Ermənistanın Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyi Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Ermənistanın iddiasının təmin edilməsi və Azərbaycana qarşı müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı qərarını təqdim edib.
Qərarda deyilir ki, AİHM bu il dekabrın 21-də Azərbaycana qarşı müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı Ermənistan hökumətinin təqdim etdiyi iddianı öyrənib: “Qeyd edək ki, hazırda Azərbaycanın “Laçın dəhlizi”nə nəzarət məsələsi mübahisəlidir, o cümlədən Azərbaycanın 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən üzərinə götürdüyü öhdəliklər nəzərə alınmaqla, xüsusən “ bütün Laçın dəhlizi boyunca insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin etmək” və Avropa Konvensiyasından irəli gələn öhdəlikləri xatırladaraq, Avropa Məhkəməsi Məhkəmə Reqlamentinin 39-cu maddəsinə əsasən Azərbaycanı bütün yollarda məhdudiyyətləri götürməyə məcbur etmək qərarına gəlib. Ermənistanda tibbi yardıma ehtiyacı olan, ağır vəziyyətdə olan xəstələrin gediş-gəlişini, habelə yolda qalan evsiz və ya dolanışıq ehtiyacı olan insanların təhlükəsiz hərəkətini təmin etmək üçün zəruri və kifayət qədər tədbirlər görülməlidir”.
Belə görünür ki, erməni tərəfi Avropa Məhkəməsini də satın alıb. Məgər Azərbaycan Laçın yolunda xəstələrin, uşaqların yolunu kəsir?
“Avropa təsisatlarının çoxu erməni lobbisinə satılıb”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev Avropa Məhkəməsinin qərəzli qərarını bir sıra faktorlarla əlaqələndirdi: “Bu birinci dəfə deyil ki, Ermənistan belə gülünc və yalan iddalarla beynəlxalq təşkilatlara müraciət edir. Halbuki, Ermənistanın törətdiyi əməllərlə bağlı müraciətləri Azərbaycan etməlidir. Çünki Azərbaycan dünyada öz sözünə, imzasına sadiq dövlət kimi tanınıb və bütün beynəlxalq və ikitərəfli müqavilələrə ciddi riayət edir. Lakin bu sözləri Ermənistan haqda demək mümkün deyil. İrəvan həmişə imza atdığı, razılaşdığı məsələləri pozmağa çalışıb və heç birinə əməl etməyib. Son 30-35 ildə də həmişə belə olub. İndi də eyni vəziyyəti müşahidə edirik. Azərbaycan ictimaiyyəti, ekoloji təşkilatların üzvləri ermənilərin Qarabağda törətdiyi ekoloji terrora son qoyulması tələbilə Laçın yolunda keçirdiyi etiraz aksiyasını siyasiləşdirməyə çalışır və himanitar problem kimi qələmə verirlər. Halbuki, bu adi dinc aksiyadır və tələblər də həm beynəlxalq hüquqa, həm də məntiqə uyğundur. Real videokadrlar sübut edir ki, aksiyaçılar həmin yolda humanitar maşınların və şəxslərin hərəkətinə mane olmurlar. Bu halda hansısa uydurma humanitar problemdən danışmaq gülüncdür”.
Politoloqun sözlərinə görə, Azərbaycanın bu bölgəsində yaşayan ermənilər də bizim vətəndaşlarımızdır və bu dövlətin qanunlarına tabe olmalıdırlar: “Onların təhlükəsizliyinə və normal yaşayışına Azərbaycan Prezienti tərəfindən ən yüksək səviyyədə qarantiya verilib. Lakin görünən odur ki, Ermənistandan və Qərbdən idarə olunan bəzi qüvvələr orada münaqişə yaratmağa cəhdlər edirlər və bölgənin silahsızlaşdırılmasına imkan vermirlər. Faktiki olaraq, Ermənistan bəyannamədə razılaşdırılan məsələlərin heç birinə riayət etməyib - nə sərhədlər delimitasiya edilib, nə kommunikasiyalar açılıb, nə də silahlılar çıxarılıb. Sülh müqaviləsinin imzalanmasını hər vəchlə uzadırlar. Demək ki, sülh istəmirlər. Lakin öz əməllərini Azərbaycanın boynuna atmaq istəkləri baş tutmayacaq. Son 30 ildən çox müddətdə ermənilər Qarabağda dəhşətli ekoloji terror törədiblər - meşələrin dörddə biri məhv edilib, faydalı qazıntı yataqları vəhşicəsinə talanıb, su resursları çirkəndirilib və s. Ədalətdən, beynəlxalq hüquqdan dəm vuran bəzi dövlətlər, beynəlxalq təşkilatlar indiyədək ermənilərin bu terrorlarına göz yumublar, indi bunu dayandırmaq tələblərinə qarşı hansı əsasla etiraz edə bilərlər? Hesab edirəm ki, Azərbaycan diplomatiyası və qeyri-hökumət təşkilatları beynəlxalq arenada bu tələbləri daha sərt irəli sürməli və cinayət törədənlərin cəzalanmasını tələb etməlidirlər. Avropa təsisatlarının çoxu erməni lobbisinə satılıb”.
Vidadi ORDAHALLI