Dünya birliyi, aparıcı dövlətlər və beynəlxalq təşkilatlar başa çatmaqda olan 2022-ci ildə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına böyük ümidlər bəsləyirdi.
Əvvəlcə Brüsselin, sonradan Vaşinqtonun aktiv şəkildə bu prosesə qoşulması ilə sülh gözləntiləri daha da artsa da, çox təəssüf ki, bu mühüm sənədi imzalamaq mümkün olmadı. Sülh prosesinin pozulması hamının gözləri önündə baş verdiyindən ermənilər dünya ictimai rəyini bu dəfə çaşdıra bilmədilər. İlk növbədə ermənilərin böyük ümidlər bəslədiyi ABŞ və Avropa İttifaqı sülh sazişinin imzalanmamasının əsas günahkarının Ermənistan Baş naziri olduğunu görmək məcburiyyətində qaldı.
Baxmayaraq ki, N.Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə, ABŞ-ın iştirakı ilə Vaşinqtonda keçirilən danışıqlarda özünü sülh istəyən lider kimi göstərməyə çalışmış və dünya ictimaiyyətində ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğuna inam yarada bilmişdi. Ancaq heç kimin gözləmədiyi halda ilin sonunda növbəti dəfə “erməni məkri” nümayiş etdirərək əldə olunan nailiyyətlərin üstündən xətt çəkdi və vasitəçiləri çıxılmaz vəziyyətdə qoydu.
Əslində, 2022-ci il gözlədiyimizdən də uğurlu başlamışdı. Brüssel danışıqlarında əldə olunan kiçik irəliləyişlər hər şeyin planlaşdırılan qrafik üzrə getdiyini və bu danışıqların sülh sazişi ilə nəticələnəcəyini göstərirdi. Praqada Makronun ciddi “dəstəyinə” baxmayaraq, Ermənistan lideri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan sənədə qol çəkmək məcburiyyətində qaldı. Ancaq sonuncu görüş ərəfəsində Rusiya prezidentinin “Valday təxribatı” onunçün suda boğulanın “saman çöpü” oldu. N.Paşinyan bu “saman çöpündən” yapışaraq sülh prosesini pozmaq istəyən V.Putinlə eyni cəbhəyə keçdi.
Bundan sonra onun Brüssel görüşü ərəfəsində səsləndirdiyi anlaşılmaz bəyanat - Makron yanımda olmasa danışıqlara gəlməyəcəyəm - bu mühüm tədbirin pozulması ilə nəticələndi.
Dünya bir daha gördü və əmin oldu ki, N.Paşinyan kimi avantürist siyasətçilərlə ciddi razılaşmalara getmək və onun icrasına nail olmaq nə qədər çətindir.
Öz qeyri-ciddi davranışı ilə Ermənistanın Baş naziri N.Paşinyan məsuliyyətsiz siyasətçi olduğunu başa çatmaqda olan 2022-ci ildə də hamıya sübut etməkdə davam etdi. Dünya birliyi bu davranışı çox böyük təəssüf hissi ilə müşahidə etdi. Ancaq müşahidə etmək kifayət deyil. N.Paşinyana ciddi “qulaqburması” verməyin vaxtı artıq çoxdan yetişib.
Abutalıb SƏMƏDOV