“Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir”. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda gördüyümüz belə sürətli inkişafı müasir dünyada çox az yerdə görmək olar. Azərbaycandakı inkişafın neft və qaza görə olmadığını qeyd edən Serbiya Prezidenti deyib: “Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırşlara yaxşı bələd olduğundan xəbər verir. Bu, yaxşı baxışa malik olan ölkə rəhbərliyi ilə necə fərq yarada bildiyinizdən xəbər verir. Prezident Əliyev özü ilə bir çoxlarımızın arasında və dünya miqyasında Azərbaycandan daha böyük həcmdə təbii ehtiyatlara və xammala malik ölkələr arasında olan fərqi göstərə bildi”.
Maraqlıdır, Vuçiçin səsləndirdiyi fikirlərdən çıxış edərək, Azərbaycanı uğurlarına görə ehtiyatları bizdən 10 dəfə çox olan hansı neft ölkələri ilə müqayisə etmək olar?
“Liviyanın neft ehtiyatları bizdən dəfələrlə çox, əhalisi müqayisədə 2 dəfə azdır, amma nəticə çox aşağıdır”
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov bununla bağlı bir sıra məsələlərə aydınlıq gətirdi: “Bəli, həqiqətən də bizdən neft ehtiyatları dəfələrlə böyük olan ölkələr var, amma onların bu sahədə uğurları çox aşağıdır. Həmin ölkələrdə çoxsaylı problemlər var. İslahatlar yox səviyyəsindədir. Əhalinin həyat səviyyəsi aşağıdır. Halbuki, həmin neft resursları ilə daha yaxşı nəticələr əldə etmək olardı. Məsələn, Liviyanın neft ehtiyatları bizdən dəfələrlə çox, əhalisi müqayisədə 2 dəfə azdır, amma nəticə çox aşağıdır. Halbuki, bu resurslarla əhalisi 4 milyon nəfər olan Liviyada əhalinin həyat səviyyəsini daha da artırmaq olardı. Ölkədə yoxsulluğu aradan qaldırmaq mümkün idi. Ancaq Liviyada əhalinin vəziyyəti səfil durumdadır. Ölkədə xarici sərmayə yox səviyyəsindədir. O cümlədən, Yaxın Şərq ölkəsi olan İraqla da müqayisə etmək olar. İraq neft eytiyatına görə dünyada 4-cü yerdədir. Trilyonlarla ton neft ehtiyatına malikdir. Bu kifayət qədər böyük rəqəmdir. Ancaq buna baxmayaraq, İraqda işsizlik, yoxsulluq, əsasən də korrupsiya tüğyan edir. Çoxsaylı belə ölkələrin adını çəkmək olar. Qonşu İranın həm neft, həm də qaz ehtiyatları Azərbaycandan dəfələrlə böyükdür. Üstəlik, digər təbii ehtiyatları var. Ancaq inkişaf səviyyəsi aşağıdır. O cümlədən, Afrikada bir sıra ölkələrin zəngin neft ehtiyatları var. Azərbaycanın ehtiyatları qat-qat az olsa da, bizdə inkişaf daha yüksəkdir. Üstəlik, ilbəil qeyri-neft sektorunun iqtisadiyyatda payı, yavaş da olsa, artır. Bütün bunlar onu göstərir ki, digər ölkələrlə müqayisədə Azərbaycanda neft pulları daha səmərəli istifadə edilir. Serbiya Prezidenti də bütün bunların fərqindədir”.
Vidadi ORDAHALLI