal dialoqu vurğulayaraq bunun ikitərəfli əməkdaşlığın istisnasız bütün məsələlərini həll etməyə imkan verdiyini bildiriblər. Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.
S.Lavrov görüşdə deyib: "Sizi Moskvada salamlamağa şadıq. Bakıda insanların ölümü ilə nəticələnniş yanğınla əlaqədar başsağlığı vermək istərdim. Sizin rəsmi səfəriniz çərçivəsində danışıqların keçirilməsi imkanına dəyər veririk. Rəhbərlərimiz tərəfindən qoyulan dəqiq məqsədlərimiz var. Rusiya və Azərbaycan prezidentləri mütəmadi görüşürlər, onlar arasında konstruktiv dialoq var ki, bu da istisnasız bütün məsələləri həll etmək üçün şərait yaratmağa imkan verir.
E.Məmmədyarov da öz növbəsində bildirib ki, danışıqlar zamanı ikitərfli əməkdaşlığın bütün aspektlərini müzakirə etmək niyyətindədir: "Ümid edirəm ki, rəhbərlərimizin tapşırıqlarını yerinə yetirməkdə irəliyə hərəkət edə biləcəyik. Rəhbərlərimzin verdiyi tapşırıqlar ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasını təsdiq edir”.
Azərbaycan XİN rəhbəri xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin iyunun 12-də Bakıda I Avropa Oyunlarının açılışında iştirak edəcəyi gözlənilir: "Səfər zamanı aktual olan gündəmin konkret məsələlərini müzakirə etmək planlaşdırılır. Əlaqələrimiz yüksək səviyyədədir və səmərəli inkişaf edir, əmtəə dövriyyəsi artır, beynəlxalq təşkilatlarda əməkdaşlıq həyata keçirilir”.
Lavrov bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə davam edəcək. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlara yardım etmək Rusiyanın xarici siyasətinin prioritet məsələlərindən biridir: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə davam edəcək. Moskva həm ikitərəfli kanallar, həm də Rusiyanın həmsədr olduğu ATƏT-in Minsk Qrupu vasitəsilə münaqişə üzrə qarşılıqlı məqbul razılaşmaların axtarışına köməyi fəal davam etdirəcək".
Rusiya və Azərbaycanın tərəfdaşlığı Cənubi Qafqaz regionunda sabitlik baxımından vacibdir
Lavrov qeyd edib ki, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığı ikitərəfli əməkdaşlıq və Cənubi Qafqaz regionunda sabitlik baxımından vacibdir. Onun sözlərinə görə, iki ölkənin iqtisadi əlaqələri inkişaf edir, əmtəə dövriyyəsi tarixi maksimuma çatıb və ötən illə müqayisədə 12 faiz artıb.
S.Lavrov qeyd edib ki, bu ildə də müsbət dinamika müşahidə edilir: "Rusiyanın bir çox regionları Azərbaycanla əlaqə saxlayır. Yekaterinqburqda VI Rusiya-Azərbaycan forumunun keçirilməsinə hazırlıq görülür".
"Dağlıq Qarabağ problemi artıq yetişib və onu həll etmək lazımdır"
Elmar Məmmədyarov isə bildirib ki, Dağlıq Qarabağ problemi artıq yetişib və onu həll etmək lazımdır. Onun sözlərinə görə, iki gün ərzində bu problemlə bağlı əhəmiyyətli müzakirələr aparılıb: "Bu məsələ ilə bağlı həmkarımın nitqində səslənən optimizm notlarını mən də bölüşürəm. Bu münaqişənin irəliləməsi üçün bütün imkanları detallı nəzərdən keçirmişik”.
S.Lavrov isə bildirib ki, münaqişənin çox uzanmasını heç kim inkar etmir və hamı razıdır ki, razılıq əldə etmək üçün real baza var, məsələ yalnız bu anlayışı saziş dilinə köçürməkdir: "Dünən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yanaşmaları bir neçə saat müzakirə etmişik. Tərəflərin bütün işləri hazırdır, həmsədrlər tərəflərin təkliflərini nəzərə alıb və mən danışıqlar prosesinə artan optimizmlə baxıram”.
Azərbaycan BMT TŞ-nin Dağlıq Qarabağ üzrə qətnamələrinin Riqa bəyannaməsinə daxil edilməsinə təkid edirdi
Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan tərəfi təkid edirdi ki, Riqa bəyannaməsi qəbul edilərkən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin rolu da qeyd edilsin. Həmin qətnamələrdə Ermənistan tərəfinə qarşı Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını çıxartmaq tələbi vurğulanır.
Nazir bildirib: "Avropalı tərəfdaşlarımız deyirdilər ki, bu, olduqca uzaq və ətraflıdır və biz digər münaqişələr üzrə də bu prosedurları keçirmək məcburiyyətində qalacağıq. Lakin biz son dəqiqəyədək təkid edirdik. Biz hətta dedik ki, ola bilsin, bu bəyannaməyə qoşulmayaq. O zaman kompromis variant üzərində razılaşdıq ki, müvafiq bəyanat verəcəyik və o, yekun bəyannaməyə əlavə ediləcək, orada vəziyyət BMT-nin 4 qətnaməsi nəzərə alınmaqla təsvir ediləcək”.
E.Məmmədyarov qeyd edib ki, Riqada qəbul edilən bəyannamə bütün tərəfdaş dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir, ATƏT-in Minsk qrupunun həmsədrlərinin rolunu vurğulayır: "Bəyannamə həmsədrlərin apardığı işi qeyd edir, münaqişənin nizamlanmasının beynəlxaq hüququn norma və prinsiplərinə əsaslanmalı olduğu ifadə edilən əvvəlki sənədlərə, bu formatda qəbul edilən sənəd və qərarlara istinad edir”.
Nazir əlavə edib ki, Azərbaycanın özü üçün seçdiyi kurs – Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlıq kursu - enerji, nəqliyyat və investisiya məzmunlu olmaqla bir çox parametrlərlə möhkəmlənib: "Azərbaycanın Brüsselə təqdim etdiyi sazişin mətni, ilk növbədə, bərabərhüquqılu və qarşılıqlı faydalı rol oynayır və biz bu çərçivədə həmin sazişi hazırlayacağıq”.
Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" ölkələri və Avropa İttifaqının mayın 21-22-də Riqada keçirilmiş sammitində bəyannamə qəbul edilib.