“Cənubi Qafqaz və Balkan regionları arasında nəqliyyat bağlantısı bütün bölgə xalqları üçün faydalı ola bilər”. Bunu Prezident İlham Əliyev Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələsinə toxunarkən deyib.
Ölkə başçısının fikrincə, bu sahə araşdırılmalıdır: “Nəqliyyat sahəsində əməkdaşlığın bütün istiqamətləri geniş araşdırılmalıdır. Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini icra edib, onları başa çatdırıb, eyni zamanda, digər ölkələrdə nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı böyük sərmayə qoyur. Ona görə Cənubi Qafqaz və Balkan regionları arasında nəqliyyat bağlantısı da hesab edirəm ki, bütün bölgələrimizdə yaşayan xalqlar üçün faydalı ola bilər”.
“Bütün bunlar ölkəmizin tranzit əhəmiyyətini artırmaqla yanaşı, iqtisadi əlaqələrimizi daha da səciyyələndirəcək”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Aydın Hüseynov hesab edir ki, Balkan regionu ilə Cənubi Qafqaz arasında nəqliyyat əlaqəsinin qurulmasının perspektivi böyükdür: “Əvvəla, Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya səfəri zamanı iki ölkə arasında imzalanan müqavilələr mühüm əhəmiyyət kəsb edir. Bu, ölkələr arasında tərəfdaşlığın və əlaqələrin inkişafına töhvə verəcək. Bütün bunlar ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, Azərbaycanın logistik imkanlarını daha da genişlənəcək. Ən başlıcası, Uzaq Şərqdən Balkan regionuna və əks istiqamətdə yüklərin daşınmasına təkan verəcək. Nəzərə almaq lazımdır ki, Balkan regionun Avropanın tərkib hissəsidir və bir sıra yolların qovuşduğu məkandır. Həm də bəzi Balkan ölkələri Avropa İttifaqının üzvüdür. Azərbaycan bu məsələdə çox önəmli rol oynayacaq. Bunun başlıca səbəbi onunla bağlıdır ki, Azərbaycan Asiya ilə Avropa arasında həm də bir nəqliyyat habıdır. Nəinki Şərqdən Qərbə, həm də Şimaldan Cənuba daşınan yüklər Azərbaycan üzərindən keçir. O baxımdan Cənubi Qafqazla Balkan regionu arasında nəqliyyat əlaqəsinin yaradılması iqtisadi baxımdan səmərəli olacaq. Azərbaycanın Avropa üçün logistik önəmini, əhəmiyyətini daha da artıracaq. Azərbaycanın yaxşı mənada vasitəçi olaraq rolu daha da artacaq. Çünki ölkəmizin elə bir coğrafi mövqeyi var ki, bu, hərtərəfli əlaqələr qurmağa geniş imkanlar yaradır. O üzdən, bu imkanlardan maksimum istifadə etmək lazımdır. Bu zaman Çindən yüklər Orta Dəhliz vasitəsi ilə Azərbaycana, daha sonra Gürcüstan və Qara Dəniz vasitəsi ilə Balkan ölkələrinə daşınacaq. Həmçinin, Balkan regionu vasitəsi ilə Qərbi Avropaya yüklərin daşınması təmin ediləcək. Bütün bunlar Azərbaycanın tranzit əhəmiyyətini artırmaqla yanaşı, iqtisadi əlaqələrimizi daha da səciyyələndirəcək”.
Vidadi ORDAHALLI