Vatikan yaxın vaxtda Fələstini tanıdığını təsdiqləyən razılaşma imzalamağa hazırlaşır və onunla bir dövlət kimi diplomatik əlaqələr qurar. Bunu Papa iqamətgahının mətbuat xidməti bəyan edib. Sənədin mətni üzərində işin başa çatdığı bildirilir.
İsrail bununla bağlı məyus olduğunu və belə bir qərarın sülh prosesinin yeridilməsinə xidmət etmədiyini bəyan edib.
Vatikanın bu bölgədə fəaliyyəti haqqında sazişin mətnində əvvəlki kimi sənədin Fələstin Azadlıq Təşkilatı nümayəndələri deyil, "Fələstin dövləti” nümayəndə heyəti tərəfindən qəbul olunduğu qeyd olunacaq.
Fələstinlilərlə Yaxın Şərqdəki münaqişənin həllini iki xalq üçün iki dövlət mövcud olmasında görən Vatikan arasında danışıqlar 20 il davam edib.
Müqavilə imzalandıqdan sonra Vatikan Fələstinlə rəsmi diplomatik münasibətlər quracaq.
"Bəli, bu, həmin dövlətin mövcud olmasının rəsmən tanınması deməkdir”, - jurnalistlərə Vatikan mətbuat xidmətinin başçısı Federico Lombardi deyib.
Vatikan Fələstin dövlətində vətəndaş haqları, eləcə də katolik kilsəyə məxsus mülkün müdafiə olunmasını istəyir.
New York Times-ın yazısına görə, Vatikan üçün çoxlu xristian ziyarətgahı yerləşən işğal olunmuş Fələstin ərazilərində maraqlarının qorunmasını çox vacibdir.
BBC-nin Roma müxbiri David Willey-nin sözlərinə görə, Roma Papası Francis Yaxın Şərqdə xristian dininin təsirini artırmağa, eləcə də radikal islamçıların təqibindən qaçmağa məcbur olan yüz minlərlə xristian ərəbləri müdafiə etməyə çalışır.
Vatikan Fələstin dövlətini tanıdığını elan etmiş ölkələr və beynəlxalq təşkilatların sırasına qatılıb. Ötən il Avropa Parlamenti əslində müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyən qətnamə qəbul edib.
Britaniya, İrlandiya Respublikası, İspaniya və Fransa qanunvericilik orqanları da Fələstinin tanınması lehinədirlər, lakin bu qərar həmin ölkə hökumətlərini bu məsələdə mövqelərini dəyişməyə məcbur etmir.
İsveç daha uzağa gedərək, Fələstini bir dövlət kimi tanıyıb.
Bu kimi addımlar İsrailin tənqidinə məruz qalıb. İsrail hesab edir ki, dövlətçiliyin tanınması səbəbindən fələstinlilər ərazilərin son statusunun müəyyən edilməsi üzrə yenidən sülh danışıqlarını başlamaqdan imtina edərlər.
Vatikanla İsrail arasında ayrıca danışıqlar da artıq 20 il davam edir, lakin tərəflər hələ hərtərəfli razılığa gəlməyib.
Bu həftənin sonunda prezident Mahmud Abbasın Roma Papası Francis-lə görüşü olacaq, bazar günü isə XIX əsrdə, Fələstinin Osmanlı İmperiyasının tərkib hissəsi olduğu dövrdə, yaşayan iki fələstinli rahibənin övliyalar sırasına keçirilməsi mərasimi baş verəcək.